Nifrət haqqında... - Hümbət Həsənoğlu yazır

Nifrət haqqında... Hümbət Həsənoğlu yazır

Bu günlərdə sevgi haqqında status yazmışam. Etiraf edim ki, status ilkin variantda“ sevgi və nifrət “ adlanırdı. Belə olması düz idi, məntiq bunu istəyirdi. Qızıl gül haqqında yazan onun tikanları haqda da mütləq yazmalıdır.
Səhvimi düzəldirəm, mənə xoş olmasa da, nifrət haqqında da yazıram.
”Əksliklərin vəhdəti və mübarizəsi “
ümumdünya qanunu var.
Maqnitin müsbət qütbü varsa, mütləq mənfi qütbü də var və bunlar bir yerdə tam olurlar. Gecə və gündüz, işıq və qaranlıq , qadın və kişi, sevgi və nifrət...
Dünyada hər şeyin daxili hərəkətverici qüvvəsi və inkişafı bu qanunla şərtlənir və ziddiyyətsiz inkişaf olmur.
Gördüyünüz kimi sevgi varsa, nifrət də var və bunları bir birindən ayırmaq mümkün deyil.
Bir fransız filmində məhkəmədə boşanma səhnəsini göstərirlər. Cütlük bir- birilərinə sonsuz nifrətlərini bildirir. Vəkillərdən biri o birinə deyir;-görəsən bunlar arasında sevgi olub?
O birisi cavab verir: bunlar arasında sonsuz məhəbbət olmasaydı, bu sonsuz nifrət hardan doğa bilərdi ki?
Elə faransızlar demiş, se lya vi, yəni həyat belədir.
Nifrətlə bağlı üç sadə sual qoyaq.
Nifrət nədir, o niyə yaranır və nifrət yarananda nə etməli?
Əvvəldən deyim ki, böyük qrupların bir birinə dini, milli, irqi ədavət zəminində nifrətlərinə toxunmayacağam, amma vurğulayım ki, bəşəriyyət bu münasibətlərdəki “nifrət” sözünü politkorrekt “dözümsüzlük” sözü ilə əvəz edib və tolerantlıq prinsipi ilə birgəyaşama təbliğ olunur.
Qayıdıram sırf kişi- qadın və ya qadın- kişi münasibətlərinə.
Nifrət nədir?
Nifrət bir insanın digər insana olan son dərəcədə narazılıq,kəskin qıcıq,
dərin ikrah, qəzəb və hiddət hissidir.
Nifrətin səbəbi nədir?
Antik dövrlərdən bu günə kimi insanlar nifrətin kökündə nələrin durduğunu araşdırmağa çalışıblar. Yüzlərlə mülahizələr və nəzəriyyələr mövcuddur. Bax bu çoxluq göstərir ki, səbəb bəlli deyil. Ümumiyyətlə emosiyalara, təhtəlşüura, ruha( qəlbə) bağlı məsələlərdə insan təfəkkürü acizdir. Bu səbəbdən istənilən mülahizənin deyilmək hüququ var, elə mən də bu hüquqa söykənib yazımı davam edirəm.
İnsan( qadın, kişi) yaranılışdan ziddiyyətlər içindədir. Hər kişidə qadın hormanları və hər qadında kişi hormonları mövcuddur. Bu o deməkdir ki, hər normal kişi və normal qadının içində bir az qadın, bir az kişi var. İlk qadın kişinin qabırğasından yaradıldığından, kişi qadını özünə borclu sayır. Kişiləri qadın doğduğundan, qadınlar da kişiləri özlərinə borclu sayırlar. Təhtəlşüur səviyyəsində qarşılıqlı ittihamlar çoxdur. Və hər insan içindəki bu ziddiyətləri intuitiv hiss edir.Kişi və qadınların bədən və təfəkkür fərqləri də ziddiyyətləri artırır.
İnsanın içində olan hormonların miqdarı insanlarda maraqlı metamorfozlar yaradır. Ətrafda kişiləşmiş qadınları, qadınlaşmış kişiləri görürsünüz. Televizorda bunu gündəlik seyr də edirsiniz.
Qadınlar və kişilər arasında mövcud ziddiyyətlərdən doğan qarşılıqlı şübhə, inamsızlıq və aqressiya var. Aşağı siniflərdə oğlanların işi qızları incitməklə keçir. Oğlanlar qızlara simpatiyalarını ən yaxşı halda qızların başına kitab vurmaqla bildirirlər. Bir fikrimi vurğulamaq istəyirəm ki, əks cinslərin bir- birinə inamsızlığı təbii haldır. Ən yumşaq “inamsızlıq” sözünü seçməyimi mənim xarakterimə bağlayın. İt-pişik münasibətlərini də gözlərinizin önünə ala bilirsiniz.
Yaradan bu ziddiyyətli məxluqlardan uşaq almaq üçün bir sevgi mexanizmi düşünüb. Hormonlar vasitəsilə onlarda qarşılıqlı istək, heyranlıq yaradır, bu izdivaca xoş ləzzət də əlavə edib onları bir- birinə yaxınlaşdırır.
Cütlük sevgi dövründə ailə həyatı qurub dünyaya uşaq gətirirlər.
Sevgi, heyranlıq cütlüyün bir- birinin mənfi cəhətlərinə gözlərini bağlayır. “Sevgi kor olar məsələsi” də elə-belə yaranmayıb. Bəlli sevgi dövrü qurtarandan sonra hər iki tərəfin gözləri “ açılır” və əvvəl heyranlıqda görə bilmədiklərini görməyə başlayırlar.
Burada iki yol var.
Əgər tərəflərin tərbiyəsi, dünyagörüşü, təfəkkürləri kifayətdirsə, onlar olanları adekvat qəbul edir, qarşılıqlı hörmət və övladlara olan sevgi ilə ailələrini qoruyub saxlayır və rahat yaşayışlarını davam edirlər.
Digər yol qarşılıqlı ittihamlar, konfliktlərdir ki, bu da qarşılıqlı nifrət və boşanma ilə bitir.
Son zamanların bir tendensiyasını vurğulayım. Əvvəllər qadın maddi cəhətdən kişidən asılı idi və uşaqlarının, elə öz xətrinə də çox şeylərə dözməli olurdu. İndi çox qadınlar maddi cəhətdən özlərini və uşaqlarını təmin edə bildiklərindən dominant, yəni üstün rol oynamağa başlayıblar və bu fakt da müasir ailə münasibətlərinə özünəməxsus təsir edir.
Əgər nifrət hissin yaranıbsa, nə etməli? İlk əvvəl özünə qıraqdan baxmağı bacarmalısan. Başa düşməlisən ki, bu hiss təkcə sənə aid deyil, bu ümümən insanlığa xas bir hissdir. Bilməlisən ki, sən ideal olmadığın kimi, heç kim də ideal deyil. Hər kəsin çoxlu çatışmazlıqları var və əks tərəfin mənfi saydığın xüsusiyyətlərinə dözümlülük göstərməlisən.
Konfutsi deyib ki, sən nifrət edirsən, deməli sənə qalib gəliblər.
Başqa birisi deyib ki, kiməsə nifrət etmək, zəhər içib nifrət etdiyinin ölməsini gözləmək kimidir.
Kişi və qadın kompromisə getməyi bacarmalı, ailələrini qorumaq üçün səy göstırməlidirlər. Əlbəttə, mən xəyanət halını müzakirə etməyəcəyəm, hərçənd ki, burada da kompromis tapan insanların olduğuna inanıram.
Bir misal da, özünü qurban verdiyinə nifrət hissi yaranacağına hazır ol.
Artıq ailəni saxlamaq mümkün deyilsə, sevərək ayrıla bilmək bacarığı idealdır. Hörmət saxlayaraq ayrılmaq da alqışlanan haldır.
Yadda saxlamaq lazımdır ki, sevgi və nifrət hissi ilə yanaşı insana ağıl da verilib ki, hisslərini idarə edə bilsin, bu çox çətin olsa da belə!
Sevgi və nifrət ziddiyyət təşkil etdiyindən, yəqin mənim də yazım ziddiyyətli alındı.
Bu yazımı oxuyub silmək istədim, sonra düşündüm ki, bu yazımı oxuyub bircə insan nifrətini qısa zaman ərzində belə boğa bilsə, əziyyətimi hədər saymaram.
Hamıya uğurlar!
Hümbət Həsənoğlu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !