Neft mədənləri üçün yeni nəsil texnologiyaların işlənməsi qrant layihəsi üzrə uğurlu nəticələr əldə edilib -

Neft mədənləri üçün yeni nəsil texnologiyaların işlənməsi qrant layihəsi üzrə uğurlu nəticələr əldə edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev institutun Elmi şurasının onlayn iclasında çıxış edib. O, SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində görülən işlər haqqında məlumat verib.

Alim bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün neft-qaz sənayesində maşın təlimi metodlarının tətbiqi problemlərinin müasir vəziyyəti tədqiq olunmuş və “Neft-qaz 4.0” üçün konseptual rəqəmsal əkiz modeli təklif edilmişdir.

Aparılan tədqiqatlar nəticəsində, həmçinin geoloji modellərin adaptasiyası üçün dərin neyron şəbəkə arxitekturaları işlənmiş, lay, süxur və mayeni xarakterizə edən parametrlər əsasında neft yataqlarının neftvermə əmsalını proqnozlaşdırmaq üçün qərar ağacları üzərində qradiyent bustinqi metodları tətbiq edilmişdir.

“Quyu karotajı verilənlərinin analizi üçün maşın təlimi metodlarının, eləcə də neft quyularında geoloji-texniki tədbirlərin tövsiyə edilməsi sistemi üçün presedentlər nəzəriyyəsi və maşın təlimi əsasında metod və alqoritmlərin işlənməsi elmi-tədqiqat layihəsi çərçivəsində görülmüş işlər sırasındadır”, - deyə alim əlavə edib.

Y.İmamverdiyev tədqiqat nəticələrinin 8 konfransda müzakirə olunuduğunu, 10 məqalənin nüfuzlu jurnallara təqdim edildiyini diqqətə çatdırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !