Dövlət gənclər siyasətində tələbə gənclərin yeri və rolu -

Dövlət gənclər siyasətində tələbə gənclərin yeri və rolu

Gənclər hər bir millətin yaşaması, çağdaş və gələcək inkişafı üçün potensial qüvvə, hər bir dövlətin gələcək özülü, cəmiyyətin düşünən beyni və insan kapitalının mühüm tərkib hissəsidir. Hər bir xalqın var olması və gələcək inkişafını təmin etməsi üçün onun sağlam və savadlı, tərəqqipərvər və güclü gəncliyinin olması vacibdir. Ölkədə dövlətçiliyin daha da möhkəmləndirilməsində, cəmiyyətdə demokratik baxışların bərqərar olmasında, bütün sahələrdə inkişaf və tərəqqinin  etibarlı təminatında savadlı, bilikli, intellektual səviyyəli gəncliyin rolu danılmazdır. Əhalisinin yarıdan çoxunu gənclər təşkil edən ölkəmizdə dövlətin uğurla həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına təkan vermiş, savadlı gənclərin dövlət quruculuğuna fəal cəlb edilməsində, onların cəmiyyətdə özlərini təsdiq etməsində müstəsna rol oynamışdır.


Ölkəmizdə gənclər siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu vəzifənin icrası məqsədi ilə 1994-cü il iyulun 26-da müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirilməsində mühüm rol oynayan dövlət qurumu - Gənclər və İdman Nazirliyi yaradılmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafının, təhsili və peşə yönümünün, mütəşəkkil formada yetişdirilməsinin, dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi, gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində lazımi tədbirlər görülmüş, müxtəlif dövlət proqramları hazırlanmış və uğurla həyata keçirilmişdir.


1996-cı il fevralın 2-də Azərbaycan  gənclərinin Birinci Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik bir hadisə idi. Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduqlarını göstərmiş və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. Müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, 1997-ci ildə Ulu Öndərin təşəbbüsü ilə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, müvafiq dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" Fərman və genişmiqyaslı fəaliyyət proqramının təsdiq edilməsi dahi şəxsiyyət və müdrik siyasi xadim Heydər Əliyevin rəhbərlik etdiyi ölkənin gənclərinə göstərdiyi xüsusi qayğının təzahürü idi.


Ümummilli Liderin uzaqgörənliyi və iradəsi sayəsində gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılması təmin edildi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların fərdi qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir.


Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı geniş məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, mədəniyyət, incəsənət, idman və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması və gənclərə dövlət qayğısının artırılması məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”  və 2017-ci il sentyabrın 15-də "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramını təsdiq etdi. Bu rəsmi dövlət sənədlərinin əsas məqsədi respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdən, bu istiqamətdə yeni çağırışları və perspektivləri müəyyən etməkdən ibarət olmuşdur.


Bu gün uğurla inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq qüdrətini artıran dövlətimizin qarşısında hər bir vətəndaş üçün açıq görünən hədəflər durur. Son illərdə ölkədə aparılan kadr islahatları, gənc kadrların dövlət strukturlarında məsuliyyətli vəzifələrə təyinatı müasir dövrdə ölkəmizdə dərin bilikli və yüksək bacarıqlı gənc kadrlar korpusunun formalaşmasında, əsasən xaricdə təhsil almış və ya təcrübə keçmiş gəncləri cəlb etməklə idarəçilik sistemində beynəlxalq təcrübənin öyrənilməsi və innovativliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkənin kadr potensialında aparılan gəncləşmə siyasəti bu gün bir çox sahələrdə oduğu kimi, təhsil sahəsində də öz bəhrəsini verməkdədir. Ali təhsil almış gənclərə göstərilən yüksək etimad müxtəlif ixtisaslar üzrə elmi biliklərə yiyələnən tələbələrin stimullaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir. Belə ki, ali təhsil ocaqlarında bilik və bacarıqlara yiyələnmiş, ictimai fəaliyyəti ilə seçilmiş gənc kadrların irəli çəkilməsini müşahidə edən tələbələrdə seçdikləri ixtisas üzrə təhsil almağa həvəslə yanaşı, öz şəxsi potensiallarının, bilik, bacarıq və qabiliyyətlərinin dövlət tərəfindən layiqincə dəyərləndiriləcəyinə inam oyanır. Məhz bu amil hər bir gəncin dövlətə sadiq vətəndaş kimi formalaşmasını təmin edən, onun radikal müxalif qüvvələrin, missioner təşkilatların, dini ekstremistlərin təsiri altına düşməsinin qarşısını alan mühüm şərtdir.


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il Azərbyacanda “Könüllülər ili” elan edilmişdir. Xalqımızın əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız köməklik kimi nəcib ənənələri yaşatdığını nəzərə almaqla, bu ənənələri gənc nəslə aşılamaqla verilən bu qərar könüllülük fəaliyyətinin daha geniş təşviqi məqsədini daşıyır. Bu gün tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəallığının artırılmasına, hərtərəfli stimullaşdırılmasına yönəlmiş dövlət dəstəyi tələbə-gənclərin bu sahəyə marağını davamlı olaraq yüksəltməkdədir.
2019-ci idə 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universiteti (BDU) də bu gün dövlətin uğurla həyata keçirdiyi gənclər siyasətinin gerçəkləşməsinə, könüllülük fəaliyyətinin genişlənməsinə öz töhfəsini verməkdədir. Ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BDU-da rektor Elçin Babayevin təşəbbüsü ilə Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılmışdır ki, bu da universitetin tələbə gənclərinin xalqına sevgi və dövlətinə sadiqliklə yanaşan vətəndaşlar kimi formalaşmaları, bilikli və bacarıqlı kadrlar kimi yetişmələri, milli ruhda tərbiyə almaları, istedad və qabiliyyətlərinin üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili baxımından atılan növbəti önəmli addımdır.
Bu gün 24 mindən artıq tələbə kontingentinə malik olan qocaman universitetin əsas hədəfinin ölkəmiz və dövlətimiz üçün yüksəkixtisaslı kadr hazırlığı olduğunu nəzərə alaraq, müxtəlif növ tədbirlərin, o cümlədən tələbələrin təşkilatçılığı və iştirakı ilə dövlət və milli bayramların, yubiley və əlamətdar günlərin qeyd edilməsi, elmi və mədəni-kütləvi tədbirlərin, bilik yarışmaları və müsabiqələrin, sərgi və təqdimatların təşkili, tanınmış elm və mədəniyyət xadimləri, görkəmli ziyalılarla mütəmadi görüşlər və yaradıcılıq gecələrinin keçirilməsi, mədəni və tarixi yerlərə ekskursiyaların, xeyriyyə tədbirlərinin təşkili, gənclər arasında sosioloji sorğuların keçirilməsi, tələbə klubları və yaradıcılıq dərnəklərinin yaradılması, digər ali məktəblərdə təhsil alan tələbələrlə dostluq əlaqələrinin qurulması, digər maarifləndirici tədbirlərin təşkili və keçirilməsi planlaşdırılır. Şöbə Azərbaycanda dövlət gənclər siyasətinin universitet hüdudlarında uğurla həyata keçirilməsində fəal iştirak etmək, təlim-tərbiyə işinin təşkilində universitet rəhbərliyi və professor-müəllim heyətinə yardımçı olmaq əzmindədir.

 

Ramin Səmədov,
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !