Paytaxtın elit otelləri COVİD-19 xəstələrini müalicə edən həkimlərin xidmətindədir - - FOTO

Paytaxtın elit otelləri COVİD-19 xəstələrini müalicə edən həkimlərin xidmətindədir - FOTO

Mərkəzi Gömrük Hospitalının bütün kollektivi iyun ayının 11-dən başlayaraq, COVİD-19 xəstələrinin müalicəsinə səfərbər olub. Hospitalın yüksəkixtisaslı, peşəkar həkimləri və tibb işçiləri gücləndirilmiş iş rejimində işləyərək, koronavirus infeksiyasına yoluxmuş xəstələri qəbul edib onların sağalması üçün əllərindən gələni edirlər. Bu gün həkimlərimiz COVİD-19 ilə mübarizənin ön cəbhəsindədirlər. Onlar həyatlarını təhlükə altına alaraq, yoluxmuş insanlarla daim təmasdadırlar.


Qəhrəman həkimlərimiz doğmalarından uzaq düşərək, evlərinə getmədən, növbə ilə 14 gün koronavirus xəstələrini müalicə edir, iş günü bitdikdə isə onlar üçün ayrılmış otellərdə qalırlar. Bu, onların öz ailə üzvlərini yoluxdurmaması üçün başlıca və vacib şərtdir.


Tibb işçilərinin doğmalarını təhlükəli virusdan qorumaq üçün onların paytaxt otellərində yerləşdirilməsinə qərar verilib. Həkimlər bununla həm də yola qənaət edirlər, belə ki, ağır xəstələri sutkalarla müalicə edən həkimlər üçün bu, çox önəmlidir.


Paytaxtın rahat otelləri bu günlərdə ağ xalatlı qonaqların sərəncamındadır. Bakının mərkəzində, Mərkəzi Gömrük Hospitalının yaxınlığında yerləşən və gözəlliyi, rahatlığı ilə seçilən dörd ulduzlu “Qafqaz Baku City Hotel” və beş ulduzlu “Qafqaz Point Boutique Hotel” artıq 2 aya yaxındır ki, Hospitalın həkimlərinə təmənnasız olaraq xidmət göstərir. Burada onların rahatlığı və ağır iş günündən sonra istirahət etməsi üçün hər cür şərait yaradılıb. “Qafqaz Baku City Hotel”in və “Qafqaz Point Boutique Hotel”in məsul şəxsləri: Murad Cəfərov və   Muxtar Məmmədov, işçi heyətləri həkimlərə və tibb işçilərinə yüksək keyfiyyətli xidmət göstərirlər.


Otellərdə qalan tibb personalı üçün qidalanma da daxil olmaqla, bütün zəruri olan şərait var. Bu otellərdə işləyən nəzakətli və gülərüzlü personal həkimlərimizi lazım olan hər bir şeylə maksimum dərəcədə təmin etməyə çalışır. Səhər saat 8.00-da oteldən çıxaraq işə gedənhəkimlərə səhər yeməyini vaxtında çatdırmaq üçün otel işçiləri səhər saat 6.00-dan iş başındadırlar.


Mərkəzi Gömrük Hospitalının bütün kollektivi bu ağır günlərdə həkimlərimizi və tibb işçilərini təmənnasız olaraq qəbul edən və yüksək xidmət göstərən otel rəhbərlərinə və onların işçilərinə dərin minnətdarlığını bildirir və bu xeyirxah işdə onlara uğurlar diləyir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !