Kirayə ev ( hekayə) - Hümbət Həsənoğlu yazır

Kirayə ev ( hekayə) Hümbət Həsənoğlu yazır

Krasnoqorsk Moskva vilayətinin iri şəhərlərindən biridir. Burada yerləşən mərkəzi hospitala bir aylıq məzuniyyətə gəlmişdim. Elə bir aylıq da kirayə qalmaq üçün əlimdə ünvan yazılmış kağızla bir binay daxıl oldum. Qapıdakı nömrələrə baxa - baxa yuxarı qalxırdım ki, bir qapıdan “ kömək edin” səsi eşitdim. İlk olaraq ağlıma gələn ər- arvad davası oldu, yolumu davam etmək istəyəndə səs təkrar olundu və mən səsdə bir vahimə duydum.
Qapını döydüm, soruşdum ki, -nə olub? Qadın məni eşitdi, yəqin, çünki daha ucadan qışqırdı ki,-qapını sındırın, gəlin, tez olun!
Heç nə anlamırdım, qadın qapını niyə açmır ki? Onu kimsə tutub saxlayıb?
Qadın artıq yalvarırdı. Bəxtimdən qapı taxtadan idi, Sovet vaxtı çox qapılar taxtadan idi. Ayağımı qapının kilid olan hissəsinə tuşlayıb elə birinci təpiklə qapını açdım.İdman gəncliyimi xoş xatırladım.
İçəri girəndə gördüyüm mənzərəyə inanmaq istəmədim, çünki bu inanılmaz idi. Cavan bir xanımın iki ayağına nəhəng bir ilan sarılmışdı. Yalnız zooparkda və televizorda gördüyüm piton ilanı mənə əjdaha təsiri bağışlayırdı. Uzunluğu 4-5 metr rahat olardı. İlanın yoğun gövdəsi vahiməli idi. Mən iri şəhərin ortasında, adi beşmərtəbəli binada idim, Afrika cəngəlliklərində yox.
Qaçmaq fikrimin olmadığına zəmanət vermirəm. Ağlıma ilk gələn o oldu ki, mən ilanın quyruğundan tutub onu qızdan aralamağa çalışım. Belə də etməyə başladım.
Qorxu içərisində olan qız mənə dedi ki, əri bioloqdur, ilanı evdə saxlayır, hal hazırda Kolumbiyaya bir aylıq elmi ezamiyyətə gedib.
Düşündüm ki, tibb institutuna biologiyadan uğurlu imtahan vermiş hər kəs bioloq sayıla bilər. Mən özümü belələrindən biri sayırdım.
Uşaqlıqdan ilandan zəhləm getdiyindən onlar haqda da çox oxumuşdum. Oxuyandan sonra onlar haqda fikrim müsbətə dəyişsə də, uşaqlıqdan onlara olan qorxu hofum içimdə qalmışdı.
İlanı qadının da boş olan əllərinin köməyi ilə aralamaq cəhdlərimiz uğursuzluqla nəticələnirdi. Bizim buna sadəcə gücümüz catmırdı. Piton elə özü boyda əzələdən ibarət idi.
Xanım ilanın mehriban olduğunu tez- tez vurğulayırdı və onun aqressiyasını başa düşmədiyini deyirdi. Bakıda Bərbərovlar ailəsinin evlərində şir saxladıqları yadıma düşdü. Şir sonda öz yiyələrini parçalamışdı. Bu xatirə məni sakitləşdirmədi, əksinə!
Vəziyyət kritikləşirdi. İlan artıq növbəti halqasını qızın belinə atırdı. Qadına dedim ki, uzanıb başını boynuna sıxsın.
Pitonun ov etmək qaydası çox sadədir. O, əzələli bədəni ilə şikarını sıxıb əzir və sonradan baş nahiyyəsindən şikarını udmağa başlayır. Əslində o şikarını udmur, özünü corab kimi şikarına geydirir.
Mənim bu biliklərimin xeyri olmaya bilirdi və mənim gözümün qabağında piton öz işini tələsmədən, peşəkarcasına yerinə yetirirdi. Anidən beynimdə plan yarandı. Belə ilanların zəhərli olmadıqlarını dəqiq bilirdim, bu səbəbdən onun başından çəkinməmək qərarına gəldim. İndi bütün fikrimi ilanın başına yönəltdim. Pencəyimi çıxarıb sol əlimi yumruqlayıb ilanın ağzına yaxınlaşdırdım. İlan başını yana edirdi, hiss olunurdu ki, bu hərəkətlərim onun xoşuna gəlmirdi. Mən onu gözəl ovundan yayındırdığımın fərqində idim. Qadın ayaqlarının bərk ağrıdığını deyirdi, əjdahanın bədəni öz qara işini görməkdə davam edirdi. Mən daha da cəsarətlənib yumruğumu ilanın ağzına israrla yaxınlaşdırırdım.
İlan mənim ölçülərimə gözucu baxıb, görünür şikar kimi məni müsbət qiymətləndirdi, çünki növbəti an o yumruğumu ağzına aldı. Pitonun nəm ağzını yumruğumla hiss etdim. İlan yavaş- yavaş qolumu udmağa başladı, biləyimi keçəndə o qadına olan təzyiqi azaltmağa başladı, bunu mənə qadın dedi. Qadın bu boşalmadan istifadə edib özünü azad etməyi bacardı, ilanın fikri indi yalnız məndə idi. Nəhəng piton azad etdiyi bədəni ilə mənim ayağıma sarılırdı.
Qadının azad olub aradan çıxacağını gözümün önünə alsam da, o bunu etmədi. Rus qadınlarının cəsurluğunun çox dəfə şahidi olmuşam. Ayaqlarını ovuşdura-ovuşdura xanım məndən soruşdu:- indi nə edək?!
Dedim: - get mətbəxdən ən iri və ən iti bıçağı gətir, bizim, daha doğrusu mənim yeganə xilasım pitonun başını kəsməkdən keçir.
O, - “ərim məni öldürəcək” sözləri ilə mətbəxə getdi. İlanın ağzı artıq mənim dirsəyimə yaxınlaşırdı.
Xanım mətbəxdən iki iri bıçaqla qayıtdı. Bıçağın nisbətən irisini mən götürdüm. Əlimə bıçağı alan kimi cərrah instinktim oyandı. Yumruğumu ilanın ağzında təxmin etdiyim yerdən bir az qabaq mən bıçaqla ilanın gövdəsinə dərin zərbələr vurmağa başladım. Birinci zərbədən sonra ilan halqalarını mənim bədənimə atmaq istədi, qız onu qabaqlayıb ayağını irəli verdi, ilan növbə ilə gah qızın ayağına, gah da mənə sarılırdı. Qız da qışqıraraq əlindəki bıçaqla mən vurduğum yerə yaxın hissələrə zərbələr endirməyə başladı. Hər ikimiz ilanın yaralarından çıxan qanın içində idik. Mən dayanmadan eyni yerə zərbələr vururdum. İlan quyruğu ilə mənə zərbələr vurmaq istəyəndə qız özünü ilanın bədənini üstünə yıxdı. Son gücümü toplayıb kəsici hərəkətlərlə ilanın başını kəsdim. Mən taqətsiz uzandım. İlanın bədəni başından ayrılsa da, o, məni sıxmaqda davam edirdi.
Mən daha müqavimət göstərmirdim. Qız ilanım quyruğundan tutub tədricən onu məndən aralamağa çalışırdı.
Alekseyin paltarını geyib ev sahibəsilə mətbəxdə çay içəndə otaqda ilanın bədəninin hələ də hərəkətdə olduğunu eşidirdik.
Mən kirayə ev götürmək fikrindən də vaz keçdim, xilaskarın indi çox imtiyazları vardı.
Hümbət Həsənoğlu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !