SÖNMÜŞ ULDUZUN SƏSSİZ GEDİŞİ - Rafael Hüseynov FOTO=7

SÖNMÜŞ ULDUZUN SƏSSİZ GEDİŞİ Rafael Hüseynov FOTO=7

Növbəti yay səhəri – avqustun 8-i mənimçün kədərli xəbərlə başlandı.
Bəstəkar, müğənni dostum Rizvan Sədirxanov zəng vurmuşdu və həmin acı sorağı çatdırdı.
Bu elə xəbər idi ki, onu bir cümləylə ifadə etmək olardı: “Azərbaycan xalqına çox ağır itki üz verib”.
Bəli, sadəcə ağır deyil, son dərəcə ağır itki!
Amma xalqın bundan xəbəri yox.
Yazıq xalqın nə təqsiri!
Gərək DƏYƏRLƏRi xalqa tanıdasan ki, o da hansı sərvətin sahibi olduğunu bilsin!
Tanımadığının, yetərincə bələd olmadığının qədrini hardan biləsən?!
Vətəndən uzaqlarda, İtaliyada kimsəsiz halda müğənni Eldar Əliyev vəfat edib.
Sadəcə müğənni yox, böyük müğənni Eldar Əliyev!
Bir sənətkarın adı qarşısında “böyük”, “görkəmli”, “dahi”, “parlaq” kəlmələrinin adicə təşbih kimi işlədilməsinə adət etmişik.
Lakin bu dəyərləndirmələrdən hər birinin öz mühüm məna yükü və çəkisi var ki, əslində hər yetənə, lap yaxşı sayılan sənətkara da şamil edilə bilməz.
Xalis peşəkarlar, əsl mütəxəssislər, zəngin biliklərinin səviyyəsi ilə seçilənlər belə qiymətləri verə bilər və məhz onların dilindən səslənəndə bu təyinlər gerçək tutumunu qazanır.
Maestro Franko Korelli (1921–2003) adı yalnız vətəni İtaliyanın deyil, dünyanın vokal sənəti tarixində həmişə yaşayacaq müstəsna sənətkarlardan idi, 28 il "Metropoliten opera"nın solisti olmuşdu, 1950, 60, 70-ci illərdə onun məlahətli səsi “La Skala”nın, “Kovent Qarden”in, Avropa və Şimali Amerikanın ən məşhur opera teatrlarının səhnələrindən ucalaraq insanları məftun etmişdi.
Səhnədən ayrılandan sonra da Korelli fəal musiq həyatını davam etdirirdi və həm bir ustad, həm də yüksək səviyyəli vokal müsabiqələrinin təşkilatçısı kimi töhfələrini verirdi.
1998-ci ildə Franko Korelli ona doğma olan “La Skala”da Motsartın “Sehrli fleyta” operasını növbəti dəfə seyr edəndən sonra digər məşhur maestro, bacısı oğlu Maurisioya zəng vurur ki, bu axşam dahini dinləmişəm.
Korellinin “baso russo” kimi təqdim etdiyi, “dahi” adlandırdığı, “Sehrli fleyta”da Zarastranı ifa etmiş həmin müğənnini – Eldar Əliyevisə Maurisio yaxşı tanıyırdı və dərhal dayısına anladır ki, o, rus yox, azərbaycanlıdır.
Sıradan olan bir opera həvəskarının yox, tükü-tükdən seçən, dünyanın bir nömrəlilərindən olan Franko Korellinin ilk dəfə eşidincə verdiyi “dahi” qiyməti çox şey demirmi?!
Eldar Əliyevin İtaliyaya gedib çıxmasının səbəbkarlarından biri Rizvan Sədirxanov olmuşdu.
1992-ci ildə İtaliyada, Ozimo Musiqi Akademiyasında təhsil alaraq Vətənə qayıdan ilk azərbaycanlı olan Rizvan orada qazandığı hörmət və etimaddan nəcib bir məqsəd üçün istigadə edir.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının rektoru) Fərhad Bədəlbəyli ilə məsləhətləşdikdən sonra Opera Studiyasında elan asırlar ki, İtaliyaya təhsil almağa göndərilmək üçün seçim ediləcək.
60-70 nəfər gənc ifaçını Fərhad Bədəlbəyli, Ramiz Məlikaslanov, Rizvan Sədirxanov dinləyirlər və qulaq asdıqlarından dördünü ən yaxşı sayırlar: Eldar Əliyev, Nərgiz Kərimova, Adil Axundov, Emil Əliyev.
(Rizvanın bu yaxşılığını, ilk xeyirxah yolaçanı olmasını Eldar unutmurdu və 2000-ci il oktyabrın 6-da Bakıda çıxan «Неделя» qəzetində dərc edilən müsahibəsində minnətdarlıqla xatırlayırdı).
İşıq gurdursa, o harda olur olsun mütləq görünəcək, nəzərləri cəlb edəcək.
Ozimoda təhsil aldığı vaxtlarda Eldar bir-birinin ardınca qatıldığı neçə müsabiqənin qalibi çıxır.
İştirak etsiyi növbəti bir müsabiqədə isə bəxti lap gətirir.
Bu dəfəki təltif nə böyük məbləğdə pul idi, nə hansısa medal.
Bu dəfə onun qismətinə az-az ifaçıya nəsib olan uğur düşmüşdü.
Oazandığı mükafat qeyri-adi və istənilən başqa təltiflərdən qat-qat faydalı olan priz idi – “La Skala” teatrında təcrübəkeçən olmaq!
Rizvan bunu da söyləyir ki, 2001-ci il idi, Fərhad Bədəlbəyliylə Milanda idik, Maurisio ilə həyat yoldaşı, şairə Silvano Parini də yanımızda idi.
...“La Skala”nın əsas tamaşalarının və aparıcı ifaçılarının rəsmi afişasını görəndə Fərhadın gözləri yaşarır.
Dünyanın ən aparıcı opera teatrlarından və sənət məbədlərindən hesab edilən “La Skala”nın rəsmi afişasında ən başda ən seçmə ifaçıların adları gəlirdi: Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni və Eldar Əliyev.
Azərbaycanlı Eldar Əliyev!
“La- Skala”nın rəsmi solistləri cərgəsinə qoşulan ilk Azərbaycan müğənnisi.
Fərhad fərəhindən, duyduğu sonsuz qürurdan necə qəhərlənməyəydi?!.
Maurisio Fərhadın həyəcanını, doluxsunduğunu görüncə canıyananlıqla Rizvandan soruşur: “Nəsə itkisi varmı, kimisə vəfat edibmi dostumuzun?”.
Rizvan cavab verir ki, Fərhadı riqqətə gətirən Eldarın adının belə zirvə sənətkarlarla bir cərgədə olmasıdır...
Rizvan Ozimo Akademiyasında necə xoş təəssürat qoyubsa, orada təhsil alarkən qələbələr qazandığı müsabiqələrdə istedadının və ünsiyyətlər əsnasında insanlığının bütün çalarları ilə necə yadda qalıbsa, bugünədək həmin şöhrətli vokal ocağının sevimlilərindəndir.
Danışır ki, bir dəfə Ozimo Akademiyasının direktoru Venanso Sarbini ilə kafedə əyləşib söhbət edirdik. Yaxınlıqda müxtəlif not kitabları satılan yaxşı bir musiqi mağazası vardı. Venansoya dedim ki, mənə göstərdiyiniz bütün diqqətlərə görə sizə bir hədiyyə vermək istəyirəm. Hansı klavirləri istəyirsinizsə söyləyin, bu dəqiqə alım gəlim.
Venansio gülümsünür: “Mənə ikinci Eldarı ver, ən gözəl hədiyyə bu olar!”.
Hələ 2000-ci il sentyabrın 18-də, Bakıda Vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində, 14 ölkədən 79 ifaçının qatıldığı mötəbər sənət yarışmasının laureatları sırasında yer alan Eldar Əliyevin ifasına heyrətini gizlətməyən münsiflər heyətinin sədri, 32 il Böyük Teatrın solisti olmuş görkəmli sənətkar, SSRİ xalq artisti İrina Arxipova azərbaycanlı müğənninin digərlərindən kəskin səviyyə fərqini nəzərə alaraq onun bu müsabiqədə iştirakına iradını da ifadə etmişdi: "Bu nə dərəcədə düzdür? Axı Eldar dünya səviyyəli müğənnidir, "La Skala"nın solistidir"
Fərhad Bədəlbəylinin cavabı ləngiməmişdi: "İrina Konstantinovna, Eldarın bu müsabiqədə iştirakı bütün şərtlərimizə tam uyğundur. Axı onun cəmi 24 yaşı var!".
İrina Arxipova elə müsabiqə başlanınca, birinci turdaca Eldarla düşünüşmüş, onu ikinci tura bburaxmaq istəməmişdi. İş ondadır ki, qəbul olunmuş qaydalara görə Eldar Əliyev də digər müsabiqə iştirakçıları kimi səhnəyə frakda çıxmalı idi.
Lakin o, yetərincə sərbəst geyimdə, köynəkdə, özü də dirsəyədəkqolu çırmalanmış halda çıxır.
Birtəhər xanımı yola gətirirlər ki, növbəti turadək səbr eləsin.
Cəfər Cabbarlıyla Asəf Zeynallının Vətən Himni siqlətli “Ölkəm” romansını ilk oxuyan Bülbül olub. Elə füsünkar bir gözəllikdə ifa edib ki, bu gün də dinləyəndə ürəklərimiz riqqətə gəlir.
Sonralarsa çox vokalçılarımız bu nusiqi incimizə üz tutublar.
İkinci tur başlanır, Eldar “Ölkəm”dən başlayır.
Eldardan incik, ona əmma qoymağa fürsət arayan İrina Arxipova böyük müğənni idi və gənc ifaçının götürdüyü ilk nptlardan sonra istər-istəməz gülümsünür. Bu səsin qələbəsi idi! Ardınca Eldar Cüzeppe Verdinin “Atilla”sından Hun hökmdarının ariyasını oxuyur, sonra Sergey Raxmaninovun “Alekoko”sundan Qocanın, dalınca da Volfqanq Amadeo Motsartın “Don Juan”ından Filipp “Don Juan”ın ariyasını...
Sərt münsif kimi müsabiqə qaydalarına qətiyyyən uyğun gəlməyən sürəkli alqışlara, qucaq-qucaq çiçək dəstələrinə etiraz etməli olan İrina Arxipova bütün bunları sadəcə məmnun təbəssümlə izləyir.
Ömrü boyu gözəllik yaratmış ustad sənətkar gözəllik qarşısında başqa cür rəftar edə bilərdimi?
Bütün bunlar Eldar Əliyev səsi və sənətinə ali peşəkarların verdiyi qiymətlərdir.
Amma onun ən sıravi dinləyicilərindən olan bir nəfərin də dəyərləndirməsi mahiyyətcə eyni heyranlığı çatdırır.
Hər ikisi "La Skala" Akademiyasının məzunları olan, hər ikisi də artıq bu əfsanəvi teatrın səhnəsində dönə-dönə çıxış etmiş istedadlı gənc vokalçılarımız Məhərrəm Hüseynov və Azər Rzazadə söyləyirlər bunu.
Əhvalat baş verib 2014-cü ildə.
O vaxt Məhərrəm Ozimodakı Musiqi Akademiyasında təhsil alırmış, Azər "La Skala" Akademiyasına daxil olmaq ərəfəsindəymiş.
Bir həftə sonra Bakıya uçacaqlarmış, qət edirlər ki, bir neçə günü Milanı gəzib-dolansınlar. Fürsətkən "La Skala"da bir tamaşaya da baxmaq istəyirlər. Kassalarda biletlər çoxdan satılıb qurtarıbmış. Ümid, adətən teatrın həndəvərində var-gəl edən bilet alverçilərinə qalıbmış. Hərəkətindən elə gendən biletsatanlara oxşayan bir yaşlı kişi ilə söhbətləşirlər, xeyli artığına o axşamkı tamaşaya bilet alırlar. Həmin kişi cavanların haralı olduğunu soruşur.
Cavab verirlər ki, Bakıdanıq, azərbaycanlıyıq.
Biletsatan kişinin çöhrəsi işıqlanır: "Həə, siz həmin məşhur Eldar Əliyevin yerlilərisiniz! Onu bu teatrın tamaşalarında çox dinləmişəm, fövqəladə dərəcədə gözəl ifasından hər dəfə ləzzət almışam".
...Biz burda Bakıda, Azərbaycanda Pavarottini, Dominqonu, Frenini dünya vokalının əlçatmaz zirvələri sayırıq.
Onlar Eldarı özlərinə bərabər sənətkar kimi qəbul edirdilər.
Eldar 1971-ci ildə Bakıda doğulmuşdu.
Bütün uşaqlar kimi xoşbəxt, qayğısız, sabahın kəc döngələrindən, dar dalanlarından xəbərsiz!
Artıq məktəb illərində oxumağa başlamışdı.
1991-ci ildə Konservatoriyaya qəbul edilir. Vokal üzrə ilk müəllimi Kamal Kərimov olur, daha sonrakı pedaqoqu isə professor Gülcahan Güləhmədova.
Taleyin hökmü ilə qısa müddət sonra öyrəncisinə çevriləcəyi “La Skala”da isə müəllimi Verdinin operalarından partiyaları bənzərsiz ustalıqla ifa etməsi ilə şöhrət tapmış Karlo Berqonsi (1924–2014) idi.
“La Skala”da təcrübəkeeçən kimi dərs aldığı ikinci ilin ortalarında Eldar daha bir nailiyyət əldə edir.
Trevizoda keçirilən Toti del-Monte adına Beynəlxalq müsabiqədə onun qazandığı mükafat “Debüt” adlanırdı.
İtaliyanın vokal dairələrində bu da hər ifaçının həsrətində olduğu təltiflərdəndir. “Debüt” qazanmaq o deməkdir ki, səni sadəcə teatra işə götürmürlər, birbaşa “La Skala” səhnəsində oynanacaq konkret tamaşada konkret rolu alırsan.
Bu minvalla, əldə etdiyi “Debüt” mükafatı Eldar Əliyevə sonralar maestro Korrelini də heyran qoyacaq Zarastro partiyasını “La Skala”da ifa etmək haqqı verir.
Tamaşanı oxuyur, zərin qədrini yaxşı bilən zərgərlər necə bəyənirlərsə, necə vəcdə gəlirlərsə, ən qısa müddətdə Eldarın məişət problemini də həll edirlər – ona ev verilir.
Eldar zirvəyə yolunu özü açmışdı.
Allahın ona bəxş etdiyi nadir səs və istedadı bahasına.
Bəs biz Azərbaycandan uzaqlarda öz gücünə parlayan, sözün birbaşa mənasında zəfər qazanan Eldara necə münasibət bəslədik?
Yüksəlişlərinə, irəliləyişlərinə kömək etmək, təkan vermək məsələsini hələ qoyuram bir qırağa.
Heç olmazsa artıq parlamış, dünyanın ulduzları cərgəsinə qoşulmuş bir sənətkara yiyə durduqmu?
Bu göynəkli nöqtəyə toxunarkən təkcə Eldarı, yalnız musiqi ifaçılarını, ümumən incəsənəti nəzərdə tutmuram. Eldarları düşünürəm!
Bir xalq kimi istedadlıyıq axı, parlaqlarımız tarixin hər dönəmində, hər sahədə olub və bu gün də boldur axı!
Xalqın belə “qızıl külçələri”nə həssas münasibət bəsləmək kimin hansı vəzifə tutmasından asılı olmayaraq milli qeyrət məsələsi, vətəndaşlıq borcudur.
Təsadüfən kiminsə hansı ölkədəsə şöhrətlənməsindən sonra onun haqqında xəbər bilib nəsə etməyə cəhd göstərmək doğru yol deyil.
Gərək dövlətin humanitar siyasətini idarə edən qurumların, Mədəniyyət nazirliyi və şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq digər nazirliklərin, Diaspora komitəsinin bununla bağlı ortaq layihəsi və yol xəritəsi hazırlana ki, iş sistemli şəkil ala.
Bunu etməkçünsə, sabit məram, qəti iradə, bəlli siyasət, mütəmadi və sistemli aparılan bir xətt olmalıdır.
Yeri gəlmişkən, Heydər Əliyev Fondu xarici ölkələrdə təhsil almış, ilk uğurlarına imza atmış cavan musiqiçilərlə bağlı son illərdə qayğı örnəyi sayılası xeyli təqdirəlayiq işlər görüb.
Lakin Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətlarində bu sadəcə istiqamətlərdən biridir, hər sahəninsə dövlətdə, hökumətdə bilavasitə cavabdeh olan quruluşları var və ən əvvəl onlar bu işləri görməli, həm də göstərdiyimiz kimi bütün ayrıntıları ilə işlənmiş dövlət proqramı üzrə grerçəkləşdirməlidirlər.
Özü də xaricdəki istedadlarımızla əlaqədar belə iş bunun onun-onun bunun üstünə atması ilə deyil, hərəkəti bu qurumun obirisindən, digərinin bubirisindən gözləməsi şəklində yox, əl-ələ, müştərək, davamlı aparılmalıdır.
Qarşımızda ümummili maraqları düşünərək tərtib edilmiş siyahımız olmalıdır ki, bilək kimimiz haradadır.
Onlarla mütəmadi yazışmalıyıq, telefonlaşmalıyıq, dərd-sərləriylə maraqlanmalıyıq, uğurlarına sevindiyimizi bildirməliyik, daim anlatmalıyıq ki, bizimləsən, səninləyik.
Daimi təmaslarımız olmalıdır ki, lazım olan anda səslərinə səs verə bilək.
Kamil millət olmağın yolları uzun, sınaqlı, enişli-yoxuşludur.
Mətləbdən bir qədər aralanası olsam da, görk sayılası bu əhvalatı gərək nəql edəm.
2015-ci ilin 30 sentyabrında “Demokratik cəmiyyətdə din azadlığı və birgəyaşayış” adlı məruzəmin Avropa Şurası Parlament Assambleyasında müzakirəsi aparıldı və 2076 saylı qətnamə qəbul edildi.
Adətən AŞPA-da bir məruzə üzərində təqribən il yarım iş gedir. Məruzə hazırlanır, bir neçə dəfə müvafiq komitədə müzakirə edilir, müxtəlif ölkələrdə məruzə ilə bağlı kənar mütəxəssislərin cəlb olunması şərti ilə kollokviumlar keçirilir.
Məruzəmdə yetərincə həssas olan bir məqam vardı və əslində məruzənin özəyini də həmin problem təşkil edirdi.
Bəzi avropalı deputatlar bir sənəd hazırlamışdılar və həmin sənədin qaldırdığı problemin bu məruzədə də əksini tapmasına ciddi cəhd edirdilər.
Bu, sünnət edilməsini uşağa qarşı işgəncə faktı kimi qəbul edərək Avropada cinayət məcəlləsinə belə hərəkətlərə görə cəza müəyyənləşdirən maddənin daxil edilməsini nəzərdə tuturdu.
Hiyləgərliklə düşünülmüş bu ideyanın ardında xristan aləmi ilə müsəlman və yəhudiləri qarşı-qarşıya qoymaq məkri vardı. Təsəvvür edin ki, bu ideya keçərsə, Avropada yaşayan bir müsəlman, yaxud yəhudi öz övladını sünnət etdirərsə, həbsə atılmalı olacaqdı.
Təbii ki, mən məruzədə bu fikrin absurdluğunu bəyan edir və qənaətlərimi də lazımi dəlil-sübutlarla əsaslandırırdım.
Lakin məruzənin hər müzakirəsində çox çılğın opponentlərim mətndə düzəliş edilməsi təklifini dilə gətirir, məruzədə həmin maddənin məhz onların təklif etdyi şəkildə yazılmasını tələb edirdilər.
Əvvələn, mən Parisdə Hüquqi işlər və insan haqları komitəsinin iclasında məruzəçi təyin edilərək Bakıya qayıtdıqdan bir neçə gün sonra İsrailin ölkəmizdəki səfiri görüşümə gəldi. Məruzənin bütün gələcək müzakirələrində mənə lazımi kömək və dəstək göstərməyə hazır olduqllarını bildirdi və əlavə etdi ki, bunu ona öz Xarici İşlər Naziliyindən tapşırıblar.
2003-ilin sonundan ta 2005-ci ilin sentyabrında məruzə Assambleyada qəbul edilərək qətnaməsi təsdiqlənənəcən hansı ölkədə, hansı şəhərdə, hansı səviyyədə müzakirələr keçirilirdisə, toplantıdan bir qədər əvvəl həm yəhudi mənşəli ayrı-ayrı deputatlar, həm yəhudi icmasının nümayəndələri, həm İsraili Xarici İşlər Nazirliyinin təmsilçiləri yaxınlaşaraq bildirirdilər ki, mənimlədirlər, möhkəm dayanım, məni hər məqamda müdafiə edəcəklər.
Onlar millətin taleyi ilə bağlı olan və onun gələcəyində müəyyən fəsadlar yarada biləcək bircə cümlənin belə Avropa Şurası sənədində yer almaması üçün sayıqlıqla davamlı mübarizələrini apardılar, mənə axıradək dəstək oldular, yekun mətn də bizim istədiyimiz kimi qəbul edildikdən sonra sakitləşdilər.
Az sayı ilə dünyanı idarə edən millət cərgəsinə ucalmağın sirri bir pülük naminə də heç bir biganəliyə yer qoymayaraq lazım gələndə belə səfərbər olmağı bacarmaqdadır.
Böyük millət, güclü millət, tarix dolaylarında təhlükələrdən qoruna bilən millət olmağın yolu xalqın müqəddarına dəxli olan hər bir məsləyə belə vasvası, inadkar, ləyaqətli münasibətdən keçir.
Milli sərvət sayılan Eldar kimi istedadlarla davranmaq da daim bu düstura uyğun həllini tapmalıdır.
***
Adamın gərək vaxtda da bəxti gətirə.
Eldar 1994-də şimşək kimi parladı və bu bərqvurma 2005-ci ilədək çəkdi.
Şübhə etmirəm, bu müddət 5-10 il də uzansaydı, Eldar asta-asta qeybə çəkilməsəydi, dövlətin ən yuxarı qatından ona da layiq olduğu diqqət müəyəssər olacaqdı.
Fəqət belə diqqətləri göstərməyə məsul qurumlar elə o vaxtlar da hamısı yerində idi və məgər onlara hər göstəriş yuxarıdan verilməlidir ki, edin, sonra tərpənməlidirlər?
Əsas işi görməli olan məmur qatı təşəbbüslərin əsas qaynağına çevrilməyincə, bu qəbil narahatlıqlarımız bitməz.
Eldar Azərbaycanın əməkdar artisti deyildi, xalq artisti deyildi, Bakıda heç vaxt heç bir konserti, opera teatrında heç bir çıxışı təşkil edilməmişdi.
Zamanında fəxri adların sənətkarın ömründə məxsusi yeri olub, yüksəlişlərinə, özünüifadəsinə daha geniş meydan açıb, ona imtiyazlar verib, ifası üçün aldığı haqqın artmasına səbəb olub.
Bu gün bu adların əsasən mənəvi dayaq olmaq anlamı var.
Burada Eldardan səviyyəcə qat-qat əskiklərə verilmiş, Eldardansa əsirgənmiş adlar və mükafatlar, təşkil edilməmiş konsertlər onun deyil, bizim itkimizdir.
Haçan təqdimatlar hazırlandı ki, bu fəxri adları verməkdən imtina edilsin, haçan konsertlər təşkil edildi ki, kimsə buna "yox" desin.
Belə işləri icra etməkçün məvacib alanlar etmədilər ki, olmadı.
“La Skala”nın məşhur solisti hər hansı bir Avropa səhnəsində çıxış edəndə, ya xaricdə adı keçən hansısa afişada soyadının yanında onun Azərbaycanın da əməkdar, ya xalq artisti olmasının göstərilməsi elə yurdumuzun, xalqımızın təbliği demək olardı.
Bakıda keçirilməli olub keçirilməmiş konsertləri, onun iştirakı ilə opera teatrımızda qoyulmalı olub qoyulmamış tamaşalar həm Azərbaycan musiqisevərlərinə əvəzsiz sovqat olardı, həm də Eldarı həyata, doğma yurduna daha artıq bağlayardı.
Etmədik...
Diqqətsizlik, laqeydlik və yiyəsizliyin ucbatından Eldarı itirdik.
Həm də Eldarı biz indi 2020-nin 4 avqustunda itirməmişik ki!
Əslində bu xeyli əvvəl baş verib. Təqribən də 15 il əvvəl.
Əgər qırılmaz əlaqələrimiz olsaydı, dərhal bilərdik ki, o vaxt 34 yaşında olan ulduzumuzun başı dərddədir, büdrəyib, onun qolundan yapışmalıyıq, macal verməməliyik ay-ay, gün-gün çöksün.
Eldar bir ilə ölməyib, o, 15 ərzində yavaş-yavaş əriyib, buxarlanıb, qeybə çəkilib.
2020-nin 4 avqustunda baş verən sadəcə statistika idi. Ölüm faktının dəqiqləşdirilməsi!
49 yaşında onunla görüşəcək ölümünə doğru Eldar Əliyev dərin depressiya caynağında 35 yaşından addım-addım gəlmişdi.
1994-dən 2005-dək kim idi Eldar Əliyev və nə möcüzələr doğurmuşdu?
Bir yetim bakılı balası vardı ki Milandakı “La Skala”nın, Lozannadakı “Théâtre Municipal”ın, Bolonyadakı “Teatro Comunale”nin, Berlindəki “Staatsoper Unter den Linden”in, Münxendəki “”National theater”in, Venesiyadadakı “Teatro La Fenice”nin, Parisdəki “Opéra National”ın, Londondakı kral operası “Covent Garden”in, Brüsseldəki “Théâtre de la Monnaie”nin, Romadakı “Teatro dell'Opera”nın, Madriddəki kral operası “Teatro Real”ın və onlarca digər məşhur opera teatrlarının səhnəsəinə çıxırdı, yüz dəflərlə ən seçmə vokalçıların ifasında səslənmiş bəlli partiyaları ifa edirdi və dinləyənlər tilsimlənmiş kimi mat qalırdılar.
Onun “Trubadur”dakı Ferrandosu, “Riqoletto”dakı Sparafuçilesi, “Turandot”dakı Timuru, “Çar Saltan”ındakı Çarı, “Luçia di Lammermur”dakı Raymondosu, “Lukresi Borcia”dakı Astolfosu, “Makbet”dəki Bankosu eşidənləri əfsunlayırdı,
Eldar Əliyevin məxməri bası onları elə alıb aparırdı ki, sanki bu partiyaları əvvəllər heç eşitməyiblərmiş, sanki bu partiyaları bəstəkarlar məhz elə bu cavan üçün yazıblarmış...
Bir ara – 2000-ci illərin əvvəllərində elə populyar imiş ki, ömrü-günü elə yollarda, təkərlər üzərində, hava gəmilərində ötürmüş, bəzən bir ayda 4-5 səfərə çıxırmış.
Avropadan Kanadaya, Yaponiyadan Şimali Amerikaya...
Harda oxuyurmuşsa, diksindirirmiş, heyrətləndirirmiş, vurğun kəsdirirmiş.
Hansı televiziyamız, hansı kinostudiyamız Eldarın hansı səhnədəki ifasını lentə alıb, onunla bağlı veriliş hazırlayıb, film çəkib?
Heç biri!
Mən bütün bunları Eldara ağı kimi yazmıram.
Olan oldu, bitən bitdi.
Həyat davam edir axı!
İkinci Eldar Əliyev olmayacaqsa da, hər halda yeni Eldarlar var, təzləri də yaranacaq.
Mən istəmirəm bu macəralar təkrarlansın, çox arzulayıram ki, belə acı dərslərdən hamımız dərs alaq.
Eldarı biz – mən hamımız deyirəm, heç kəs yaxasını qırağa çəkməsin – çoxdan nəzərimizdə saxlamalı, bunca ali sənət mərtəbəsinə ucalmış istedadımızı himayə etməli, buralara daha artıq bağlamalı, onun vasitəsilə qüdrətli həmkarlarının da Azərbaycanla əlaqələrinin qüvvətlənməsinə çalışmalıydıq.
Bütün bunları etməkçün gərək həm işin içində olasan, həm yönəltdiyin sahənin mükəmməl peşəkarı olasan və həm də ən vacibi – canın yana!
Bu millətə və bu dövlətə!
Belə diqqətdən, belə qayğıdan, belə münasibətdən çox aralıda qalan Eldar 5-6 il “La Skala”nın aparıcı solistlərindən olandan sonra xəstələnir, günlərin birində tamaşadan əvvəl hiss edir ki, heç özündə deyil, oxuya bilməyəcək.
Burdan gedib orda qalanlardan biriylə məsləhətləşir ki, vəziyyət belədir, neyləyim?
O da xoşmu, naxoşmu niyyətlə Eldara sakitləşdirici verir.
Qəbul edir, halı babatlaşır, çıxır, oxuyur.
Üç dəfə, beş dəfə, tədricən çevrilir aludəçiyə.
Və solmağa başlayır...
Allah Eldara səxavətlə parlaqdan parlaq istedad bağışlamışdı.
Ancaq bəxt sarıdan o zavallı uşaqlıq illərindən yarımamışdı.
12 yaşı olanda həyatının ilk müdhiş faciəsini yaşamışdı.
Atası onun gözləri qarşısında anasına qəsd etmişdi.
Bir anın içərisində həm anasız, həm atasız qalmışdı.
Nənəsi böyütmüşdü onu.
Atası heç həbsdən qayıdıb gəlmədi, deyirlər onun da həyatı orada bitib.
Eldar ailə həyatı qurdu, 1996-da oğlu, 2 il sonra qızı dünyaya gəldi.
Di gəl, burda da yarımadı. Dağıldı ailəsi.
Amma çıxırdı səhnəyə, rollarını oynayırdı, oxuyurdu və həmin anlarda o, başqa adam idi, özgə həyatı yaşayırdı.
Və belə məqamlardada o, səhnədə sultan idi, qüdrətli idi, bəxtiyar idi.
Hər güclü sənətkarın daim yanında olan, ona qayğı və düz yol göstərən, tövsiyyələr verən, yönəldən bir hamiyə, ustada, müəllimə, ağsaqqala ehtiyacı var.
İllah da Eldar kimi taleyi zədəli bir insanın!
Eldarın ömrü belə himayədarlığı başqalarına nisbətən bəlkə daha artıq umsa da, lap əvvəldən bunsuz idi, qəliz həyatla təkbətək idi.
İstedadlarsa, gündəlik həyatın içində adi adamlardan da qat-qat zəif, çarəsiz olurlar.
...Eldar həyat dənizində ən nəhəng gəmilərlə yanaşı üzən yelkənsiz qayıq idi.
Onu dalğalar uddu...
...Təkcə oxusuna valeh olan sadə insanların deyil, dahilərin “dahi” adlandırdığı misilsiz bir azərbaycanlını beləcə cavan yaşında itirdik.
İndi çalışırıq ki, məzarı qürbətdə naməlum qalmasın deyə, barı külü Vətənə gəlsin.
Bizə onun hələ bundan sonra onillərcə oxuyub zəfərlər qazanacağı səhnələrə səpilən gülləri görmək gərək idi, külünü qarşılamaq yox!
Yanmamaq olmur...
8 avqust, 2020 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !