Təhsil naziri ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib - - FOTO

Təhsil naziri ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib - FOTO

Avqustun 7-də Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib.

Videogörüşdə Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ali təhsil müəssisələri ilə bağlı qarşıya qoyulan tapşırıqlara xüsusi diqqət çəkib.

Bildirilib ki, təhsilimizin əsas fəaliyyət istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Ali təhsil müəssisələri tərəfindən ehtiyac duyulan sahələr üzrə mütəxəssislərin hazırlığının vacibliyinə, müasir dövrün yeni ixtisaslarına diqqət yetirilməli və gələcəkdə müxtəlif peşələr üzrə yaranması proqnozlaşdırılan ehtiyaclar dərindən təhlil edilməlidir.

Nazir həmçinin vurğulayıb ki, ölkəmizdə mütəxəssis hazırlığı Dördüncü Sənaye İnqilabının tələbləri, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması ilə ayaqlaşmalı və rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır.

Görüşdə, eyni zamanda, dayanıqlı və şəffaf keyfiyyət təminatı proseslərinin qeyd olunan hədəflərə nail olunmasında xüsusi rolu vurğulanıb və geniş ictimaiyyətin bu prosesə cəlb olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, ölkə başçısının müvafiq Fərmanı ilə keçən ilin sonunda yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu prosesdə təhsil müəssisələrinə zəruri dəstək göstərəcəyi bildirilib.

Görüşdə ali təhsil müəssisələrində pandemiya şəraitində yeni tədris ili üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər də müzakirə edilib və təkliflər dinlənilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !