Prezidentin tənqidləri və cəmiyyəti aldadan TV kanallarımız -

Prezidentin tənqidləri və cəmiyyəti aldadan TV kanallarımız

Prezident İlham Əliyev yenə də gündəmi müəyyənləşdirdi. Baş Nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakıyla keçirdiyi toplantıda bir çox məsələlərlə bağlı açıq, qəti və sabah üçün proqnoz sayıla biləcək fikirlər səsləndirdi.
Prezidentin hər bir fikri diqqətəlayiqdir və ayrıca təhlil edilməlidir. Lakin şəxsən mənim diqqətimi çəkən bir neçə məqam var ki, onların üzərində dayanmaq istərdim. Çünki bir müddət öncə həmin məsələləri biz də tənqid müstəvisində dilə gətirmişdik.
Birinci məsələ Azərbaycan Dəmir Yolları QSC-nin fəaliyyətilə bağlıdır. Cənab Prezident qeyd edir ki, dövlət bu sahəyə çox ciddi maliyyə yatırır, amma illərdir ki, hər hansı gəlir yoxdur. Sual edilir: nə vaxtadək dövlət bu quruma pul xərcləməlidir? Niyə dəmir yollarımız gəlir gətirmədən dövlətin boynunda ağır bir yük kimi oturmalıdır?
Digər bir məsələ də SOCAR-la bağlı oldu. Eyni narahatlıq, eyni qayğı ifadə edildi. Prezident İlham Əliyev bu qurumun da fəaliyyətindən razı deyil. Haqsız da sayılmaz. Çünki SOCAR Azərbaycanın ən güclü gəlir mənbəyini idarə etməkdəykən onun rəhbəti Rövnəq Abdullayev haqqında heç də xoş olmayan fikirlər daim gündəmdə olub. Adamın adı dövlət vəsaitlərini mənimsəməkdən tutmuş oğlunun 2 milyon yarımlıq saatını İspaniya çimərliklərində əylənərkən yüngül əxlaqlı qızlara oğurlatmasına qədər bəzən çox ayıb olacaq məsələlərdə hallanır. Cəmiyyət də haqlı olaraq sual edir ki, insanlar bəzən bir parça çörəyə möhtackən Rövnəq Abdullayevin oğlu təkcə bir saata 2,5 milyonu hardan təmin edir?
Bu iki şəxsin adının Prezidentin dilindən səslənməsi mənə ötən ilki bir müsahibəmi xatırlatdı. Saytlardan birinin xanım jurnalisti təkidlə geniş müsahibəyə dəvət etmişdi. Mən də yayın cırhacırında işimi-gücümü atıb redaksiyaya getmişdim. Geniş bir müsahibə verdim. Lakin sonda bəlli oldu ki, kamera bizim söhbətimizi qeydə almayıb. Jurnalist həmkarım üzrxahlıq elədi, yenidən müsahibəyə başladıq. Bu dəfə qeydə alındı. Di gəl, bu günə kimi o müsahibə yayımlanmadı…
Bununla belə müsahibədən kiçik bir hissə xəbər kimi yayımlanmışdı. Orada sual edirdim ki, niyə ADY rəhbəri Cavid Qurbanov eyni zamanda həm də deputat kürsüsünü məşğul etməlidir? Adam nə dəmir yollarını yarıtmır, nə də deputatlığı. Bu xəbər bomba kimi partladı. Tez bir zamanda tirajlandı və Cavid Qurbanovun əcinnə-trol ordusu o ki, var söydü məni. Sübut eləməyə çalışdılar ki, “hörmətli Cavid müəllim” çox xeyirxah deputatdır və dəmir yollarımızı da ağ günə çıxarıb…
Amma bu tənqidimiz qismən də olsa yerinə oturdu. Çünki bu ilin fevralında keçirilmiş parlament seçkilərində Cavid Qurbanov deputatlığa namizəd irəli sürülmədi. Yəni cənab Prezident belə məsləhət gördü ki, adam bir işlə – dəmir yollarıyla məşğul olsun. Cənab Prezident Cavid Qurbanovun deputat fəaliyyətindən narazı qalmışdı ki, onun kürsüdən məhrum edilməsinə qərar verilmişdi…
Anlaşılan odur ki, Prezident İlham Əliyev indi də Cavid Qurbanovun dəmir yolundakı işindən narazıdır. Ona görə də tənqidi fikirlərini dilə gətirir. Biz də elə ötən ilki müsahibəmizdə bunu demişdik: adam nə dəmir yollarını, nə də deputatlığı yarıtmır…
Eyni fikirləri SOCAR prezidenti Rövnəq Abdullayev haqqında da demişdik müsahibəmizdə. Lakin nə sirdirsə Cavid Qurbanovu xəbərə çevirib yayan media qurumu Rövnəq müəllimin üstündən sükutla keçmişdi. Amma sonrakı bəzi çıxışlarımda qeyd etmişdim ki, Rövnəq Abdullayevin eyni zamanda həm də deputat olması işin keyfiyyətinə zərər vurur. Cənab Prezident builki seçkilərdə Rövnəq müəllimi də parlamentdən kənar qoymaqla bizim haqlı olduğumuzu təqdiqləmiş oldu.
İndi anlaşılır ki, İlham Əliyev Rövnəq Abdullayevin SOCAR-ından da narazıdır. Demək ki, biz tənqidlərimizdə haqlı olmuşuq. Çünki adi bir jurnalist yanaşması sərgiləmişdik. Haqlı suallar qaldırmışdıq. Lakin cənab Prezident təbii ki, bizim kimi adi yanaşma sərgiləmir. Onun informasiyası bizdən qat-qat artıqdır və boşuna heç vaxt tənqid səsləndirmir…
Biz ümid etmək istərdik ki, Cavid Qurbanov və Rövnəq Abdullayev bu tənqidi yazımızdan sonra yenə də üstümüzə dəstə göndərməyəcək. Hamının bildiyi bir gerçək var ki, Rövnəq Abdullayev, barəsində tənqid yazanların saytlarını dağıtdırır. Bir dəfə mənim də şəxsi saytımı dağıtdırmışdı. Bərpa etdim, xəbərdarlığımı səsləndirdim və əl çəkdilər. İndi də yəqin buna cəhd edəcəklər. Etsinlər. Belə olacağı təqdirdə bir daha qət edəcəyik ki, Rövnəq Abdullayev Prezidentə qarşı açıq müstəvidə çıxış edir…
Elə Cavid Qurbanovun da trolları hərəkətə keçsə eyni qənaətə gələcəyik…
Cənab Prezidentin tənqid etdikləri sırasında AZAL da var. Bu isə tamam başqa söhbətdir. Mən də daxil olmaqla illərdir jurnalistlər, ictimai-siyasi xadimlər, ayrı-ayrı sənət adamları Cahangir Əsgərovun AZAL-ı şəxsi fermasına çevirib milləti və dövləti biabır etməsindən yazırıq. Lakin hansısa qüvvələr bu tənqidlərimizin Prezidentə çatmasını əngəlləyir. Belə anlaşılır ki, hakimiyyət içindəki kadr islahatları işimizə yarayıb və artıq tənqidlərimizin Prezidentə çatmasında əngəllər çox deyil…
Lakin yenə də əngəllərin qaldığını deyə bilərik. Çünki avqustun 6-da demək olar ki, bütün TV kanallarımızın Prezidenti aldatmaq üçün yarışa girdiyi nəzərimizdən qaçmadı. Oxucularımız xatırlar, biz Qəbələdə General Həzi Aslanovun adını daşıyan küçənin başına gətirilənləri, hətta Heydər Əliyevin adının belə küçədən götürülməsini yazmışdıq. Bunu uyğun elektron xidmətlərin köməyi ilə görüntü olaraq da təqdim etmişdik. Lakin TV kanallarımızın hamısı bizi yalançı çıxarıb Qəbələ rayon icra hakimiyyətinin ağ yalandan ibarət xəbərini efirə verməklə Prezidenti aldatdılar. İnanmayanlar bu biabırçılıqla bağlı xəbərləri yenidən gözdən keçirə bilərlər. Demək ki, cənab Prezident, TV kanallarına nəzarəti həyata keçirənlər sizə qarşı işləyir! Onlar hələ də sizi aldatmaq yolu tutublar! Uzaqda da deyillər. Düz gözünüzün önündə, hər gün sizinlə birlikdə olanlardır o adamlar!..
Hazırda General Polad Həşimovun adının verildiyi küçə 2 gün öncəyə qədər Həzi Aslanovun adını daşıyırdı. Hazırda Həzi Aslanovun adını daşıdığı iddia edilən küçə isə Heydər Əliyevin adını daşıyırdı…
Sözardı: Bu yazımı da şəxsi internet saytımda yayınlayıram. Ehtiyat üçün başqa resurslarda da geniş yayacağam ki, bir mənbədə qarşısı alınsa başqa mənbələrdən oxuna bilsin. Biz onu da bilirik ki, Azərbaycan məmurları barələrində yazılmış tənqidləri saytlardan sildirmək üçün kisənin ağzını dərhal açırlar. Təbii ki, bizə münasibətdə deyil. Çünki bu metod bizə münasibətdə keçərli deyil…

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !