AQTA əməkdaşları əkin sahələrində fitosanitar müşahidələr aparıblar -

AQTA əməkdaşları əkin sahələrində fitosanitar müşahidələr aparıblar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Belə ki, Agentliyin fitosanitar müfəttişləri bu dəfə Bərdə, Tərtər, Yevlax və Ağdam rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə əkin sahələrində monitorinq keçiriblər. Monitorinq zamanı əkin sahələrində 8.8 hektar sahədə təhlükəli karantin alaq otu olan tikanlı quşüzümü (Solanum rostratum Dunal.) ilə sirayətlənmə aşkar edilib.

Təhlükəli karantin alaq otunun digər sahələrə yayılmasının qarşısını almaq məqsədi ilə 4.5 hektarda kimyəvi, 4.3 hektarda isə mexaniki üsulla mübarizə tədbirləri həyata keçirilib. Mexaniki üsulla mübarizə nəticəsində sahədən yığılmış tikanlı quşüzümü yandırılaraq məhv edilib.

Dərmanlanmış sahələrin kənarlarına isə kimyəvi mübarizənin aparıldığı barədə xəbərdaredici lövhələr quraşdırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !