Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. - -FOTO=5

Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. -FOTO=5

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi
regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax
şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur.
Qazax şəhərində 1970-ci illərdə yaradılmış su təchizatı sistemləri
istismara yararsız vəziyyətə düşüb. Ötən dövrdə əhali artımı və
məskunlaşmanın genişlənməsi səbəbindən infrastruktur mövcud və perspektiv
tələbatı qarşılamaq iqtidarında deyil. Bütün bunlar nəzərə alınaraq 2019-cu
ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi
layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin
yenidən qurulmasına başlanıb.
Layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə Qazax
rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ
Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə
layihədən 45 min sakin faydalanacaqdır.
Qazax şəhərini və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün
Ağstafa rayonu ərazisində qazılması nəzərdə tutulan 12 subartezian quyusunun
7-si qazılıb. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəmərinin 4
km-lik hissəsi çəkilib. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu
10 min kubmetr olan su anbarının tikintisi üzrə işlərin 60 faizdən çoxu yerinə
yetirilib. Qazax şəhərində inşası nəzərdə tutulan 106 km paylayıcı su
şəbəkəsinin 80 km-lik hissəsi tikilib. Ümumilikdə yeni şəbəkədən 5870 ünvana
birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla paralel olaraq şəhərin
kanalizasiya infrastrukturu da yenidən qurulur. Şəhər ərazisində inşası nəzərdə
tutulan 82 km kanalizasiya şəbəkəsinin, 4,4 km kanalizasiya kollektorunun
tikintisi üzrə işlərin 70 faizi icra olunub.
İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda
başa çatdırılması planlaşdırılır. Şəhərdə yaranan tullantı sularının təmizlənib
zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan
tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara göstərilən
xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal Sahəsi üçün
müasir tipli inzibati binanın tikintisi yekunlaşıb və hazırda binada son
tamamlama işləri aparılır.
04 avqust 2020-ci il. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !