Pakistanda Azərbaycanın müasir dinamikası adlı onlayn təcrübə proqramına start verilib. - -FOTO=4

Pakistanda “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramına start verilib. -FOTO=4

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi tərəfindən birgə təşkil edilən, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunan onlayn təcrübə proqramı pakistanlı gənc tədqiqatçılar arasından seçilmiş 30 iştirakçı üçün 2 ay ərzində keçiriləcəkdir. Avqust və Sentyabr ayları ərzində davam edəcək onlayn təcrübə proqramında Azərbaycandan və Pakistandan olan elm adamlarının, diplomatların, hərbçi və mütəxəssislərin mühazirələrinin dinlənilməsi, Azərbaycanla bağlı iştirakçıları maraqlandıran mövzulara dair təqdimatların keçirilməsi, onların suallarının cavablandırılması və onların Azərbaycana dair müxtəlif məzmunlu məqalələrinin yerli mətbuatda dərc etdirilməsi nəzərdə tutulub.Təcrübə proqramı iştirakçılarda Azərbaycana dair geniş təsəvvürün formalaşdırılmasına və Azərbaycan həqiqətlərinə dair məlumatları onların birbaşa mütəxəssilərdən almağa şərait yaradacaqdır.


Avqust ayının 4-də start verilən təcrübə proqramının ilk günündə Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadənin “ Müstəqilliyinin bərpasından sonrakı Azərbaycan. Azərbaycan-Pakistan dostluğu və strateji tərəfdaşlığı ” mövzusunda mühazirəsi iştirakçılar üçün təqdim olunub. Səfir Əli Əlizadə 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu müstəqilliyinin qorunub saxlanmasından, ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın böyük inkişaf yoluna qədəm qoymasından və hazırda da ölkəmizin sosial-iqtisadi inkişafının uğurla təmin olunmasından, çətinliklərin qətiyyətlə dəf edilməsindən, əldə olunan nailiyyətlər və qazanılan uğurlardan söhbət açıb.

Ermənistanın Azərbaycanla sərhəddə son təxribatları və hücümları haqqında məlumat verən səfir, Azərbaycanın davamlı olaraq Ermənistanın təcavüzü ilə qarşılaşdığını, lakin heç vaxt əyilmədiyini və haqq yolunda mübarizəsini davam etdirdiyini, güclü ordu və iqtisadiyyata sahib olan ölkəmizin torpaqlarımızı hər an azad etməyə qadir olduğunu bildirib. Beynəlxalq müstəvidə Azərbaycanın artan nüfüzundan danışan səfir Əli Əlizadə Azərbaycan-Pakistan dostluğu və strateji tərəfdaşlığının buna bariz nümunə olduğunu, hər iki ölkə rəhbərliyinin və xalqlarının səyləri nəticəsində əldə olunan bu sıx əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib, Azərbaycan-Pakistan əlaqələrinə, həyata keçirilən sosial, iqtisadi, hərbi, müdafiə, enerji, turizm və digər ortaq layihələrə nəzər salıb, proqram iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.


Sentyabr ayının sonlarında bitəcək təcrübə proqramı Azərbaycanının tarixi, mədəniyyəti, təhsil və elmi, xarici siyasəti, iqtisadiyyatı, müdafiə və hərbi potensialı ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti kimi mövzuları əhatə edəcək və Pakistanla əlaqələrin, ortaq bağlılıq və münasibətlərin daha da gücləndirilməsi perspektivlərinin öyrənilməsini özündə ehtiva edəcəkdir.


Programı sonadək uğurla başa vuran gənc tədqiqatçılara sertifikatların təqdim olunması və onların gələcəkdə bir sıra layihələrə cəlb olunması nəzərdə tutulub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !