Özbəkistanda Qarabağa dair daha bir layihə - Vikipediyada Xan Şuşinski haqqında Özbək dilində bölmə istifadəyə verildi. - -FOTO=3

Özbəkistanda Qarabağa dair daha bir layihə - Vikipediyada Xan Şuşinski haqqında Özbək dilində bölmə istifadəyə verildi. -FOTO=3

Bu ilin fevral ayından Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin başlatdığı layihə əsasında Qarabağa dair çoxsaylı tədbirlər, müsabiqələr keçirilir, nəşrlər, araşdırmalar, məqalələr hazırlanır, virtual məkanda isə özbək dilində bölmələr, məlumat mənbələri istifadəyə verilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycanın Qarabağ diyarının tanınmış muğam ustadı, xanəndə, Azərbaycan SSR xalq artisti Xan Şuşinski haqqında Özbək dilində geniş bölmə Vikipedia Elektron Ensiklopediyasında istifadəyə verilib.
Yaradılmış bölmədə qeyd olunur ki, əsl adı İsfəndiyar olan Azərbaycan muğam sənətinin korifey sənətkarı, Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Şuşanın yetirməsi Xan Şuşinski öz yaradıcılığı ilə milli mədəniyyətimizi dünyaya tanıtmışdır. Vurğulanır ki, Azərbaycan muğamlarının ifaçılıq tarixində özünəməxsus yer tutan sənətçi ustad, pedaqoji fəaliyyəti ilə özündən sonra çoxsaylı gənc istedadların inkişafında mühüm rol oynamışdır.
Yaradılmış bölmədə Xan Şuşinskinin həyatı, onun Qarabağda, Şuşada yaradıcılığı, onun yaratdığı muğam nümunələri, əsərləri, mükafatları haqqında məlumat verilir, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycanda “Xan Şuşinski Fondu”nun yaradıldığı qeyd olunur.
Bölmədə Xan Şuşinskinin repertuarına nəzər salınır, onun "Mahur-Hind", "Bayatı-Qacar", "Qarabağ şikəstəsi", "Arazbari", "Heyrati" muğamları, "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə" və başqa əsərlər ilə Azərbaycan musiqi tarixinə əbədi olaraq öz imzasını qoyduğu vurğulanır.
Özbək dilində istifadəyə verilmiş“Xon Shushinskiy” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Xon_Shushinskiy linkində tanış olmaq mümkündür. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !