Yaşadıqca nəsihətim, öldükdən sonra vəsiyyətimdir -

Yaşadıqca nəsihətim, öldükdən sonra vəsiyyətimdir

Sevinc Mirzəyeva o qədər dərinə batıb ki, hər ağzını açanda daha da aşağı gedir. Bataqlığın xüsusiyyəti belədir. Əgər təsadüfən ayağın sürüşdü, bataqlığa düşdünsə hər şeydən öncə tərpənməmək lazım. Olduğunuz yerdə hərəkətsiz dayanmalısınız. Əks təqdirdə hər tərpəniş sizi daha da batıracaq.
İndi bu Sevinc Mirzəyeva da o gündədir. İllər öncə həyatında bir səhv edib, bataqlığa düşüb, indi tərpəndikcə daha da batır. Tərpənməyə də bilmir. Çünki onu o bataqlığa sürükləyənlər işlərini möhkəm tutublar, əllərində bu Sevinci şantaj etmək üçün hər cür imkan var. Hətta o qədər ki, açıq şəkildə bu qadını Ermənistanın mövqeyindən danışmağa rahatca məcbur edə bilirlər…
Bu Sevinc Osman Mirzəyevin qızıdır. Ermənilərin vurduğu vertolyotda şəhid olmuş, dövrünün məşhur qələmlərindən biri – tanınmış və sanballı jurnalist idi Osman Mirzəyev. Vətənpərvər idi. Erməni təcavüzünü gözüylə görüb göstərmək üçün Qarabağa gedirdi. Və qızı Sevincin bu gün səfində yer tutduğu ermənilər Osman Mirzəyevin də olduğu vertolyotu vurmuşdular 1991-ci ildə…
Kim düşünə və ağlına gətirə bilərdi ki, bu kişinin qızı illər sonra düşmən səfində yer tutub şəhid atasının belə xatirəsinə tüpürəcək? Heç ağla gələcək şey deyil. Mümkün belə deyil! Amma bu Sevinc “xarüqələr” yaratmaqla belə şeylərin mümkün olduğunu “yorulmadan” sübut edir…
Mən də jurnalistəm. Osman Mirzəyev qədər olmasa da özümə görə adım-sanım, təcrübəm, tanınmışlığım var. Mənim də övladlarım var. Onları azad və sərbəst yetişdirmişik xanımımla birlikdə. Biz uşaqlarımıza azadlığın nə olduğunu evin içində təlqin etmişik. Ona görə də istəyəndə bizim özümüzü də tənqid edirlər. Heç çəkinmədən yəni.
Biz uşaqlarımıza öyrədirik ki, heç vaxt haqsızlığa susmasınlar. Biz onların ləyaqətli və sərbəst insan kimi böyüməsi üçün hər şeyimizdən keçməyə hazırıq. Təki övladlarımız azad olsunlar. Azadlıq sadəcə dövlətin təmin etdiyi hüquq-dəyər deyil. Azadlıq bir insanın öz daxilində bunu idrak etməsi, həyat tərzini ona uyğun qura bilməsidir. Biz övladlarımıza bunu aşılayırıq.
Biz onlara həm də onu aşılayırıq ki, heç bir halda dövlətin və millətin zərərinə olan hərəkətlərə bulaşmasınlar. Hətta dövlət nəyisə düz etməsə belə yenə də millətin və dövlətin maraqlarını hər şeydən üstün tutsunlar. Biz özümüz belə yetişdirildik ailəmizdə. Atamız, anamız bizə bunları təlqin etdi. Ona görə də dövlət və millət məsələlərində hər şeyimizdən keçməyə, haqlarımızı belə güzəştə getməyə hazırıq biz.
Lakin bir məsələ də var. Əminəm ki, Osman Mirzəyev də qızı Sevincə uşaqkən, gənckən vətənpərvərlik aşılayıb. Ona da əminəm ki, Osman Mirzəyev bu qızına azadlıq hisslərini də təlqin edib. Heç şübhə etmirəm ki, o, bir ata olaraq qızının həm ləyaqətli azad insan kimi, həm də bir vətənpərvər kimi yetişməsi üçün mümkün olan hər şeyi edib…
Nəticə isə göründüyü kimidir. Sevinc Osmanqızı atasını öldürmüş ermənilərin səfində mövqe tutur. İllərdir bu qadın erməni ağzıyla danışır. Niyə belədir? Qanında, soyundamı problem var? Deyə bilmirik. Çünki canını millət və dövlət yolunda fəda etmiş və ermənilər tərəfindən şəhid edilmiş bir kişinin qızıdır o. Yəni bunun atası elə bir kişi idi ki, onun qızının soyu-sopu, qanı sual doğurmamalıdır. Amma…
Demək ki, ata-ananın kim olması, hansı amallara xidmət etməsi heç də həmişə övladın da eyni yolu gedəcəyinin təminatı deyil. Elə isə bizim də övladlarımızla bağlı narahat olmağa haqqımız yaranmırmı? Yaranır. Düzdür, övladlarımızdan arxayınam, amma yenə də onlara bir nəsihət vermək istərdim. Başlıqda da qeyd etdiyim kimi, həyatda olduqca nəsihətim, öldükdən sonra vəsiyyətimdir bu.
Eşit, övlad! Biz atan və anan olaraq sizi ləyaqətli, azad insan kimi yetişdirdik.
Biz sizə dövləti sevdirdik. Biz sizə milləti anlatdıq!
Biz çalışdıq ki, siz aza qane olmağı öyrənəsiniz. Eyni zamanda azla keçinməyin insanı aşağılayacaq bir durum olmadığına alışdırdıq sizi.
Ata və ana olaraq biz sizin vətənpərvər insan kimi yetişməyiniz üçün hər şey etdik. Təhsiliniz, sağlamlığınız, sərbəstliyiniz hər zaman təmin edildi. İstədiyiniz kimi düşünmək, davranmaq hüququnuz heç vaxt əngəllənmədi.
Siz də bizim övladımız olaraq yaradılan şəraiti tam mənimsədiniz. Azadlığın qədrini bilirsiniz, eyni zamanda məsuliyyət hissiniz də yüksəkdir.
Dövlətə, millətə, Vətənə sədaqətinizə əsla və əsla şübhə ola bilməz! Çünki müşahidələrimiz göstərir ki, siz övlad olaraq sadəcə ata-ananın göstəriş, tapşırıq və tövsiyələri ilə hərəkət etmirsiniz. Siz dərk olunmuş zərurətə uyğun – müstəqil və sərbəst davranır, bu zaman ləyaqət hissinizi də unutmursunuz.
Bu, sizin indiki halınızdır. Lakin zaman keçəcək, şərtlər, imkanlar dəyişəcək. O zaman sizin də seçimləriniz, baxışlarınız dəyişə bilər.
Dəyişsin. Tam normal bir prosesdir bu. İnsan oğlu zamanla fərqli bilgilər qazanır, müdrikləşir, öz düşüncələrinə yenidən baxır və daha optimal yolların arayışında olur.
Həyatınızda nə dəyişir dəyişsin, Vətən, millət və dövlət məsələsində mövqeyinizi əsla dəyişməyin!
Hətta dövləti idarə edənlər günün birində sizi də narazı salacaq davranışlar sərgilərsə, yenə də dövlətin yanında olun. Çünki dövləti idarə edənlər gələr, gedər, dövlətsə əbədi qalar.
Dövlətin başındakı, yaxud da hansısa başqa bir yüksək məqamındakı şəxs nəyisə düz etmirsə, bunu əsas tutub düşmənin işinə yarayacaq davranışa enməyin!
Bizim üçün dövlət hər şeyin üzərindədir. Millət olaraq ləyaqətimiz məhz güclü dövlətimizlə şərtlənir. Əgər kimsə sizi yolunuzdan sapdırıb demokratiya, insan haqları kimi oyunlara alət etmək istəsə buna heç bir halda imkan yaratmayın.
Ac qalsanız, kasıb yaşasanız, bütün varidatınız belə əlinizdən çıxsa yenə də dövlətə və millətə sədaqətinizi qorumaqdan vaz keçməyin!
Haqq, hüquq davası, azadlıq və məsuliyyət uğrunda istənilən şərtlər altında mücadilə etsəniz, bunu ancaq alqışlaya bilərik. Lakin bu mücadiləniz hər hansı şəkildə dövlətə zərərdirsə, dərhal vaz keçib gərək olduğu təqdirdə şəxsi maraq və mənafelərinizi belə qurban verməyə hazır olun!
Bundan fərqli davranar, dövlətə azacıq belə zərər gətirəcək davranışa meyl edərsəniz, haqqımı halal etmərəm sizə! Ata olaraq övladlarımızın azad yaşamağını mütləq arzu edir, istəyirik. Lakin günün birində dövlətimizin və millətimizin maraqları bizim övladlarımızın azadlıqlarının məhdudlaşdırılmasını belə tələb edərsə, heç dirənmədən buna hazır olmağınızı istərik!
Unutmayın! Əgər bu dövlətin daha yaxşı olmasını istəyirsinizsə, bunun uğrunda mücadiləni özünüzdən başlamalısınız. Özünüzü daim inkişaf etdirin, öz üzərinizdə işləyin, heç kimdən təlimat və göstəriş gözləmədən Vətən davasından bir an belə kənar qalmayın!
Başqa cür davranar, dolayısıyla belə olsa dövlətə və millətə zərər gətirən hərəkətlərə bulaşarsanız, haqqımı halal etmərəm!
Dədəli, Xaçmaz Azər HƏSRƏT 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !