Bakıda keçirilən "Əsgərə dəstək" aksiyası bilirsinizmi niyə bu qədər gözəl və möhtəşəm oldu? - Etibar Huseynov

Bakıda keçirilən "Əsgərə dəstək" aksiyası bilirsinizmi niyə bu qədər gözəl və möhtəşəm oldu? Etibar Huseynov

Bakıda keçirilən "Əsgərə dəstək" aksiyası bilirsinizmi niyə bu qədər gözəl və möhtəşəm oldu? Ona görə ki, təşkil olunmamışdı, sifarişli deyildi. Təbii idi, özfəalliyət idi, bir növ "Xalq yaradıcılığı" idi. İqtidarın göstərişi, və ya müxalifətin təşkilatçılığı ilə ərsəyə gəlsəydi bu qədər isti, doğma, cazibədar, ecazkar olmayacaqdı; Süni, saxta, pafosla dolu bir səhnəcik olacaqdı. Həmin o möhtəşəm səhnələri izləyərkən dəfələrlə qəlbim titrədi, gözlərim doldu, kövrəldim. Bilirsinizmi niyə? Çünki bu hadisələr başlayanda mənim 20 yaşım vardı; indi 53 dü. Bütün gəncliyimiz, həyatımız Qarabağ ağrısı, dərdi, stresi altında, bir göz qırpımında əridi, çürüdü, zay oldu getdi. Bax məni həmişə düşündürən, mənə rahatlıq verməyən bir sual olub: görəsən bizdən sonra gələn- Qarabağı heç vaxt uzaqdan, ermənini yaxından görməyən- nəsil, Qarabağ uğrunda çarpışacaqmı? O da gəncliyini, həyatını bu yolda fəda etməyə hazır olacaqmı? Etiraf edirəm ki, bu baxımdan çox bədgüman idim. Amma o vulkan kimi qəfil püskürən, qarşısını heç kəsin ala bilmədiyi o alovlu lavanı xatırladan axını gördükdən sonra həmin bədbinlikdən qurtuldum. Diqqət etdinizmi? O isti havada qabağa düşüb bir çox marşrutlar üzrə hətta 20-25 km yolu birnəfəsə qət edən, dayanmadan hayqıran, şüar səsləyən, əynində şort, ayağında şəpiylə yürüyənlərin 90% dən çoxu yaşı 30-dan aşağı olan gənclər və yeniyetmələr idi. Aman Allah! Adamın heç inanmağı gəlmir ki, bu gənclər nə real Qarabağ görüb, nə də canlı erməni. Amma qəlblərdəki Vətən sevgisi, əsgərə diqqət, düşmənə nifrət hissləri uzaq 88-də meydanlara axışan o- Qarabağı və ermənini canlı görmüş-nəsldəkindən qat-qat artıq idi ki, əskik deyildi. Bax məni də kövrəldən, ağladan məhz bu mənzərə idi. Sag olun cocuqlar. Vətən sizə, siz isə Allaha əmanət... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !