Azərbaycan Diaspor Könüllüləri tibb işçilərinə aid videoçarx hazırlayıb - - VİDEO

Azərbaycan Diaspor Könüllüləri tibb işçilərinə aid videoçarx hazırlayıb - VİDEO

Azərbaycan Diaspor Könüllülərinin "Karabakh İs Azerbaijan!" YouTube kanalında COVID-19 qlobal pandemiyası ilə ölkəmizdə fədakarcasına mübarizə aparan həkimlərimizə və tibb işçilərinə həsr olunmuş videoçarx yayımlanıb.

Videoçarxda diaspor könüllüləri bu çətin günlərdə peşəkarlıq, fədakarlıq, dözümlülük, qayğı, cəsarət və səbr nümayiş etdirdiklərinə görə həkimlərimizə və tibb işçilərinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar üzərində "Biz birlikdə güclüyük" şüarının yazıldığı xüsusi geyimli həkimlərin ağır vəziyyətdə olan xəstələrə qayğısını əks etdirən görüntülər fonunda həkimlərimizə müraciət edərək "#Biz sizinlə qürür duyuruq!" deyiblər.

Qeyd edək ki, yarandığı gündən ölkəmizdəki könüllülük hərəkatına öz yorulmaz fəaliyyəti ilə töhfələr bəxş edən Azərbaycan Diaspor Könüllüləri müxtəlif layihələr həyata keçirirlər. Könüllülərimiz sosial media şəbəkələrində Azərbaycan həqiqətlərini təbliğ edir, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı apardıqları informasiya müharibəsində fəal şəkildə mübarizə aparırlar. Könüllülərimiz diaspor gəncləri və ölkəmizdəki vətənsevər gənclərlə birlikdə Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən erməni təxribatları haqqında #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAggression həştəqlərindən istifadə etməklə, facebook.com və twitter.com sosial şəbəkələrində 1000-lərlə foto, video və digər məlumatlar paylaşmaqla dünya trendinə düşüblər.

Bu çətin günlərdə Azərbaycan diaspor könüllülərinin və bütün gənclərimizin "Karabakh is Azerbaijan!" platformasında birləşərək əsl həmrəylik nümayiş etdirməsindən CBC telekanalında da bəhs edilib. CBC telekanalına müsahibəsində Azərbaycan Diaspor Könüllülərinin təmsilçisi Nəzrin Qasımova bildirib ki, Azərbaycan ordusu Vətənimizi müdafiə etdiyi bir zamanda diaspor könüllüləri və gəncləri Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları ilə bağlı həqiqətləri sosial media vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar və onlar bu fəaliyyəti davam etdirəcəklər. "Hər bir azərbaycanlı gənci Ermənistanın işğalçı və təcavüzkar siyasətini müxtəlif dillərdə bütün dünyaya bəyan etməklə, ifşasına çalışmalıdır. Məqsədimiz Ermənistanın Azərbaycana qarşı təcavüzünü hər kəsə bəyan etmək və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqdır", - deyə Nəzrin Qasımova vurgulayıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !