Ağdaş rayonunda sanitar norma və qaydalara əməl etməyən ictimai iaşə müəssisəsi aşkarlanıb - - FOTO

Ağdaş rayonunda sanitar norma və qaydalara əməl etməyən ictimai iaşə müəssisəsi aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Ağdaş şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Əhmədov Natiq Mahmud oğluna məxsus ictimai iaşə müəssisəsində reyd keçirib.

Reyd zamanı kafedə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət olunmadığı aşkarlanıb.

Agentlik əməkdaşlarına sanitar geyimlə təmin olunmayan işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar, eləcə də istifadə olunan qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim edilməyib. Reyd zamanı işçilərin işə başlamazdan əvvəl və vaxtaşırı olaraq dezinfeksiyaedici məhlullardan istifadə etmədikləri də məlum olub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !