Ermənilərə qoşulub özümüzə gülməyək … - Azər Həsrət

Ermənilərə qoşulub özümüzə “gülməyək”… Azər Həsrət

Deyirlər ki, ermənilər bizə gülür. Nəyə gülürmüş bu “ən qədim millət”? Sən demə Prezident İlham Əliyevin iyulun 15-də səsləndirdiyi 150 rəqəminə. Bəli, elə bir rəqəm səslənib. Lakin niyə və hansı şəraitdə? Ümumiyyətlə, Prezident İlham Əliyev bu rəqəmi səsləndirməklə xalqın işğalçıya qarşı savaş istəyini gözdən salmaq məqsədi güdürdümü? Təbii ki, yox. Bu, heç mümkün də deyil. Əksinə, Prezident – Ali Baş Komandan küçələrə çıxıb silah və savaş tələb edənlərə buna necə nail olmağın yolunu göstərdi o rəqəmi səsləndirməklə. Yəni qeyd etdi ki, indiki halda dövlətin əlavə səfərbərliyə ehtiyacı yoxdur. Üstəlik, səfərbər olunmaq istəyənlər bunu küçələrdə bəyan etməklə yetinməməlidir. Könüllü şəkildə orduya yazılmaq istəyənlər səfərbərlik xidmətinə rəsmi müraciət etməlidir. Yəni İlham Əliyev bunu əsas tutaraq o rəqəmi səsləndirdi və iyulun 14-dən 15-nə keçən gecə küçələrə çıxmış on minlərlə gəncə yol göstərmiş oldu.
İndi aramızdan bəziləri çıxıb deyir ki, ermənilər bizə gülür. Erməninin işi bizə gülməkdir. Nə etsək də onlar bir səbəb və ya bəhanə tapıb bizi gözdən salmaq üçün çalışacaqlar. Bəs bizdən olub ermənilərin o “gülüşlərinə” ortaqlıq edənlərə nə deyək? Yaxud, ermənilər kontekstdən çıxarış verib nəsə bir bəhanə ilə bizə qarşı təbliğat qura bilər. Bəs siz niyə Prezidentin o 150 rəqəminə qədər dediklərinə diqqət etmirsiniz?
Elə isə biz sizə Prezidentin öz dilindən səslənmiş cümlələri təqdim edirik: “Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.
Göründüyü kimi, Prezident İlham Əliyev vətənpərvər insanların məlum təşəbbüsünü təqdir edir, hətta onların özünü ifadəsi üçün şəraitin yaradılması tapşırığını da verib: “Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim”.
Yaxud da izah edir ki, artıq küçəyə çıxıb Qarabağ qışqırmaq lazım deyil. Bunun üçün dövlətin uyğun qurumu və qaydaları var: “…mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır. Yoxsa kimsə özündən burada küçə qəhrəmanı düzəltmək istəyirsə, bu, pis yoldur. Mən yenə də deyirəm, dünən Şəhidlər xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır”.
Qeyd edək ki, Prezident İlham Əliyev bu fikirləri iyulun 15-də – Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Bir daha qeyd edirik, cənab Prezident – Ali Baş Komandan küçələrə çıxıb vətənpərvərlik nümayiş etdirənləri təqdirlə qarşılayır. Lakin bəzi qüvvələrin bundan sui-istifadə etməsinə də diqqət çəkir və məhz ona görə yol göstərir ki, Vətən üçün döyüşmək istəyənlər uyğun dövlət qurumuna yazılı müraciət etsin.
Təbii ki, həmin gecə təkcə Bakıda küçələrə çıxan on minlərlə gəncin istəyi səmimi idi və onlar səfərbərlik üçün belə müraciət edirdilər. Lakin Prezident də qeyd edir ki, indiki şəraitdə dövlətimizin buna ehtiyacı yoxdur.
Doğrudan da bu gün Azərbaycan ordusu bölgəmizin ən güclü ordusudur. Hələ işğalçı Ermənistanla müqayisədə qat-qat üstün olduğumuz heç kimə sirr deyil. Canlı qüvvə baxımından da hər hansı problemimiz yoxdur. Ona görə də Ali Baş Komandan səfərbərliyə zərurət görmür. Lakin arzu edənlərə də bunu rəsmiləşdirməyi tövsiyə edir. Məsələ bu qədər sadə və anlaşılandır. Yoxsa bir ölkənin Ali Baş Komandanı onun adıyla küçələrə çıxan, canını fəda etməyə hazır olanlara münasibətdə düşməni güldürəcək ifadə işlədərmi? Təbii ki, işlətməz.
Bir daha qeyd edirik, Prezident məlum tədbirə qoşulanların əməlini təqdir etdiyini xüsusi vurğulayıb və bundan məmnundur. Elə erməniləri də narahat edən budur. Onlar narahatdır ki, on minlərlə gənc bir anda səfərbər olunub məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə qarşı vuruşmaq iradəsini ifadə edir. Onlar da bu rahatsızlıqlarını məlumat üçün səsləndirilmiş bir rəqəmin ətrafında manipulyasiya ilə ört-basdır etməyə çalışırlar. Bizim aramızdan da bəziləri deyir ki, “ermənilər bizə gülür”. Sanki bu ermənilər müqəddəs varlıqlardır və onların hər sözü dəqiq, dürüst, doğrudur. Belə düşünənlərə, erməni təbliğatına alət olanlara səslənmək zorundayıq: bir az düşüncəli olun. Əgər düşmən nəyisə əlində rəhbər tutub bizə qarşı istifadə edirsə, deməli ağrıyan yerindən vurmuşuq onu. Prezident İlham Əliyev də məlum çıxışında erməniləri ağrıyan yerindən vurdu: o, küçələrə çıxan on minlərlə gəncimizin – insanımızın vətənpərvərliyini təqdir etdiyini deməklə düşmənə birliyimizin qətiyyətli olduğunu göstərdi. Düşmənsə, düşməndir. Çox rahatsızdır. Gəlin, biz də onlara qoşulub özümüzə “gülməyək”…
Dədəli, Xaçmaz AZƏR HƏSRƏT 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !