Gülağa Tənha - Düşmən çəpər başında...

Gülağa Tənha Düşmən çəpər başında...

Deyildiyi kimi də oldu: çəpər başında olan düşmən məqam yaranan kimi hücuma keçdi, daim ayıq sayıq olan Azərbaycan əsgəri isə layiqincə cavab verərək, yenidən atəşkəsi pozanları susmağa vadar etdi. Sabah nələrin olacağını uca Tanrıdan başqa kimsə bilməz, yalnız bu gün görülən işlər və məqsədlər sabahı müəyyən edir... Müharibə və döyüş haqqında deyilmiş müdrik kəlamlarda, diqqət çəkən belə bir deyim var: “Heç bir halda rəqibi zəif görmək olmaz!“ 12 iyul 2020 – ci il tarixində şəhid olmuş hərbiçilərimizin yaxınlarına səbir və hər bir azərbaycanlıya vətənə ləyaqətlə xidmət etməyi diləyirik...


Azpress.az – saytı Gülağa Tənhanın vətənpərvər şeirləri ilə yanaşı erməni vandalizmi haqqında bildirdiyi fikirləri təqdim edir.

 

 

VƏTƏNİ

 

Cismim burda, ruhum orda,
Xəyalım gəzər Vətəni.
El-obadan ayrı düşən
Daha çox sevər Vətəni.
Gecəsi var, gündüzü var,
Qəribliyin min üzü var.
Ürək yanar, alovlanar,
Güc, dayaq bilər Vətəni.
Günlər keçər, aylar ötər,
Yurdumuza bahar gələr.
Durnalar vaxtında dönər,
Başına dönər Vətənin.
Dəli könül, olma nadan,
Bu ömrü verdi Yaradan.
Mərd yarıyarsa dünyadan
Seyr etmək dilər Vətəni.
Neyləyirəm cənnət məkan,
Qürbətdə eylərəm fəğan.
Könül uçub uzaqlardan
Səcdəyə gələr Vətəni.
Moskva, 30.12.1999

 

 


KEÇİR, QƏLBİMDƏN KEÇİR

 

Məni
doğma diyardan alıb
uzaqlara aparan
yollar keçir qəlbimdən.
Yollarıma uzalı
əllər keçir qəlbimdən.
Həsrətdən boyun bükən
güllər keçir qəlbimdən.
Vətən bulaqlarından
Ovuclayıb su içmək,
Dağ aşmaq, dərə keçmək
keçir, qəlbimdən keçir.
Ana Vətən yolunda,
Əsirgəməz ər canı.
İndi güllər bitirər
Tökülən şəhid qanı.
Bu, sevgi tonqalıdı,
Yanacaq, sönməyəcək.
Üçrəngli bayrağımız
Bir daha enməyəcək.
Hücum səngəri bilər
Hər kəs Murov dağını.
Qeyrət, təpər, heysiyyət
Diz çökdürər yağını!
Bax, bu arzu, bu istək
keçir, qəlbimdən keçir!..
Bakı, 1993

 

 


İLAHİ, BƏNDƏNƏ YAZIĞIN GƏLSİN

 

Saldıq özümüzdən aralı sözü,
Canından qan daman yaralı sözü,
Dilimizdə bitib «haralı» sözü,
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Bakı bu taydadı, Təbriz o tayda,
Qarabağ inləyir, qalıbdı vayda,
Vətən parçalanıb, nə sülh, nə qayda…
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Cavanlar qürbətdə çörək gəzirlər,
Qızlar qarıyırlar, istək gəzirlər,
Məzarlar darıxır, çiçək gəzirlər,
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Niyə yazan yazdı belə bir qismət,
Sınaqdan çıxıbdı namus, ar, ismət,
Övladlar böyüyür ataya həsrət,
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Bakı, 20.03.1992

 

 

 

VAXTIDI




Dəli könül, alovlanma,
Bulaqların buz vaxtıdı.
Sevən yarın gülən günü,
İlqarının düz vaxtıdı.
Çayların çağlayan çağı,
Buludun ağlayan çağı,
Bülbülün dağlayan çağı,
Bənövşənin qız vaxtıdı.
Çəmənlikdə qalsın izin,
Gəzmə, sürün dizin-dizin,
Xoşdu qoxusu nərgizin,
Qoxla, qopart, üz, vaxtıdı.
Yanaqları allı gedir,
Gözəl yaman hallı gedir,
Dağlara bax, yallı gedir,
Durma, sındır, süz, vaxtıdı.
Zirvələr qəmə bürünür,
Duman yamacda sürünür,
Lalənin qanı görünür,
Qoy sevinsin göz, vaxtıdı.
Deyilənlər gəldi başa,
Baxma ilə, baxma yaşa.
Ürək deyir hələ yaşa,
Əlli nədi, yüz vaxtıdı.
Salma çətinə ürəyi,
Sevindir arzu-diləyi,
Həsrət qoyma sən mələyi,
Deyiləsi söz vaxtıdı.
Bakı, 23.01.2004

 

 

VƏTƏN DAŞIYIQ…



Qənim kəsilərik günün birində,
Baş altda daş qoyub baş qatanlara.
Bağrına daş basıb illərdən bəri
Millətin yoluna daş atanlara.

Başımız üstündə Tanrının səsi:
«Kükrəsin çeşmələr, çalxansın dəniz!».
Qar qara torpağı ağartdığıtək
Elə ağardarıq qara daşları
Günlərin birində Qarabağda biz!

Şəri boğazından çəkərik dara,
Quruyar gözlərin axan yaşları.
Bir-bir sarmanaraq al sabahlara
Qalaya dönəcək Vətən daşları.

Hər qala bir inam səngəri olar,
Xalq ömür yaşayar arzu-kam ilə!
Anam Qarabağda günün birində
Bir tonqal çatarıq ehtişam ilə!

Günü xoş gələcək xalqın, millətin
Torpaqdan cücərən, bitən daşıyıq.
Göyündən buludlar dağılar, Vətən,
Ruhu Vətən olan vətən daşıyıq!..

21.02.2004

 

 


HƏRƏ BİR TƏRƏFƏ ÇƏKİR…



Bu nə qurğudu, görəsən,
Arı bir tərəfə çəkir,
Şirə bir tərəfə çəkir.
Kasıbın günahı nədi? –
Zəli bir tərəfə çəkir,
Birə bir tərəfə çəkir.

Yaxşıya bax, yamana bax,
Möhlətə bax, amana bax…
Dağı tutan dumana bax –
Yarğan bir tərəfə çəkir,
Dərə bir tərəfə çəkir…

Qoyma qəddimi dərd əyə,
Dəyəmizi yağış döyə…
Yazıq Vətən, səni niyə
tamahına dirsəklənib
hərə bir tərəfə çəkir?!

Moskva, 09.05. 2007

 

 


VƏTƏN YARALANMASIN


2005-ci ilin sentyabr ayının 7-də ermənilər atəşkəsi pozdular. Döyüşdə üç düşmən öldürən Polad Əliyevə

Üzü səngərlərə düşmən gəlirdi,
Atışma gedirdi bayaqdan bəri.
Döyüşən oğullar Vətən bilirdi,
Vətənin köksünə dönən səngəri.
Poladın nifrəti – gülləyə əvəz,
Güllələr daşlara qan çiləyirdi.
Qəzəb lüləsindən çıxan güllələr,
Düşmənin başına od ələyirdi.
Pərəni pozuldu ermənilərin,
Polad da səngərdən bir boy dikəldi:
«İrəli! Hücuma!»…
Qırıldı səsi…
Torpaq sinəsinə çəkdi oğlunu,
Başına dəymişdi düşmən gülləsi…
Vətən canımızdı!
Hər qarış torpaq
Vətəni sevənə qan əvəzidi.
Vətəni həmişə ana bilmişik,
Vətən canımıza can əvəzidi!
Polad döyüşürdü…Döyüşürdü ki,
Vətənin köksünə dönən səngərin
Başının üstünü sar alammasın.
Polad şəhid oldu…Şəhid oldu ki,
Vətənin sinəsi yaralanmasın!
Moskva, 11 sentyabr, 2005

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !