KOICA Azərbaycan Nümayəndəliyi və VXSİDA-nın birgə təşkilatçılığı ilə Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilib - -FOTO=3

KOICA Azərbaycan Nümayəndəliyi və VXSİDA-nın birgə təşkilatçılığı ilə “Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası” mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilib -FOTO=3

 9 iyul 2020-ci il tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) birgə təşkilatçılığı ilə VXSİDA-nın müxtəlif şöbələrindən olan 150 nəfərdən çox mütəxəssisi üçün “Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası” mövzusunda Bilik Mübadiləsi Seminarı keçirilmişdir. Seminar 2017-2019-cu illərdə Koreyada təşkil edilmiş “VXSİDA əməkdaşları üçün vətəndaşlara xidmət üzrə potensialının artırılması” adlı Təlim Proqramının əsasında hazırlanmışdır.
COVID-19 Pandemiyası ilə əlaqəli mövcud vəziyyətdən irəli gələrək təqdimatçıların və təlim iştirakçılarının sağlamlığının qorunması məqsədilə və 5 nəfərdən artıq toplaşma qadağasını nəzərə alaraq Seminar Zoom Proqramı ilə virtual formatda həyata keçirilmişdir
KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru xanım Park Kumok açılış nitqində “ASAN”-nın müasir texnologiyalardan istifadə etməklə “vahid pəncərə” yanaşmasına əsaslanaraq vətəndaşlara daha asan və əlçatan xidmət göstərən ictimai xidmət sahəsində yeni bir brend olduğunu vurğuladı. Xanım Park bildirdi ki, Koreya 2000-ci illərdən başlayaraq qabaqcıl İT texnologiyasına əsaslanan elektron hökumət sistemini davamlı olaraq inkişaf etdirib. “Baxmayaraq ki, hər bir ölkənin özünəməxsus xüsusiyyətləri və bənzərsiz mədəniyyəti var, erkən elektron hökumət siyasətini sınaqdan keçirən Koreyanın təcrübəsini araşdırıb öyrənmək, eyni xəta və uğursuzluqlara uğramadan daha da inkişaf etmiş bir sistem yaratmağa imkan verəcəkdir” deyə əlavə etdi.
VXSİDA-nın Aparat Rəhbəri cənab Azad Cəfərli öz çıxışında COVID-19 böhranı ilə əlaqədar olaraq elektron hökumət xidmətlərinə dair yeni tələblərin yarandığını və Agentliyin İT mütəxəssislərinin COVID-19 pandemiyası zamanı ictimai xidmətlərə dair artan tələbatı qarşılamaq üçün yeni tətbiqlər və xidmətlər hazırlamaq məqsədilə səfərbər olduğunu vurğuladı. Cənab Cəfərli əlavə olaraq qeyd etdi ki, COVID-19 böhranından sonra rəqəmsal hökumət strategiyalarının hazırlanması səyləri məlumatların qorunması, həmçinin dövlət qurumlarının siyasət və texniki imkanlarının gücləndirilməsinə yönəldilməlidir.
Seminar, KOICA Təlim Proqramının məzunları olan VXSİDA-nin Beynəlxalq Əməkdaşlıq şöbəsinin baş məsləhətçisi cənab Asif Əzizov və baş mütəxəssisi xanım Nəzrin Əliyevanın “Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası və gələcəkdə Azərbaycana Tətbiq Metodları” barədə təqdimat çıxışları ilə davam etdi. Sözügedən Seminar Koreyeda təlim proqramında iştirak etmək imkanı olmayan şəxslər üçün böyük bir fürsət oldu.
KOICA Qrant Proqramı çərçivəsində 2017-2019-cu illər ərzində VXSİDA və müvafiq dövlət qurumlarının 53 nəfər dövlət rəsmisi üçün Koreyada “VXSİDA-nin əməkdaşları üçün vətəndaşlara xidmət üzrə potensialının artırılması” mövzusunda Ölkə üzrə Spesifik Təlim Proqramı təşkil edilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !