Cavadxan Qasımov: - BABƏK RAYONU SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR MƏRHƏLƏSİNDƏ

Cavadxan Qasımov: BABƏK RAYONU SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR MƏRHƏLƏSİNDƏ

Ölkəmizdə milli iqtisadi quruculuq proseslərinin qətiyyətlə reallaşdığı hazırkı şəraitdə davam edən islahatlar öz məntiqi nəticələrini verməkdədir. Xüsusilə, son 16 ildə uğurla icra olunan regional inkişaf üzrə Dövlət Proqramları bütün regionlar kimi Naxçıvan Muxtar Respublikasında da dayanıqlı və müqavimətli iqtisadiyyatın formalaşmasına stimul vermişdir. Nəticədə, muxtar respublikanın özü də malik olduğu səmərəli regional siyasəti ilə ölkənin makroiqtisadi potensialına daha da etibarlılıq gətirmişdir. Bunu muxtar respublikanın hər bir iqtisadi rayonunda, o cümlədən, Babək rayonunun timsalında da görə bilərik. Milli və regional iqtisadi siyasətin çox mühüm göstəricilərindən birin təşkil edən modern iqtisadi inkişaf siyasəti Babək rayonunun da müasir simasının gözəlləşməsinə, onun qəsəbə və kəndlərində infrastruktur quruculuğunun əhatəsinin genişlənməsinə, sosial dayanıqlılıq mexanzimlərinin təşəkkülünə, kommunal təminatın güclü dayaqlarının yaradılmasına xidmət etmiş və bu, dünyanın hazırkı inkişaf çağırışları ilə səsləşməklə reallaşmışdır. Təbii ki, bütün bunlar eyni zamanda, rayonun sosial-iqtisadi və mədəni həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi özünü ifadə edirdi. Məhz bu amillərin nəticəsi olaraq, Babək rayonu həm də milli iqtisadi inkişafın mühüm göstəricisi kimi şəhərləşmə siyasətinin səmərəliliyinə öz töhfələrini verməkdə idi. Bu sahədə həyata keçirilən tədbirlərə dövlət qayğısının və onun yüksək qiymətinin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin 12 iyun 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qəbul etdiyi qanuntəsdiqlənmiş və 19 iyun tarixində isə həmin qanunun tətbiqi barədə Sərəncam imzalanmışdır. Həmin tənzimlənməyə əsasən makroiqtisadi inkişafın bundan sonrakı mərhələsində Babək qəsəbəsi şəhər, Cəhri və Nehrəm kəndləri isə qəsəbəolaraq öz inkişaf göstəricilərinə davam edəcəklər.
İqtisadiyyatın sahə strukturunun artan dinamikasının təşəkkül tapdığı rayon artıq müəyyən olunan hədəf və prioritetlərin reallaşmasında mühüm mərhələyə gəlib çatmış və nəticədə regional iqtisadi siyasətin hərəkətverici qüvvəsinə çevrilmişdir. Qeyd edək ki, təkcə, 2004-2019-cu illərdə rayonda sənaye məhsulunun həcmində 29 dəfə artım olmuşdur. Həmin dövr ərzində bu artım sənayedə işçilərin orta sayında 8 dəfə, sənayedə işçilərin orta aylıq əmək haqqında isə 4,7 dəfə təşkil etmişdir. Sosial-iqtisadi inkişaf proseslərinin gedişi göstərir ki, regional inkişaf üzrə Dövlət proqramları geridə qalan illərdə Babək rayonunun iqtisadiyyatı üçün etibarlı dayaq təşkil etmiş, yüksək təminatlı, həmçinin, genişmiqyaslı infrastruktur quruculuğu həyata keçirilmişdir. Belə ki, 2004-2019-cu illərdə rayonda istər əsas kapitala yönəldilən vəsaitlərin, istərsə də, onun tərkibində tikinti-quraşdırma işlərinin həcmi 4 dəfə artmışdır. Təbii ki, bu, rayonda quruculuq və abadlaşdırma tədbirlərinin həyata keçirilməsi, müasir və modern infrastruktur siyasətinin tərkib hissəsi olaraq reallaşmışdır.
Artıq yarım əsrə yaxın mövcud olan Babək rayonu 23 oktyabr 1978-ci ildə təşkil olunmuşdur. Qeyd edək ki, bu dövrdən etibarən rayonun mərkəzi Təzəkənd olmaqla, qəsəbə kimi formalaşmış və artıq bu ildən isə şəhər statusu almışdır. Hazırda Babək şəhərinin əhaisi 12 min 300 nəfərdir. Onun 6100 nəfəri kişilərdən, 6200 nəfəri isə qadınlardan ibarətdir. Bu göstərici ölkənin iqtisadi siyasətində sosiallaşma proseslərinin, o cümlədən, demoqrafik tarazlığın qorunmasındakı tədbirlərin effektivliyini göstərməkdədir.
Son 25 il ərzində muxtar respublika iqtisadiyyatında reallaşan islahatlar kənd və qəsəbələrin də sosial-iqtisadi inkişaf sahəsindəki göstəricilərinə yeni nəfəs vermişdir. Bu, Babək qəsəbəsinin də milli iqtisadiyyat üçün olduqca əhəmiyyətli olan sənayeləşmə, sosiallaşma, şəxaləndirmə, idarəetmə və təsəffürat fəaliyyətinin müxtəlif sahələrində də özünü göstərmiş və ona şəhər statusunun verilməsində zəruri amillərin tərkib hissəsi olaraq çıxış etmişdir. Dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlər Babək şəhərinin qarşıdakı dövrlər üzrə də uzunmüddətli inkişafı üçün dayanıqlı əsaslar yaratmışdır. İqtisadiyyatın aparıcı sahələri olaraq, sənaye və kənd təsərrüfatı üçün etibarlı mühitin təşkili, məşğulluq (özünüməşğulluq) imkanlarının əhatəsinin genişlənməsi, istehsal, bazar və ticarət müasibətlərinin inkişafı, tələb və təklif qanunlarının işləkliyi, alqı-satqı proseslərinin səmərəli təşkili və digər amillərin mövcudluğu artıq Babək şəhərinin malik olduğu səmərəlilik göstəricilərindədir. Diqqət edəndə aydın olur ki, Babək şəhərində 1606 hektarlıq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, 211 hektarlıq ümumi yaşayış məntəqəsinin, ümumi sahəsi 554 hektar olan pay torpaqlarının, 7 ticarət obyektinin, 14 ailə təsərrüfatının, 3 ictimai iaşə obyektinin olması bu sahələr üzrə təşəkkül tapan fəaliyyətin səmərəliliyini daha da artırmaqdadır. Qeyd edək ki, burada əhalinin əsas məşğuliyyətinin də elə məhz əkinçilik, maldarlıq və arıçılıqdan ibarət olması da həmin sahələr üzrə səmərəli fəaliyyət mühitinin yaradılmasından xəbər verməkdədir.
Təbii ki, sosial və iqtisadi inkişaf davamlı islahatlar fonunda hər iki sahə üzrə güclü infrastruktur quruculuğu proseslərinin təminatından olduq qədər asılıdır. Fikrimizi, Babək şəhərində 13 istehsal obyektinin mövcud olması da təsdiqləyir. Bunlar, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Asfalt Beton Zavod Kompleksi, illik istehsal gücü 40 min ton olan “Gəmiqaya Daş Məhsulları” MMC, saatda 157 ton qum-çınqıl və 100 kubmetr beton istehsal edə bilən “Gəmiqaya Beton Məmulatları Sənaye Kompleksi” MMC, “Dizayn Beton”,“Cahan İnşaat” MMC-nin Beton Məmulatları Zavodu, Bərəkət Ət Məhsulları Kompleksi MMC, 1 mebel, 1 şəkər, pirket və 4 çörək istehsalı sahəsindən ibarət olmaqdadır. Yüksək məşğulluq və sosial dayanıqlılıq göstəricilərinin ifadə olunduğu bu göstəricilər Babək şəhərinin həm də gələcək perspektivlərini ifadə etməkdədir.
Göstərilən ardıcıllıqda Babək şəhərənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun ictimai mühitində, mədəni həyatında, çoxsahəli fəaliyyət sferalarında, milli-mənəvi dəyərlərinin qorunmasında, yaradıcılıq təşəbbüslərinin reallaşmasında, təhsilin və tədrisin səmərəli təşkilində, rifah göstəricilərinin artan dinamikasında və digər sahələr üzrə əlverişli şəraitin güclü təsisatlarında görmək olar. Belə ki, Babək şəhərində fəaliyyətdə olan 6 məişət xidmət obyektinin, 2 mərasim evinin, 2 məscidin, 1 Uşaq-Musiqi Məktəbinin, 1 uşaq-gənclər Şahmat Məktəbinin, 756 şagird yerlik Babək şəhər 1 nömrəli və 342 şagirdyerlik 2 nömrəli tam orta məktəbinin, 4 məktəbdənkənar müəssisənin, 1 məktəbəqədər təhsil müəssisəsinin və hal-hazırda inşa olunan bazar kompleksinin mövcudluğu qeyd olunan amillərin səmərəli təminatına təkan olmaqdadır.
Naxçıvan Muxtar Respublikasının etibarlı və müqavimətli sosiallaşma proseslərindən ruhlanan Babək şəhərində dövlət qurumlarının fəaliyyəti, əhalinin yaşayışı, sosial-iqtisadi inkişaf üçün səmərəli olacaq obyektlərin tikilməsi burada həm də ümumilikdə, Babək rayonunun bu sahədəki potensialını daha da artırmaqdadır. Şəhərdə rayon İcra Hakimiyyətinin inzibati binasının, həmçinin, 8 dövlət, 5 ictimai təşkilatın yerləşdiyi 4 mərtəbəli inzibati binanın, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin 87 meqavat gücündə Modul Tipli Elektrik Stansiyasının, Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin, Babək Rayon Mədəniyyət Şöbəsinin, Babək Rayon Rabitə İdarəsinin, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Süni Mayalanma Mərkəzinin, Babək şəhərindəki 7 mərtəbəli, 28 mənzilli yaşayış binasının, Babək Rayon Elektrik Şəbəkəsinin və Yarımstansiyasının, Naxçıvan Yaşıllaşdırma Xidmətinin “İqlim otağı”nın, Babək Rayon Baytarlıq İdarəsinin, Babək şəhərində Şəhidlərin Abidə Kompleksinin, Babək şəhərində İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin, Xalq qəhrəmanı Babəkin şəhərdəki heykəlinin və digər tarixiliklə müasirliyin vəhdətindən ibarət ünvanların olması yaxın və uzaq keçmişlə gələcəyin səsləşməsini bir daha göstərməkdədir.
Bütün bunlardan aydın olur ki, Babək rayonunun mərkəzi qəsəbə və şəhər statusları arasında çox güclü, məhsuldar və strateji potensialla keçid etmişdir. Və bu potensial Babək şəhərinin milli iqtisadiyyat üçün persepktvilərinin daha da artırılmasında mühüm mərhələyə çevriləcəkdir. Həmçinin, bu, ümüumilikdə, muxtar respublikada təmin olunanmodernləşmənin, müasirliyin, inkişafın, tərəqqinin və intibahın gerçək təsdiqidir, ifadəsidir və görüntüsüdür. Çox sevindirici haldır ki, qeyd olunan bütün bu uğurları Babək şəhəri ilə yanaşı, eyni zamanda, rayonun kəndlərində və qəsəbələrində də görmək mümkündür.Bu mənada, muxtar respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində Nehrəm qəsəbəsinin də olması təbiidir.
Adı 1590-cı ildə Naxçıvan, 1728-ci ildə isə Qışlağat nahiyələrində qeydə alınan Nehrəm qəsəbəsinin 16 min 519 nəfər əhalisi vardır ki, onun da 8253 nəfərini kişilər, 8266 nəfərini isə qadınlar təşkil etməkdədir. Ölkənin regional iqtisadi siyasətindən yetərincə bəhrələnən Nehrəm qəsəbəsi abadlaşan və davamlı inkişafı ilə diqqət çəkən ərazilərdəndir. Qəsəbənin iqtisadi göstəricilərinə diqqət etdikdə, aydın olur ki, burada iqtisadiyyatın sahə strukturu üzrə əhəmiyyətli təşkilatlanma mövcuddur və bu, özünün sosial mahiyyəti ilə daha da aktuallaşmaqdadır. Nehrəm kəndinin qəsəbə statusuna malik olması onun bu günə qədər formalaşdırdığı potensialla yanaşı, eyni zamanda, uzunmüddətli perspektivləri üçün də yol açacaqdır. İstehsal müəssisələrinin yaradılması, bunun üçün zəruri infrastruktur quruculuğunun həyata keçirilməsi, əhali məşğulluğunun təmin olunması və bu istiqamətdə köməkçi sahələrin çevikliyinin stimullaşdırılması, nəticə etibarı ilə isə məskunlaşma siyasətinin səmərəliliyi fonunda sosiallaşma dəyərlərinin geniş əhatədə mövcudluğunu göstərməkdədir.
Nehrəm qəsəbəsi özünün müvəffəqiyyət göstəriciləri ilə ölkənin rayonlaşma və şəhərləşmə siyasətinə mühüm töhfədir. Çünki, bu amil, həm də məntiqi baxımdan Babək rayonu ilə yanaşı, muxtar respublikanın digər rayonlarda da müvafiq təşkilatlanmanın, mexanizmlərin və hazırlığın mövcud olmasının ifadəsidir. Belə ki, məsələyə regional inkişaf üzrə Dövlət Proqramlarının icrasının bütün regionlar üzrə qazandırdığı tarazlı sosial-iqtisadi uğurlar fonunda yanaşmaqla müvafiq göstəricilərə xas ərazilər üzrə də ardıcıllığın davam edəcəyini də qeyd etmək olar.
Nehrəm qəsəbəsinin iqtisadi sahədəki perspektivləri böyükdür. Belə ki, qəsəbədə 6597 hektarlıq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin(440 hektar həyətyanı, 2432 hektar çöl torpağı sahəsi), ümumi ərazisi 687 hektar olan yaşayış məntəqəsinin, 3535 əhali təsərrüfatının, 3 məktəbin (927 yerlik 1 nömrəli, 990 şagird yerlik 2 nömrəli və 540 şagird yerlik 3 nömrəli tam orta məktəb), 1 Uşaq-Musiqi məktəbinin, 4 ictimai iaşə obyektinin, 11 məscidin (Hasar, Güllü, Qarağanlı, Xəndək, Həzrəti Zəhra, Xancan, Hüseyni, Çaylaq, Təpəbaşı, Şişşin, Cami), 8 mərasim evinin olması fikrimizi təsdiqləməkdədir. Bütün bunlar həmçinin, qəsəbə sakinlərinin:
- dövlət quruculuğu proseslərində iştirak etmək;
- firəvan yaşayışını yəmin etmək;
- etibarlı və səmərəli təhsil almaq;
- ibadət etmək;
- yaradıcılıq işləri ilə məşğul olmaq və s. sahələr üzrə qayğı ilə əhatə olunmasının gerçək ifadəsidir.
Qəsəbədə sosial və iqtisadi sahələr üzrə təşəkkül tapan göstəricilər əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi, tarixi keçmişimizə sahib çıxılması və müasir dövrdə aktual olan tədbirlərin reallaşması baxımından da çox əhəmiyyətlidir. Belə ki, qəsəbə ərazisində sahəsi 8515 kvadratmetr olan Heydər Parkı, “İmamzadə”, 20 çarpayılıq xəstəxana, kənd mərkəzi, Şəhidlər Xatirə Kompleksi, iki məişət evi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, ticarət mərkəzi, bazar, Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu, poçt bölməsi, yeni nəsil ATS də vardır ki, bunlar həm də artan təlabatların qarşılanmasında, əhalinin sağlamlığının qorunmasında və çoxistiqamətli xidmətlərdən istifadə imkanlarının artmasında zəruridir.
Nehrəmin kənddən qəsəbəyə çevrilməsi ümumi mənada, milli iqtisadiyyat üçün müəyyən olunan hədəf və prioritetlərin reallaşmasının ifadəsidir, makroiqtisadi proseslərin artan dinamikada təşəkkülünə töhfə verməkdədir və sosial dayanıqlığın daha da möhkəmlənməsinə xdimət etməkdədir. Bunu qəsəbədə 19 istehsal obyektinin mövcud olması da göstərir. Bu sırada 6 gəc, 2 pirket, 3 çörək , 3 mebel və 1 plastik qapı-pəncərə istehsalı sahəsinin, 2 ədəd meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan istixana kompleksinin, Xalaoğlu kəndli-fermer təsərrüfatının, Sumqala Tikinti Təchizatı MMC-nin üzümçülük sahəsinin adını qeyd edə bilərik. Bunlarla yanaşı, qəsəbədə davam etdirilən infrastruktur quruculuğunun da sosial-iqtisadi inkişafın sistemliliyi üçün önəmini qeyd edə bilərik. Belə ki, hazırda qəsəbə ərazisində su və kanalizasiya sistemlərinin çəkilişi aparılır ki, bu da müəyyən olunan hədəfləri daha da əlçatan etməkdədir.
Milli iqtisadiyyat üçün reallaşan islahatlar fonunda əldə olunan nailiyyətlər içərisində Cəhri qəsəbəsinin də mühüm yerə malik olduğunu qeyd edə bilərik. Bu qədim tarixi özündə əks etdirən ərazidəorta əsrlərə aid “İşıqlar”, “Kəndtəpə”, “Meydantəpə” yaşayış məskənləri, qəsəbədən şimalda Çalxanqala müdafiə qalası da vardır. Həmçinin qəsəbənin ərazisində 2-3 min il bundan əvvələ aid maddi-mədəniyyət nümunələri də tapılmışdır ki, bunlar da elmi araşdırmalarda əsaslandırılmış şəkildə olmaqla, öz yerini almışdır.
Ölkə başçısının müvafiq Sərəncamı ilə qəsəbə statusuna malik olan Cəhrinin əhalisinin ümumi sayı11 min 241 nəfərdir ki, onun da 5741 nəfərini qadınlar, 5500 nəfərini isə kişilər təşkil etməkdədir.İqtisadi artım göstəricilərinin, bu sahədəki hədəflərin əlçatanlığının təmin olunmasının, sosial mahiyyəti yüksək olan tədbirlərin reallaşmasının və məskunlaşma siyasətinin səmərəliliyinin ifadəsi olaraq Cəhri qəsəbəsi mühüm təsirə malik olmaqdadır. Qəsəbənin ərazisi 386 hektartəşkil edir.Orada2261 əhali təsərrüfatıvə 2 ictimai iaşə obyektivardır ki, bu da, məşğulluq və sosiallaşma sahəsində mühüm göstəricidir. Təbii ki, bu, həm də kəndlərin iqtisadi inkişafı və zəruri infrastruktur təminatı ilə təşkilatlandığını bir daha göstərməkdədir. İstehsaldan istehlaka qədər olan bütün mərhələlər üzrə kəsintisiz və qarşılıqlı əlaqələrin müstəsna əhəmiyyəti vardır.
Cəhri qəsəbəsi də muxtar respublika iqtisadiyyatının daim yeniləşən və keyfiyyət göstəriciləri ilə zəngin olan ərazisidir. Burada həm məhsuldar iqtisadi fəaliyyətin həyata keçirilməsi, həm də səmərəli idarəetmə üçün münbit zəmin və mexanizmlər, həmçinin, infrastruktur mövcuddur. Bunu qəsəbədə ümumi ərazisi 9582 hektar olan inzibati ərazi dairəsi üzrə nümayəndəliyin(387 hektar həyətyanı,1006 hektar çöl torpağı sahəsi) olması da göstərməkdədir.
Dövlətin sosial siyasətinin səmərəli təşkilini göstərən amillərdən birini də təhsil sahəsi üzrə inkişaf göstəriciləri təşkil etməkdədir. Qeyd edək ki, Cəhri qəsəbəsində bu sahədə də keyfiyyətcə yeni mərhələnin əsasları qoyulmuşdur. Belə ki, qəsəbədə 828 şagird yerlik 1 və 405 şagird yerlik 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərməkdədir ki, bu da, sağlam və yaradıcı ideyalara söykənən gənc nəslin yetişdirilməsində çox mühüm amildir. Bunlarla yanaşı, qəsəbədə 2 mərasim evinin və 6 məscidin, uşaq-musiqi məktəbinin, sahə xəstəxanasının, kənd mərkəzinin olması burada da milli-mədəni dəyərlərin və əhalinin sağlamlığının qorunması sahəsindəki tədbirlərin daima aktual olduğunu bir daha göstərməkdədir.
Naxçıvan Muxtar Respublikasında yerli məhsul istehsalının stimullaşdırılması, alıcı və satıcı məmnuniyyətinin təmin olunması, həmçinin, tələb və təklif arasındakı tarazlığın təşəkkülü istehlakçıların əmtəələr üzrə əlçatanlığı üçün güclü təsisatlar gətirmişdir. Məhz bu amillər Cəhri qəsəbəsində istifadəsi təmin olunan 4 ticarət obyektinin fəaliyyətində özünü göstərməkdədir.
Təbii ki, inkişaf olan yerdə, iqtisadi artım şəratində və davam edən islahatlar müstəvisində çox mühüm amil olaraq istehsal və onun fasiləsizliyini təmin etmək zəruridir. Həm bütün dövrlər üzrə aktuallığını qoruyan amil olaraq, həm də məşğulluq üçün hərəkətverici qüvvəyə çevrilən istehsal amili Cəhri qəsəbəsinin müasir iqtisadi inkişafında aktuallıq qazanmaqdadır. Burada mövcud olan 9 istehsal obyektinin hər biri özündə iqtisadiyyatın dayanıqlılığının mühüm göstəricisi olaraq təşəkkül tapmışdır. Onlar 4 lavaş sexindən,1 un dəyirmanından,1 şirniyyat və mebel sexindən,1 beton halqa istehsalı sahəsindən və Cahan Tabak Beynəlxalq Tütünyetişdirmə Mərkəzinin Tütün Qəbulu Məntəqəsindən ibarət olmaqla, istehsal infrastrukturunun inkişafı sahəsində mühüm göstəricilərdir.
Beləliklə, Babək şəhərində və hər iki qəsəbədə formalaşan bu potensial həm də milli iqtisadiyyat üçün prioritetə çevrilən çoxistiqamətli turizm infrastrukturu deməkdir və turizm məkanlarının da cəlbediciliyinin artması baxımından olduqca səmərəlidir. Əldə olunan nailiyyətlər yaxın gələcəkdə iqtisadiyyatın sahə strukturu üçün zəruri olacaq istiqamətlərin regional mahiyyətini daha da artırcaqdır. Təbii ki, bu isə, Babək şəhəri ilə yanaşı, Nehrəm və Cəhri qəsəbələrinin mövcud perspektivlərinini daha da artıracaq.

 Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !