Gülağa Tənha - "Qızıl yarpaq, Tənha səs" ifa: Əkbər Əlizadə

Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Əkbər Əlizadə

“Qızıl yarpaq, Tənha səs” müsabiqəsinin növbəti iştirakçısı, qiraətçi Əkbər Əlizadədir. O, müsabiqəyə Gülağa Tənhanın “Daha ayrılmayaq” şeiri ilə qatılıb. Azpress.az – saytı eyni zamanda Şairin digər şeirlərindən də seçmələri təqdim edir.

 


DƏRDDƏN ALAR

 

Haqqın yoluna qayıt,
Boğacaq günah səni.
Tilsimdən qurtarammaz,
Çəkdiyin o ah səni.
Şeytan qırağa çəkər,
Baxar, qılığa çəkər,
Hər gün sınağa çəkər,
Gah dərdini, gah səni.
Hay ver titrəyən səsə,
Qoyma inciyə, küsə.
Dərddən alar istəsə,
Açılan sabah səni.
29.08.2002

 

 

XATIRLA MƏNİ

 

Başın üstə dəli yellər
Əsəndə xatırla məni.
Taleyin dönük illərdən
Küsəndə xatırla məni.
Ərit intizar dağını,
Çevir sevgi varağını,
Aylar, illər qərarını
Kəsəndə xatırla məni.
Dönən deyil gedən gəmi,
İlim-ilim itən gəmi.
Sevgin ömrünü daş kimi
Əzəndə xatırla məni.
Moskva, 22.09.1987

 

 

BURDA




Durduğum yerdəcə o gözlər məni
Kərəm eləmişdi az qala burda.
Rahat günlərimi alıb əlimdən,
Gör necə gətirdi zavala burda.
Dinib-danışmağa dilim də yoxdu,
Dərdimi yumağa selim də yoxdu,
Geriyə dönməyə yolum da yoxdu,
Aşılmır, keçilmir bu qala burda.
Tanrının bəndəyə gözəllik payı,
Aləmi yandırır harayı, hayı.
Bu qərib diyarda məndən savayı
Kimsə düşməmişdi bu hala burda.
Ot basmış izimi şeiriyyət bilib,
Bu dəli uğuru xoş niyyət bilib,
Zəvvaram, sevgimi ziyarət bilib,
Eşqimdən tonqal çat, od qala burda.
Gözümdən torpağa ağrı ək, gözəl,
Dərdimi ömrümdən qopar, çək, gözəl,
Gəlmişəm, nazımı özün çək, gözəl,
Tənhanın adından ad qala burda!..
Moskva, 14.04.2004

 

 


HƏSRƏTİN ÜZÜ BOZDU

 

Kim keçib, bilənmi var?–
Bu yollar yenə tozdu.
Bu uğur yazısını
Əsən küləklər pozdu.
Yasəmən qoxusunu,
Ayrılıq qorxusunu,
Gecənin yuxusunu
Açılan səhər yozdu.
Ümid bükək həsrətə,
Dözüm əkək həsrətə,
Qılınc çəkək həsrətə,
Həsrətin üzü bozdu…
30.03.1992

 


DÖNDÜ

 

Sən getdin, bir ümidin
İzsiz sorağa döndü.
Gözlərində göz yaşın
Qanlı bayrağa döndü.
Üç yanaşı qız gördüm,
Köz-köz yanan göz gördüm,
Səni gülərüz gördüm,
Ürəyim dağa döndü.
Qoyma həsrət öyünə,
Həsrəti sal düyünə.
Görərsən, bir gün sənə
Döndü, Gülağa döndü.

 

 

 

 

 Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !