Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi mövzusunda virtual elmi seminar keçirilib - - FOTO

“Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi” mövzusunda virtual elmi seminar keçirilib - FOTO

İyulun 7-də Bakı Dövlət Universitetində (BDU) Coğrafiya  fakültəsinin təşkilatçılığı ilə “Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminar iştirakçılarını salamlayan Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova bildirib ki, dünyada koronavirus (COVİD-19) pandemiyasının yayılması ictimai həyata böyük dəyişikliklərin yaranmasına, təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılmasına səbəb olsa da, BDU rəhbərliyi tərəfindən vaxtında təşkil olunan onlayn dərslər və yay imtahan sessiyası artıq uğurla başa çatmaq üzrədir. Ş.Məmmədova son illərdə fakültədə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən bəhs edib, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb.

Daha sonra “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, professor Çingiz İsmayılov “Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Pandemiya şəraitində tətbiq olunan distant təhsil və ənənəvi təhsil sisteminin müqayisəli təhlilini, hər iki təhsil formasının üstün və mənfi cəhətlərini barədə ətraflı məlumat verib.

Videobağlantıya qoşulan rektor Elçin Babayev iştirakçıları salamlayaraq bildirib ki, koronavirus (COVİD-19) pandemiyası ilə səbəbilə BDU-da onlayn formatda uğurla baş tutan konfranslar, elmi seminarlar, ustad dərsləri, müzakirələr, iclaslar artıq ənənəvi hal alıb. Coğrafiya fakültəsinin elmi uğurlarından danışan rektor fakültədə aparılan innovativ yönümlü elmi-tədqiqat işlərindən, fakültənin elmin tərəqqisinə, qazandığı nailiyyətlərə diqqət çəkib.

Seminarda BDU-nun professor-müəllim heyəti, doktorantlar və tələbə-magistrantlarla  yanaşı, BDU-nun Geologiya fakültəsinin dekanı Məhluqa Məmmədova, Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov və Türkiyənin Egey Universitetinin professorlarından Osman Fedrda Beytekn və Aydın İbrahimov da iştirak ediblər. EGE Universitetinin əməkdaşları mövcud şəraitdə Türkiyə təhsil sistemində də yaranan problemlərdən və bu problemlətin həlli yollarından danışıblar.

Sonda Coğrafiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mətanət Musayeva fakültənin 2020-ci ilin ilk yarım ili ərzindəki elmi və pedaqoji fəaliyyəti haqqında ümumi hesabatını təqdim edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !