Bu gün ən böyük problemimiz hamının hamıya inamsızlığıdır. -

Bu gün ən böyük problemimiz hamının hamıya inamsızlığıdır.

 Bu gün ən böyük problemimiz hamının hamıya inamsızlığıdır. Bu gün bu inamsızlıq bizim ən təhlükəli düşmənimizdir. Məhz buna görə biz 90-cı illərdə torpaqlarımızın işğalına yol verdik. Yaxşı, o dövr biz yenicə müstəqil olmuşduq. Bəs indi nə naş verir?! İndi də biz Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünün uzun illər apardığı yalanın, yaltaqlığın, böhtanın üzərində qurduğu siyasətin, təbliğatın qurbanlarıyıq. Bizi bu günə bu cütlüyün bəsləyib bizə sırıdığı “media kapitanları”, şou TV-ləri, reket qəzet və saytları oldu. Onlar uzun illər ağa qara dedilər, mərdləri namərd kimi qələmə verdilər, vətənpərvərlərə düşmən damğası vurdular, satqınları isə vətənpərvər kimi sırıdılar, tənqidi təhqirlə əvəzlədilər, yaltaqlığı yeni biznes növünə çevirdilər. Məhz bu kapitanlar, TV və digər KİV-lər bu gün bu cütlüyün ən sərt tənqidçiləridirlər. Çox bilmiş quşlar dimdiklərindən düşdülər. Özləri cəhənnəm, bizi də uçuruma saldılar.
Ona görə də bu gün hakimiyyətin bir nömrəli vəzifəsi vətəndaşlara inam aşılamaqdır. Bunun da ancaq bir yolu var. O da vətəndaşlarla səmimi, atdıqları addımlarında dürüst və ədalətli olmaqdır. Hakimiyyət tərəfindən islahat kampaniyası elan edilən kimi dediklərimi bir daha təkrarlayıram. İstənilən islahat, hakimiyyətin atdığı ən müsbət addımlarda belə, ancaq vətəndaşların inandığı təqdirdə baş tuta bilər.
İkinci, ən böyük bəlamız da bu hakimiyyətin apardığı təbliğatın nəticəsidir. Uzun illər hakimiyyət vətəndaşlarda özünə güvəni öldürdü və onlara aşıladı ki, bütün məsələləri ancaq hakimiyyət həll edə bilər, vətəndaşlar isə heç kimdirlər. İnsanların hakimiyyətə, ölkənin idarə olunmasında heç bir aidiyyatı yoxdur. Buna görə də bu gün insanlar koronavirus dövründə özlərindən heç nəyin asılı olmadığını, hər şeyin ancaq hakimiyyətin həll etməli olduğunu düşünürlər. Niyə "yaxşı" olanda hakimiyyət, "pis" olanda isə vətəndaşlar cavab verməlidirlər?! Haradasa haqlıdırlar.
Pandemiyanın böyük fəlakətləri ilə yanaşı müsbət tərəfi həm də hakimiyyətə xalqsız heç kim olduqlarını göstərməsi oldu. Hamı gördü ki, hakimiyyətləri xalq tərəfindən formalaşdırılan dövlətlər bu bəladan asan və tez çıxdılar, çünki çətin günlərdə xalq hakimiyyətə dayaq oldu, kömək etdi.
Sonda onu bildirim ki, bu gün bizim fəlsəfi müzakirələr aparmağa vaxtımız yoxdur. Fəlakət ölkəni ağuşuna alıb və hakimiyyət aciz durumdadır. Ancaq hamımız, yəni xalq və hakimiyyət bir yerdə bu fəlakətdən qurtula bilərik. Bu gün haqq-hesab çəkmək yox, fəlakətdən qurtulmaq barədə düşünməliyik. Ona görə də koronavirusla mübarizə təlimatlarına özümüz əməl etməli və başqalarından da bunu tələb etməliyik.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !