BDU-nun tələbələri Çin dili körpüsü müsabiqəsinin qalibi olublar - - FOTO

BDU-nun tələbələri “Çin dili körpüsü” müsabiqəsinin qalibi olublar - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsinin qalibi olublar. BDU-nun Konfutsi İnstitutu və Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı Səfirliyinin dəstəyi ilə onlayn formada baş tutan müsabiqədə ölkənin müxtəlif ali təhsil məktəblərinin tələbələri iştirak edib.

Müsabiqədə Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq” (Çin üzrə) ixtisasının üçüncü kurs tələbəsi Minara Tyutyunik (91.12) birinci, dördüncü kurs tələbəsi Aygün Ağayeva üçüncü yerə, “Dilşünaslıq” (Çin dili) üzrə I kurs magistrantı Səadət Quluzadə isə fərqlənmə sertifikatına layiq görülüblər.

Yarış ənənəvi olaraq üç mərhələdə təşkil olunub. İştirakçılar nitq qabiliyyəti (60 bal), sual-cavab (20 bal), istedad qiymətləndirilməsi (20 bal) mərhələləri üzrə öz güclərini sınayıblar. Müsabiqənin şərtlərinə əsasən, qalib Çində keçiriləcək XIX Ümumdünya “Çin dili körpüsü” müsabiqəsində ölkəmizi təmsil edəcək.

“Çin dili körpüsü” müsabiqəsinin əsas məqsədi tələbələrə çin dilində bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda çin dilinə maraq və sevgini artırmaq, həmçinin çin dili və mədəniyyəti anlayışına imkan yaratmaqdır. Müsabiqəyə hər il 70-dən çox ölkədən tələbələr qatılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !