Aynur Camal: - indiyədək dediklərimiz, yazdıqlarımız nəticəsizdir.

Aynur Camal: indiyədək dediklərimiz, yazdıqlarımız nəticəsizdir.

Koronavirus infeksiyası yayılan ilk günlərdən indiyədək dediklərimiz, yazdıqlarımız nəticəsizdir. “Yas mərasimləri təxirə salınmalıdır” deyirik, məhəl qoyan yoxdur. Xüsusən bölgələrimizdə köhnə vaxtlarda olduğu kimi, böyük yas çadırları qurulur, camaat bu mərasimlərə toplanılır. Başqa bölgələri bilmirəm, amma mənim doğulduğum, qohumlarımın yaşadığı Tərtər, Bərdə, Goranboy rayonlarında durum dəqiq belədir. Həm özlərini təhlükəyə atırlar, həm yaxın qohumunu itirən insanları çətin duruma salırlar. Hazırda mən o vəziyyətdəyəm, nə edəcəyimi bilmirəm. Yaxın qohumum dünyasını dəyişib. El-oba, qohum-əqrəba yas mərasiminə toplaşıb, mən “gedim-getməyim” dilemmasındayam. Evimdə azyaşlı uşaqlar var, necə iştirak edim, 300-400 qadının iştirakı ilə qapalı otaqlarda keçirilən təziyyə məclisində oturandan sonra uşaqlarımın yanına necə qayıdım? Amma bu məclislərin keçirilməsinin qarşısı müvafiq icra hakimiyyətləri tərəfindən alınsa, vətəndaş olaraq biz də bu çətin vəziyyətə düşmərik axı.
Bir telefon zəngiylə reallığı izah edib başsağlığı verə bilərik. Toy-yas mərasimləri ölkədə qadağan olunub. Bəs onda rayon icra hakimiyyətləri, müvafiq hüquq-mühafizə orqanları hara baxır, niyə ölçü götürülmür, yas mərasimlərinin keçirilməsinin qarşısı niyə alınmır? Gözlərinin önündə baş verənləri niyə görmürlər? Bölgələrdə yas mərasimləri necə ağır keçir, bilənlər bilir. Burada nə sosial məsafə gözləmək mümkündür, nə maska taxmaq. 300-500 qadının yarım gün eyni otaqda səsli ağlaması mənzərəsini göz önünə gətirin, burada infeksiyanın yayılmaması mümkün deyil. Və sonra o qadınların hərəsi bir evə gedir, bu, potensial olaraq bütün ailə üzvlərinin yoluxması deməkdir. Bax, buna görə ölkədə yoluxma sayı azalmaq əvəzinə artır.
Bu günlərdə Şəmkirdə sünnət mərasimi keçirilməsinə görə kənd icra nümayəndəsinin işdən çıxarılmasını eşitdik. Amma məncə, icra nümayəndəsi yox, həmin rayonun icra başçısı hansısa formada cəzalandırılmalıdır. Əgər bir kənddə, qəsəbədə dövlət səviyyəsində qəbul edilmiş qaydalara əməl olunmursa, buna məsuliyyəti birbaşa o bölgənin icra başçısı daşıyır. Eləcə də Tərtər, Goranboy və Bərdədə hələ kəndləri demirəm, rayon mərkəzində keçirilən yas mərasimlərindən icra hakimiyyətlərinin, hüquq mühafizə orqanlarının həqiqətən xəbərləri yoxdur, yoxsa veclərinə deyil, karantin rejiminə məhəl qoymurlar?
Sərin kabinetlərdə əyləşib yalnız öz sağlamlığını qorumaq üçün təyin olunmayıblar o icra başçıları. Bərdənin icra başçısı onlayn toplantıda maska taxır, gözünün qabağında 800-1000 nəfərin iştirak etdiyi yas mərasimindən “xəbərsiz”dir. Bu cür ala biləcəyikmi yoluxmaların qarşısını? Kim nə deyir-desin, karantin qaydaları sərtləşdirilməlidir. Cərimə məbləğləri artırılmalıdır.
190 manat yardımı alıb rayona qaçan, bulaq başında quzu kababı çəkib şəkil paylaşan vətəndaşın məsuliyyətsizliyi ilə, rəhbərlik etdiyi rayonda sünnət-nişan-yas məclislərinin keçirilməsinə göz yuman məmurun məsuliyyətsizliyidir bizi normal həyatımıza, işimizə-gücümüzə davam etməyə qoymayan. Belə məsuliyyətsizlik edənlər sərt şəkildə cəzalandırılmalıdır ki, hamıya görk olsun.
Bu günlərdə dövlətin yanında olmayan, həyati əhəmiyyətli karantin qaydalarına əməl etməyən hər kəs cinayət törədir - məsələyə yanaşmamız bu cür olmalıdır. Qlsası, indi məsuliyyətsizlik - cinayətdir. Əgər Prezident dövlət əhəmiyyətli kütləvi tədbirləri təxirə salırsa, özü maska taxırsa, digərlərinin məsuliyyətsizlik etməyə nə haqqı var? Avropa ölkələrinin əksərində dövlət vətəndaşlarının məsuliyyətli davranışı sayəsində qalib gəldi koronavirusa. Hər kəs 1 ay evə qapandı. Çində isə ən sərt cəzalarla buna nail oldular. Hündürmərtəbəli binaların bloklarının qapıları qaynaq edildi, əhali özünütəcridə məcbur edildi. Nəticə qənaətbəxşdir, yoluxma sayı yox dərəcəsindədir. Bizdə də vətəndaş məsuliyyətini təmin edə bilmiriksə, sərt karantin rejimi tətbiq olunmalı, insanları zorla evə qapatmalıyıq. 1 ay əziyyət çəkəcəyik. Təbiidir. Müharibədə komfort həyat olmur ki. Amma 1 ay sonra bu kabus bitə bilər.
Məncə, 190 manat yardım əvəzinə, hər evə 100 manatlıq ərzaq paylayıb, qapıları bağlamaq lazımdır. Kim buna necə baxır-baxsın, nə müxalifətçilik zamanıdır, nə də dikbaşlıq, nə də şikayət. Koronavirusa qalib gəlməyin, yoluxmanın qarşısını almağın yolu budur. Gənc yaşda bu infeksiyadan dünyasını dəyişən gənclərin səs yazılarına qulaq asın. Diqqətlə qulaq asın. Sarsılmaq üçün yox. Anlamaq üçün. Bəlkə də o gənclər hansımızınsa məsuliyyətsiz davranışının qurbanıdır!?. Bəlkə qatil özümüzük?.. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !