Şamaxı Astrofizika Rəsədxanasının GRANDMA birliyi ilə uğurlu Beynəlxalq əməkdaşlığı -

Şamaxı Astrofizika Rəsədxanasının GRANDMA birliyi ilə uğurlu Beynəlxalq əməkdaşlığı

 AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ShAO) gənc tədqiqatçıların elmin aktual probləri ilə məşğul olması, habelə rəsədxananın beynəlxalq əməkdaşlıq əlaqələrinin artırılması və dünya elminə inteqrasiya istiqamətində ciddi işlər görülməkdədir. Bu istiqamətdə rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f.-r.e.d, professor Nəriman İsmayılovun rəhbərliyi altında 4 nəfər gənc doktorant və magiistrlərdən ibarət təşkil olunmuş qrupun iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanası “Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts” (GRANDMA) adlı beynəlxalq teleskoplar şəbəkəsinə qoşulmuşdur (https://grandma.lal.in2p3.fr/). Beynəlxalq konsorsium olan GRANDMA cəmi bir ildir ki, fəaliyyət göstərir, buna baxmayaraq layihədə 16 müxtəlif ölkəni birləşdirən 25 teleskop spektral və fotometrik müşahidələrlə məşğuldur (https://grandma.lal.in2p3.fr/research/grandma-project/). Müşahidələrin məqsədi səmanın geniş bir hissəsində kainatda qravitasiya dalğaları ilə bağlı baş verən tranzient hadisələri qeyd etmək, onların ilkin baş verdiyi qalıq hadisələri optik diapazonda izləməkdir. Belə unikal fiziki hadisələrin müşahidə edilməsi və izlənməsi müasir fizika və astrofizika elmində qravitasiya dalğalarının fizikasını başa düşmək üçün çox böyük önəm daşıyır. Məsələn, iki neytron ulduzun və ya neytron ulduz–qara dəlik cütlüyünün qovuşması nəticəsində güclü qravitasiya dalğaları yaranır. Bu hadisə ABŞ və Fransa-İtaliya LİGO və Virgo xüsusi qurğusunda qeyd olunur, GRANDMA teleskoplar şəbəkəsinə hadisənin baş verdiyi yer və dəqiq koordinatlar ötürülür. Bu məlumatı alan kimi teleskoplar işə düşür və optik diapazonda həmin mənbənin verə biləcəyi qalıq hadisələr izlənilir. Şəbəkədə bunun üçün geniş infrastruktur və program kompleksi yaradılmışdır.

Hazırda GRANDMA şəbəkəsi çərçivəsində rəsədxanamızın əməkdaşları İngiltərə Kral Astronomiya Cəmiyyətinin çox nüfuzlu aylıq elmi jurnalında dərc olunmuş iki kollektiv məqalənin həmmüəllifidirlər (i.f ~ 5.5). Bu nəşrlərdə rəsədxanamızın GRANDMA şəbəkəsinə qoşulmuş 2 m və 60 sm-lik teleskopları, işıq qəbulediciləri və müşahidə imkanları haqqında məlumatlar verilmişdir. Həmin məqalələrdə rəsədxanada alınan çox unikal təsvirlərdən də istifadə edilmişdir. Belə təsvirləri əldə etmək üçün rəsədxanamızın T60 teleskopunda xüsusi optik reduktor quraşdırılmışdır. Onun sayəsində 19-cu ulduz ölçülü parlaqlığa qədər olan obyektləri müşahidə etmək mümkün olmuşdur. Məqalələrdə rəsədxanamızın gənclərdən ibarət 4 əməkdaşı, V.Zümrüd, Cənnət, A.Şəbnəm, A.Səbahəddin və qrupun təşkilatçısı və rəhbəri professor N.Z. İsmayılov həmmüəllifdir.

Gənclərdən Z.Vidadi və A.Şəbnəm konsorsiumun iş birliyi toplantılarında İspaniyada və Tiblisidə iştirak etmiş, orada məruzələrlə çıxış etmişlər. Bundan başqa, layihənin xəbərlərində əməkdaşlarımızın həmmüəllifliyi ilə artıq 6-7 məlumat tipli xəbərlər çap olunmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !