UNUDULMAZLIQ - - Asif Rustemli xatırlayır

UNUDULMAZLIQ - Asif Rustemli xatırlayır

 Səhhətinin kövrək məqamlarında da, əhvalını soruşanlara: “Mənim xəstələnməyə vaxtım və haqqım yoxdur!” - deyən, həyat, yaşam üçün ən böyük şəfanı xalqa xidmətdə tapan, məzmunlu, mənalı ömrünü, xoşbəxt taleyini Cümhuriyyətə və onun qurucularına həsr edən professor, əməkdar jurnalist, Prezident təqaüdçüsü, “Şərəf” ordenli, “Azərbaycan Cümhuriyyəti -100” medalı ilə respublikada ilk təltif olunan Şirməmməd Hüseynovun vəfatından bir il keçir.
Onun fədakarlığı və titanik əməyi sayəsində nəşr olunan "Mənəvi irsimiz və gerçəklik" (2004), "Milli haqq və ədalət axtarışında" (2004), "Mətbu irsimizdən səhifələr" (2007), Müstəqilliyin çətin yolu... reallıqlar, düşüncələr" (2009), "Azərbaycan istiqlalının bayraqdarı" (2011) adlı əsərləri, milli istiqlala, Cümhuriyyət qurucularının ədəbi irsinə dair ərəb qrafikasından müasir əlifbaya transfoneliterasiya etdiyi, ön söz və şərh yazdığı "Qurtuluş" jurnalının 1934-cü il xüsusi nömrəsi" (2008), "M.Ə.Rəsulzadə - Azərbaycanda milli hərəkat" (2009), "Ü.Hacıbəyli. Nəşrlərdən kənarda qoyulmuş mətbu əsərləri" (2009), "Ü.Hacıbəyli. Nəşrlərdən kənarda qoyulmuş, ixtisar və "redaktə" edilmiş əsərləri" (2010), "M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərləri" (2013), "İstiqlal. 1918 - 28 mayıs - 1919" (2014), "Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" (2015-2017) üçcildliyi və b. kitablar çağdaş gəncliyimiz üçün miras qoyulmuş istiqlal dərsliyidir.
Üç il əvvəl, iyun ayının 8-i idi. Mətbuat Şurasının sədri Əflatun Amaşov zəng edərək bir gün əvvəl “525-ci qəzet”də Şirməmməd Hüseynovla bağlı dərc edilmiş “Cümhuriyyət adamı” adlı yazım haqqında xoş sözlər söylədikdən sonra Beynəlxalq Mətbuat mərkəzində iyunun 9-da Şirməmməd müəllimin üçcildlik "Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" adlı kitabının təqdimatına məni dəvət etdi. Əlavə olaraq Əflatun müəllim bildirdi ki, orada çıxış üçün mənə söz veriləcək.
Tədbirin əvvəlində Ədəbiyyat İnstitutundan yaxşı tanıdığım Ülkər xanım Hüseynova məni Şirməmməd müəllimə təqdim etdi:
- Asif Rüstəmlidir.
Şirməmməd müəllim məni diqqətlə süzüb, o məqaləni (“Cümhuriyyət adamı” adlı yazım nəzərdə tutulur) sən yazmısan? – deyə soruşdu.
- Bəli.
- Əjdaha oğlansan ki…
Doğrusu, böyük ustadın səmimiyyətlə söylədiyi bu iki kəlməlik deyimində qeyri-adi bir doğmalıq, ərkyana dəyərləndirmə xüsusiyyəti, əminlik hissi duydum. Həmin tədbirdə isə çıxışımda hamıya örnək ola biləcək bu cəfakeş qələm sahibinin Cümhuriyyətimizin 100 illiyinə bəxş etdiyi misilsiz töhfələrdən söz açdım.
Ötən ilin may ayında Şirməmməd müəllim ilə iki dəfə telefon əlaqəsi saxlamışdım. Birinci söhbətimizdə iyun ayının 1-də Mirzə Bala Məhəmmədzadənin adına Zirə qəsəbəsində küçə açılacağı, elmi konfrans keçiriləcəyi və kitablarının təqdimatı haqqında ona məlumat vermişdim. Şirməmməd müəllim bu xəbərdən çox şad oldu və konfransda iştirak edəcəyini bildirmişdir. May ayının sonunda isə onunla eyni mövzuda yenidən danışanda səhhətindən gileyləndi, elmi konfransda iştirak edə bilməyəcəyini vurğulasa da, Mirzə Balanın milli istiqlal mücadiləsindəki xidmətlərini haqqında geniş danışdı və tədbir iştirakçılarına onun fikirlərini çatdırmağı mənə həvalə etdi.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə 2019-cu il 1 iyunda Zirə Eko-Parkda Mirzə Bala Məhəmmədzadəyə həsr edilmiş elmi konfransda professor Şirməmməd Hüseynovun salamları və Mirzə Bala haqqında söylədiyi çox maraqlı və dolğun düşüncələri tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Həmin elmi konfransdan 24 gün sonra - bir il bundan əvvəl, hər zaman çıxışlarında: “Vətən, Millət, Dövlət” – deyən və bu üç məfhumun geniş anlamını özündən sonrakı nəsillərə əbədi əmanət edən professor Şirməmməd Hüseynovun müqəddəs ruhu UNUDULMAZLIQ zirvəsinə ucaldı.
Bakı. 24.06.2020

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !