Milli Ordumuz qürur mənbəyimizdir -

Milli Ordumuz qürur mənbəyimizdir

“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün

güclü orduya malik olmaq lazımdır”.

Ulu Öndər Heydər Əliyev

 

Qəhrəmanlıq və şanlı hərb tarixi ənənələrinə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətlərə malik olması və strateji coğrafi mövqeyinə görə Azərbaycan ərazisi tarix boyu yadelli işğalçıların hərbi təcavüzünə məruz qalmışdır. Yadelli işğala qarşı mübarizədə Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda qəhrəmanlıq və zəngin hərb tarixi formalaşmışdır. Əsrlər ərzində baş verən müharibə və münaqişələrdə iştirak edən  sərkərdə və  hərbçilərimiz hərbi taktika və strategiyalardan istifadə edərək  şərəfli zəfər səlnamələri yazmışlar. Bu baxımdan müasir Azərbaycan ordusunun yaranması və müasir tələblər səviyyəsində formalaşması ağır, mürəkkəb və keşməkeşli yollardan keçmişdir.

XX əsrin əvvəllərində dünyada gedən hərbi-siyasi prosseslər nəticəsində Rusiya İmperiyasının süquta uğraması və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının ən böyük tarixi uğuru olmuşdur. Mürəkkəb tarixi şərait, bolşeviklərin işğalçılq siyasəti və onların dəstək verdikləri erməni daşnaklarının Azərbaycan ərazilərinə hücumları milli ordumuzun yaradılması zərurətini doğurmuşdur. Bir tərəfdən daxili çəkişmələr, digər tərəfdən isə bolşeviklərin və erməni daşnaklarının işğalına qarşı mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyun ayının 19-da yaranmış gərgin hərbi-siyasi şəraiti nəzərə alaraq ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iyun ayının 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmasının təməli qoyuldu. 1918-ci il avqust ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Görkəmli generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digərlərinin rəhbərliyi ilə yüksək hərbi hazırlığa və döyüş qabiliyyətinə malik ordu formalaşdırıldı və qısa müddət ərzində Bakı həmçinin ətraf qəzalar erməni-bolşevik işğalından azad edildi.

Zəngin hərbi ənənələrə və düşmənə qarşı mübarizə təcrübəsinə malik Azərbaycan xalqı İkinci Dünya müharibəsi illərində faşizm kabusuna qarşı mübarizə apararaq rəşadət və qəhrəmanlıq səhifələri yazmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Lakin Azərbaycan Sovet İttifaqının tərkibində olduğu illərdə azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsi və milli zabit korpusunun formalaşması prossesi İttifaq rəhbərliyinin şovinist və müstəmləkə siyasəti səbəbindən maneələrlə qarşılaşmışdır. Bu baxımdan 1969-cu ildə Azərbaycanda respublika rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, şəxsi nüfuzu sayəsində 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Lisey yaradılmış, peşəkar hərbi kadr hazırlığının artırılması üçün azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq, Ali Hərbi Dənizçilik məktəblərinə, həmçinin Sovet İttifaqının bir çox nüfuzlu ali hərbi məktəblərinə güzəştli şərtlərlə daxil olmasına şərait yaradılmışdır.

Yeni tarixi dövrdə -1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin yetmiş il əvvəl olduğu kimi, ərazilərinin yenidən erməni işğalına məruz qalan Azərbaycan xalqı, özünü qorumaq məcburiyyətində qaldı. Bu fakt bir daha təsdiq  edir ki, sülh və müdafiə ordusu olan Azərbaycan Ordusu yetmiş il əvvəl olduğu kimi yenə də Azərbaycan  xalqının özünümüdafiə zərurətindən yaranmışdır. Bu zərurətdən 1991-ci ilin sentyabr ayında Azərbaycan Ali Soveti Müdafiə Nazirliyi, oktyabr ayının 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərarlar qəbul edildi.

Müasir dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşması, milli ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və dövlətçilik bacarıqları sayəsində mümkün olmuşdur. Məhz onun rəhbərliyi və təşkilatçılığı nəticəsində bugünkü güclü və möhkəm Azərbaycan Ordusu formalaşdırılmışdır. Eyni zamanda tarixə və dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirərək, Ümummilli Lider 22 may 1998-ci il tarixli fərmanı ilə oktyabr ayının 9-nun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilməsi ilə bağlı 1992-ci il 18 sentyabr tarixli Prezident Fərmanını qüvvədən düşmüş  elan edir. Bununla da tarixi ədalət bərpa edilərək 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr Günü elan edilir.

“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır” – deyən Ulu Öndər Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan Ordusu həmişə sülh və müdafiə ordusu olmuş və dövlətimizin ərazi bütövlüyünün təmin olunması məqsədi ilə yaradılmışdır.

Bu gün isə Ümummilli liderin təməlini qoyduğu ordu, həmçinin milli təhlükəsizlik siyasəti onun siyasi kursunun layiqli varisi, ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sayəsində ölkəmizin ordu quruculuğu daha da inkişaf edərək güclənib, maddi-texniki baza yenilənib, müasir silahlarla təchiz edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. Buna bariz nümunə kimi, Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, böyük zəfərin başlanğıcı adlanan Aprel döyüşlərini xatırlamaq olar. Erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edilən döyüşdə Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprel döyüşləri dünyaya Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmini, gücünü, ədalətin mütləq qaydada bərpa ediləcəyini nümayiş etdirdi. Son illərdə həmçinin Naxçıvanın 1990-cı illərin əvvəlində ermənilər tərəfindən zəbt edilmiş on bir min hektar torpağı Azərbaycan ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Naxçıvan əməliyyatı da silahlı qüvvələrimizin böyük nüfuzu olan, qüdrətli ordu olduğunu sübut etdi.

Bu gün Azərbaycan ordusu fəalcasına beynəlxalq səviyyəli təlimlərdə iştirak edir, Azərbaycan hərbiçiləri dünyanın ən güclü dövlətlərinin hərbiçiləri ilə bir sırada yer alır.

Ordumuzun gündən-günə daha da gücləndiyini, mənfur düşmənə hər an layiqli cavab vermək iqtidarında olduğunu nəzərə alaraq, beynəlxalq hüququn norma və prinsiplərinin təmini olaraq tez bir zamanda erməni işğalı altında olan torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə əminliklə inanırıq!

 

Səfərov Azər Tofiq oğlu

BDU-nun İnsan hüquqları və İnformasiya hüququ üzrə

YUNESKO kafedrasının müəllimi, Hüquq üzrə fəlsəfə doktoru

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !