Jurnalistika fakültəsi Zərdabi Media Könüllüləri layihəsini reallaşdıracaq -

Jurnalistika fakültəsi “Zərdabi” Media Könüllüləri layihəsini reallaşdıracaq

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə “Zərdabi” Media Könüllüləri layihəsini reallaşdıracaq. Layihə Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı və Parlament Jurnalistləri Birliyinin (PJB) yubileylə əlaqədar start verdiyi işlər planı çərçivəsində həyata keçiriləcək.

PJB-nin  təşəbbüsü ilə  yaradılacaq “Media Könüllüləri Təşkilatı”nın (MKT) üzvləri ilkin olaraq Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I-IV kurs  tələbələrindən ibarət olacaq. Başlanğıcda könüllülərin sayı Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edəcək.  Təşkilat üzvləri PJB-nin təmsil olunduğu media qurumlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Fəal tələbələr isə qurumun idarə heyətində yer alacaq.

“Zərdabi” Media Könüllüləri layihəsinin məqsədi Azərbaycanda könüllülük hərəkatına dəstək vermək, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimai-siyasi həyatda aktiv xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !