Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatıb -

Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun professor Qafar Cəbiyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında tədqiqatları başa vurmuşdur. Arxeoloji tədqiqatlar Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılmışdır. Tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilmişdir.
5x5 metr ölçüdə olan türbə yonulmuş çay və qaya daşları ilə hörülmüşdür. Türbənin şimal divarlarının nisbətən yaxşı qalan hissəsində hündürlüyü 2,1 metr, qalınlığı 0,9 metr təşkil edir. Türbənin cənub tərəfi boyunca şərq-qərb istiqamətində uzanan qəbir kamerasının eni 0,9 metr, uzunluğu isə 2,1 metrdir. Qəbir kamerasının üzəri iri ölçülü qaya parçaları ilə örtülmüşdür. Qəbirdən şimal tərəfdə olan döşəmənin eni 1,9 metr, uzunluğu isə 3,2 metrdir. Döşəmənin şimal kənarı boyunca ziyarətçilərin oturub zikr etməsi üçün xüsusi kətil hörülmüşdür. Türbənin cənub divarının mərkəzində eni 0,5 metr, salamat qalmış hissədə hündürlüyü 0,8 metr olan tağvari taxça qeydə alınmışdır. Taxçanın çöl tərəfində, cənub divarı qarşısında aşkar edilən, səlcuq zənciri ilə haşiyələnən mehrab təsvirli xatirə daşı da məhz Pir Ömərin məzarına aiddir.
Türbənin qərb divarı qoz ağacının çürüməkdə olan koğuşu ilə əhatələnir. Zaman-zaman ağacın kökləri türbənin qərb və şimal divarlarını sıxaraq xeyli dərəcədə dağıtmışdır. Tədqiqat zamanı Pir Ömərin məhz belə bir ağacın koğuşunda zikr etməsi hadisəsi ilə bağlı geniş yayılmış rəvayətlərin elmi dəyərini nəzərə alaraq ekspedisiya heyəti ağaca toxunmamışdır. Bu səbədən də türbənin qərb divarı tam olaraq açılmamışdır. Oradan yalnız üzü üstə düşmüş vəziyyətdə olan türbə kitabəsini götürmək mümkün olmuşdur. Kitabənin türbənin şimal-qərb küncündə, türbədaxili döşəmənin ora ilə əlaqəli olduğunu, habelə türbənin qərb çöl tərəfində daş döşənmiş səkini xatırladan döşəmənin mövcudluğu qapı yerinin məhz orada olduğunu göstərir.
Tədqiqat zamanı türbə içərisi və ətrafından xəlvətilik sufi məktəbinə, onun banisi Pir Ömərə aid elmi cəhətdən çöx mühüm əhəmiyyət kəsb edən artefaktlar üzə çıxmışdır. Həmin tapıntılar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə kitabəsi xüsusilə maraqlıdır. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat etmişdir. Kitabədə Pir Ömərin xəlvətilik sufi məktəbinin banisi və təriqət sahiblərinin əzizi olduğu qeyd olunmuşdur. Kitabədə həmçinin Pir Ömərə “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə xitab olunmuşdur. Maraqlıdır ki, sadə süls xətti ilə yazılmış ərəbdilli kitabədə Azərbaycan türkcəsində olan ifadələr də yer almışdır.
Türbənin ətrafından daha bir neçə kitabə aşkar edilmişdir. Həmin kitabələrdən biri Sultan Bayəzidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aiddir. Tarixi mənbələrdən məlum olduğu kimi, Sultan Bayəzid Pir Ömərin xəlifələrindən biri olan Bayəzid Piranidir. Onun nəslindən olan Şeyx Cəlil isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində yaşamış xəlvətilik sufi məktəbinin davamçılarındandır. Bu isə XIV əsrin ortalarında təşəkkül tapan Avaxıl xəlvətilik sufi xanəgahının XIX əsrin əvvəlinədək davamlı fəaliyyət göstərdiyini sübut edir.
Qazıntı prosesində ərazidə bir-birinin yaxınlığında olan çoxsaylı müsəlman qəbirləri də aşkar edilmişdir. Qəbirlərdən birinin kitabəsində Qurani-Kərimin "Ğafir" surəsinin 16-cı ayəsi həkk olunmuşdur: “Bu gün hakimiyyət kimindir? Vahid və Qəhhar olan Allahın”.
Arxeoloji tədqiqatlar zamanı türbənin içərisindən və ətrafından xəlvətilik sufi təliminin icrası ilə bağlı rituallara aid olduğu düşünülən digər artefaktlar da aşkar edilmişdir. Daş qablar, keramika və sikkə nümunələri buna misal ola bilər.
Məlum olduğu kimi, ilkin olaraq Avaxılda təşəkkül tapan, Şirvanda və bütün Azərbaycanda formalaşma mərhələsi keçən xəlvətilik sufi təlimi daha sonra Avropa, Asiya və Afrikanın hüdudları daxilində də geniş yayılmışdır. Orta əsr Azərbaycan multikultural dəyərlərinin bariz nümunəsi olaraq təşəkkül və formalaşma dönəmində Şirvanşahlar dövləti tərəfindən dəstək alan xəlvətilik sufi məktəbini daha sonra Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Misir Məmlükləri kimi dövrün böyük dövlətləri də himayə etmişlər. Göründüyü kimi, xəlvətilik sufi təlimi müasir dünyamızın geniş bir coğrafi arealını əhatə edir və onun çoxminli tərəfdarları bu gün də qalmaqdadır.
Minnətdarlıq hissi ilə bildiririk ki, may ayının 25-də ölkə prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxı rayonuna səfərləri çərçivəsində Pir Ömər Sultan ziyarətgahında olmuş, orada aparılan arxeoloji tədqiqatlarla maraqlanmışlar. Cənab Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan tədqiqatların davam etdirilməsi və abidənin konservasiya olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyyələrini vermişdir. İnanırıq ki, Pir Ömər türbəsinin aşkar olunması, konservasiya edilməsi, mövcud arxeoloji qalıqlar üzərində xatirə abidəsinin ucaldılması və ətrafının abadlaşdırılması Türk və İslam dünyasının Azərbaycana olan marağını daha da artıracaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !