Məhbus özünü niyə öldürmək istəməlidir ki? - Hümbət Quliyev "MƏHBUS"dan yazdı

Məhbus özünü niyə öldürmək istəməlidir ki? Hümbət Quliyev "MƏHBUS"dan yazdı

 Dünyada ən qatı cinayət törətmiş bir insan təsəvvür edin.
Cinayətin nədən ibarət olduğunu təxəyyülünüzə buraxıram. Bu insan üçün heç vəclə bağışlaya bilməyəcəyiniz bir cinayət fikirləşin.
Məhkəmə bu qatilin ömürlük həbs olunaraq onun tək adamlıq kameraya salınmasına qərar verir.
Kameranın giriş qapısı
dəmirdəndir,bu qapının ortasından bir az yuxarıda,əsasən içəri yemək ötürmək üçün kiçik,çöldən açılıb- bağlanan pəncərəsi olur. Bir kiçik dəmir barmaqlı pəncərə də çöl divarın yuxarı hissəsində olur. O pəncərədən baxmaq mümkün olsa,ən yaxşı halda həbsxananın boz bir divarını görmək olar. Kamerada bir dəmir çarpayı,döşəməyə bərkidilmiş kətil,açıqda tualet( unitaz) və su kranı olur.
Döşəmə betondan ya da taxtadan olur. Taxtadan olanda onun mismar vurulmuş yerləri xüsusi üsullarla örtülür ki,məhbus mismarları çıxara bilməsin.
Ümumiyyətlə, kamera elə qurulur ki,
dustaq intihar edə bilməsin. Nə özünü asa bilsin,nə də ki, hansı üsullasa özünə xətər yetirə bilsin.
Bu halların həbsxana rəhbərliyinin imicinə böyük zərbə vura biləcəyini nəzərə alaraq,ciddi nəzarət sistemi yaradılıb.
Məhbus özünü niyə öldürmək istəməlidir ki?
Ona heç kim toxunmur, onu heç bir işə cəlb etmirlər və gündə üç dəfə qrafik üzrə yemək verirlər.
İş ondadır ki,bir müddət belə kamerada tək,ünsiyyətsiz,səssizlik və rəngsizlik şəraitində qalan insan başa düşür ki,bu cansıxıcı yeknəsəqlik onun ömrünün sonuna qədər davam edəcək. O, anlamağa başlayır ki,onun daha heç bir həyat perspektivi yoxdur və olmayacaq!
Gələcək adlı məfhum onun üçün sonunda işıq görünməyən qaranlıq bir tunelə çevrilir. Çarəsizlik və ümidsizlik onun təfəkkürünə tam hakim kəsilir.
Zaman onun üçün abstrakt anlayış olur. Günlərin,ayların mənası itir. Eyni cür keçən günlərin çox və ya az olmasının heç bir əhəmiyyəti olmur. Çox nadir insanlar belə şəraitdə öz daxili tarazlıqlarını qoruyub saxlayır,şəxsiyyətlərini daha da kamilləşdirə bilir.
İnsan oğlu tarix boyu ,elə öz insan qardaşı üçün çox işgəncə növləri kəşf edib.
Yüzlərlə işgəncələrin içərisində ən dözülməz işgəncə ömürlük bir adamlıq kamerada qalmaq hesab edilir. Bu elə bir dəhşətli işgəncədir ki, məhbus edamı özü üçün mükafat kimi arzulayır!
Ömürlük həbsdə olan insanlar bildirirlər ki,cinayətkar üçün edamları çox humanist olan adamlar fikirləşib.
Eyni zamanda onlar əmindirlər ki,insansevərlik pərdəsi altında ömürlük tək qalmaq cəzasını fikirləşən insan dünyanın ən yaramaz və ən əclaf adamıdır!
Tək kamerada qalan insanın ölümdən sonra ikinci ən böyük arzusu bilirsiniz nədir?
Bu insanların başqa insanlarla ünsiyyətə o qədər kəskin ehtiyacları yaranır ki,onlar həbsxana işçiləri tərəfindən hər gün döyülməklərinə razıdırlar,təki onu döyənlə arada
ünsiyyətdə olsun,onun baxışlarını görsün. Həbsxana rəhbərliyi onların bu istəyini yaxşı bilir və məmnuniyyətlə onları bu son şansdan da məhrum edir.
Belə məhbuslar üçün ən dözülməz hiss səhər yuxudan oyanıb dəyişməz kamera mənzərəsini görməkdir. Belə məqamda onun azad ruhu üsyan edir və o, ağır depresiyaya düşür. Üzücü depresiya onu mismar kimi öz içinə çalan son zərbə olur!
Necə fikirləşirsiniz,hamının bu insanı tərk etdiyi zaman,hətta onun özünün də özünü tərk etməyi arzuladığı məqamda Allah yaratdığı və aqibətini bildiyi bəndəsini tək qoyurmu? Qoymur! Əsla!
Depresiyanın ən ağır məqamlarında səssizlikdən qulağı tutulan məhbus bəndəsinə Uca Allah səs halyunasiyaları verir,və o,müxtəlif səsləri lap aydın eşidir.
Rənglər üçün acmış dustaq gözlərinə Qadir Allah əlvan rənglərlə dolu varlıqlar,mənzərələr göstərir.İnsan onları real,özünü gördüyü kimi görür.
Mərhəmətli Allah onun diğər hisslərinə də reallıqdan fərqləndirilə bilinməyən halyusinasiyalar verir.
Allah bunları,yəqin ona görə edir ki,bəndəsi bütün bü möcüzələrin arxasında onu görsün,ona tapınsın. Tapınıb sidq ürəklə bağışlanmasını diləsin.Yaradan hələ ona yönəlmiş heç bir diləyi qarşılıqsız qoymayıb.Böyük Allah özündən ruh verdiyi insanın,elə bu verdiyi ruha xatir də hər an onun yanındadır!
O, böyük və bağışlayandır!
Əğər Allah böyük günah içərisində olan bəndəsinə bu qədər mərhəmətlidirsə,görün Ona əl açıb dua edənlərə, Ona xatir pis əməllərdən çəkinənlərə, Onu sevib yaxşı əməl sahibi olanlara nə qədər mərhəmətlidir!
Ətrafınıza,özünüzə baxın. Məgər olanlar və olanlarımız Onun sonsuz mərhəmətinin sübutu deyilmi?
Mənim yazan əlim,sənin oxuyan gözlərin sübut deyilmi?
Olanlarımızı Uca Allahın sonsuz mərhəməti kimi qəbul edib, Ona şükr edənlərdən olaq! Amin!

Hümbət Quliyev.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !