Çingiz Əhmədovu qəzəbləndirən əsas məsələ - Açıqlama

Çingiz Əhmədovu qəzəbləndirən əsas məsələ Açıqlama

Əməkdar artist Çingiz Əhmədovun Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə bağlı səsləndirdiyi ittihamlara teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova cavab verib.

"Teatrımızın direktoru, çox hörmətli Əliqismət Lalayevin orta və yaşlı nəslə mənsub sənətçilərə hörmət və ehtiramı böyükdür. Teatr kollektivi - texniki işçidən, Xalq artistinə qədər bu doğmalığı hər zaman öz üzərlərində hiss edirlər. Əliqismət müəllimin orta və yaşlı nəslə qarşı bir problemi olsaydı, onda niyə 82 yaşlı əməkdar artist Boris Qrafkin bu gün də teatrda çalışır və o, bu il Prezident Mükafatına təqdim olunub? 20 Yanvar faciəsində yeganə oğlunu itirən şəhid anası, gözəl aktrisamız, 76 yaşlı əməkdar artistimiz Səmayə Musayeva niyə Prezident Mükafatına təqdim olunub?

Bu il Prezident Mükafatı alanlar arasında əməkdar artistlər — Əkbər Əlizadə, Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, rejissor, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, aktrisa Gülcahan Salamova da orta nəslə mənsubdurlar. Bu il mükafat alanlar sırasında 1 mart 2015-ci ildən teatrda çalışan gənc və çox istedadlı aktyor - Baladadaşdan ( "Baladadaşın toy hamamı" ) tutmuş Qvazimodaya ("Paris Notr-Dama ithaf") qədər teatrın ən maraqlı tamaşalarında iştirak edən, bir neçə dəfə "İlin aktyoru" nominasiyasına layiq görülən Əmrah Dadaşov da var. Siyahı ilə tanışlıq kimin haqlı, kimin haqsız olduğunu sübut edir.

Əliqismət Lalayev nizam-intizamı xoşlayan insandır, tələbkardır, bununla yanaşı aktyorların hər bir problemi ilə yaxından maraqlanır, yeri gələndə kömək, onlara məsləhət və tövsiyələrini əsirgəmir.

Düzü, Çingiz Əhmədovun mətbuatda və televiziyada işlətdiyi bəzi fikirlər məni və kollektivimizi təəccübləndirdi. Ondan bu addımı gözləmirdik. Çünki indiyə kimi Çingiz Əhmədov hər zaman özünü teatr rəhbərinin ən yaxın dostu kimi aparıb. Bunu aktyorların özundən də soruşa bilərsiniz.

Hətta "Gunaz.az" saytının 24.12.2017-ci il tarixli səhifəsində Çingiz Əhmədov yazır: "Şükürlər Allaha, teatrımıza Əməkdar incəsənət xadimi, sənətin, sənətkarın qədrini bilən insan, Əliqismət Lalayev gəlib. Özü bu sənətdə böyüyüb, bu sənətin içində uzun müddət olub. Artıq bilir ki, kimin yükü hara qədərdi, kim nəyə qadirdi, kimi haracan istəyirlər. Şükür... "

Hər yerdə, hər zaman belə çıxışları olub onun. Bu baxımdan, Çingiz müəllimin bu çıxışlarına təəccüb qaldıq ki, onun hansı sözünə inanaq?

Təbii ki, burada Çingiz Əhmədovu qəzəbləndirən əsas məsələ onun bu il mükafat almamasıdır. Özünün də qeyd etdiyi kimi, 2015, 2016, 2017, 2018-ci illərdə və bir də (Çingiz Əhmədov özü bəlkə də unudub) 2008-ci ildə, məhz Əliqismət Lalayevin teatra rəhbərlik etdiyi illərdə mükafat alan aktyor 5 il ardıcıl olaraq o mükafata layiq görülüb.

Bu il də növbə başqalarınındır, Nadir Xasiyev, Səidə Şərifəliyeva, Nərgiz Kerimova, Əkbər Əlizadə, Gülcahan Salamova kimi istedadlar, bütün ömrünü teatra həsr edən insanlar alır.

Qaldı Əliqismət müəllimin infarkt keçirməsinə, onun səhhətindən şikayət etməsinin şahidi olmamışıq.

Başqa iddialar da təbii ki, cəfəngiyatdır. Kimin hansi istedada malik oldugunu teatr icması çox yaxşi bilir. Və Çingiz Əhmədovun öz sözləri ilə desək, "şükür Allaha, teatrımıza Əməkdar incəsənət xadimi, sənətin, sənətkarın qədrini bilən insan, Əliqismət Lalayev gəlib. Özü bu sənətdə böyüyüb, bu sənətin içində uzun müddət olub. Artıq bilir ki, kimin yükü nə qədərdi, kim nəyə qadirdi, kimi hara qədər istəyirlər. Şükür... ".

Qeyd edək ki, Çingiz Əhmədov Əliqismət Lalayevi onun mükafat almasına mane olmaqda günahlandırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !