AQTA İmişli və Bərdə rayonlarında ərzaq mağazaları və ictimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri həyata keçirib - - FOTO

AQTA İmişli və Bərdə rayonlarında ərzaq mağazaları və ictimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri həyata keçirib - FOTO

 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlər əsasında xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Agentliyin əməkdaşları tərəfindən bu dəfə İmişli rayonunda fəaliyyət göstərən “Bazarstore” və “Araz” supermarketlərində, “Nərgizim” qonaq evi, həmçinin “Elçin” restoranında, eləcə də Bərdə şəhəri, Bərdə-Tərtər yolunda fəaliyyət göstərən fiziki şəxs Qasımov Ruslan Miri oğluna məxsus “Qədim Bərdə” restoranında, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən fiziki şəxs Əliyev Kamil Tahir oğluna məxsus ictimai iaşə müəssisəsində reyd keçirilib.

Reyd zamanı Bərdə rayonu ərazisində fəaliyyət göstərən hər iki müəssisədə AQTA tərəfindən hazırlanmış ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə, eləcə də qüvvədə olan sanitar-texniki və sanitar-gigiyenik normalara, qida məhsullarının saxlanma rejiminə, işçilərin şəxsi gigiyena qaydalarına, mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkarlanıb. Bundan başqa hər iki müəssisədə işçilərin işə başlamazdan əvvəl və vaxtaşırı olaraq dezinfeksiyaedici məhlullardan istifadə etmədiyi də məlum olub.

Qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

İmişli rayonunda fəaliyyət göstərən “Bazarstore” və “Araz” supermarketlərində, eləcədə də “Nərgizim” qonaq evi, “Elçin” restoranında reyd zamanı isə sahibkarlıq subyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-gigiyenik tələblərə əməl olunması vəziyyəti araşdırılıb, həmin obyektlərə baxış keçirilib, zəruri məlumatlar əks olunmuş müxtəlif çap materialları paylanılıb.

Yoxlama zamanı bu müəssisələrdə çalışanların tibbi maska və əlcəklərdən istifadə etdikləri, ara məsafələrin gözlənildiyi müşahidə olunub.

Qeyd edək ki, AQTA paytaxt Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama nəzarət-tədbirlərini bundan sonra da davam etdirəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !