Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdiri -

Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdiri

 31 may 2020-ci il tarixində ölkənin əksər şəhər və rayonlarından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, AKƏM katibliyi, təsisçi könüllü təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video formatında onlayn konfrans keçirilib.

“Könüllü Qəhrəmanların May Görüşü” adı altında keçirilən video-konfrans çərçivəsində AKƏM-in may ayı ərzində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərlə bağlı məlumat verilib, könüllülərin növbəti dövrdə fəaliyyət planı ilə bağlı təklifləri dinlənilib. Eyni zamanda, may ayı ərzində xüsusi fəallığı ilə seçilən 30 könüllü “Ayın könüllüsü” adına layiq görülüb və mükafatlandırılıb.

May ayı ərzində AKƏM çətiri altında koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirilmişdir. “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq, respublikanın 31 rayon və şəhərində, eləcə də, Bakı şəhərinin 12 rayonunda “Bir-birimizi qoruyaq!” aksiyası keçirilmiş və aksiya çərçivəsində ümumilikdə 323 nəfər könüllünün iştirakı ilə 60600-dan artıq vətəndaş maarifləndirilmiş, onlara 46350 ədəd tibbi maska, 93350 ədəd əlcək və 200000-dən çox maarifləndirici bukletlər paylanılmışdır.

9 may – Faşizm üzərində qələbə günü, qələbənin canlı yaddaşı olan, istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərən veteranlarımız Azərbaycan könüllülərinin də diqqətindən kənarda qalmamışdır. Belə ki, respublikanın müxtəlif şəhər və rayonlarında

128 nəfər könüllü 100-dən çox veteranlarımızı ziyarət etmiş, onları bayram sovqatı ilə təbrik etmişlər.

Aprel ayının əvvəlindən başlamış “Böyüklərimizi Qoruyaq” aksiyası da may ayı ərzində davam etdirilmiş, paytaxt və regionlarda könüllülər 6000-dən çox tənha yaşayan ahılların, aztəminatlı ailələrin, eyni zamanda şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkib, onlara müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.

Müqəddəs Ramazan bayramı münasibətilə də 63 nəfər könüllü 21 rayon və şəhərdə yaşayan 100-ə yaxın aztəminatlı ailə və tənha yaşayan ahıl vətəndaşları ziyarət edib, onlara bayram sovqatı çatdırmışlar.

Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı,

“Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi,

“Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri”

Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !