Astarada İnsan hüquqları aylığı çərçivəsində videokonfrans keçirilib + - FOTO=3 (AZpress.AZ – Ağaddin Babayev)

Astarada “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib + FOTO=3 (AZpress.AZ – Ağaddin Babayev)

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Astara rayon Heydər Əliyev Mərkəzi ilə birgə 18 may - 18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində “Hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ vardır “ mövzusunda videokonfrans keçirib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov giriş sözü ilə açaraq videokonfrans bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub. Təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilməklə insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci 18 iyun il tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində “İnsan hüquqları aylığı” elan olunur, aidiyyəti dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, elm-təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir.
Z.İsmayılov qeyd edib ki, bu il də insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyininin zəruriliyini diqqətə çatdırmaq məqsədilə mayın 18-dən elan olunub.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbərinin sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən xüsusi karantin rejimi tətbiq edilib, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi də təxirə salınıb. Əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilir.
Z.İsmayılov diqqətə çatdırıb ki, hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsinə diqqət, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsi, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər vacib şərtlərdən ibarətdir.
Qeyd olunub ki, sağlamlığın qorunması mühüm hüquqlardan biri olaraq, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın, Azərbaycan Respublikası Konstitusiyası və bu hüquqla bağlı digər qanunvericilik aktlarında geniş şəkildə təsbit edilib.
Videokonfransda Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Mərkəzin əməkdaşları və fəal gənclər iştirak ediblər.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Müvəkkilin ölkəmizdə xüsusi karantin rejimi dövründə bütün əhali qrupunun hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə videokonfrans iştirakçılarına məlumat verib. İştirakçılar Müvəkkilin fəaliyyətini yüksək qiymətləndirərək, minnətdarlıq ediblər.
Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxışında müzakirə olunan mövzunun əhəmiyyətini qeyd edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın bütün əhali qrupları üçün mümkünlüyü və bu sahədə əldə olunan uğurlar barədə söz açıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !