AY Bəniz ƏLİYAR: - ÖLÜMƏ TAXT QURAN NİSƏ XANIM

AY Bəniz ƏLİYAR: ÖLÜMƏ TAXT QURAN NİSƏ XANIM

Kaş ki, o gözəl günlərim
Dönə gələ, susamışam.
Qərib eldə daş kimiyəm,
Doğma elə susamışam.


Oxlandı bağrım söz ilə,
Çatladım yandım köz ilə.
Gəl nəğmə oxu saz ilə,
Şirin dilə susamışam.

 

Öz şirinliyi, sadəliyi və daxili gözəlliyi ilə dostların rəğbətini qazanan Nisəm, Nisə Heydərli...
Gözəl gülüşlər gün işığı kimidir. İlk əvvəl insanın üzünü işıqlandırır, sonra daxili aləminə sirayət edir, qızdırır, isindirir... Bütün ilklər belə başlayır. İlk ayaq açan, ilk dil açan körpə kimi işıqlı bir başqa gözləniş yoxdur. İlk yazdığın şeir bəs? Xatırlayırsanmı? Unutmuş ola bilməzsən! Gülüş vardımı? Bir də sual edirəm - Vardımı gülüş? Yox idi!- deyə­cəksən, əksinə, ağlamışdım yazanda, de­mək istəyə-istəyə susacaqsan, sevin­misən bəlkə də, əlbəttə, göz yaşlarında sevinc də ola bilir bəzən... Sevinmək çox zaman gülüş doğurmur, göz yaşı həmişə kədər gətirmir. Bir çox hallarda şeir yazdıran göz yaşları özü ilə bərabər bir də rahatlıq və toxtaqlıq gətirir.
Yuxarıdakı sətirləri yazıram, Nisə xanımın yaşama meydan açan “Bir taxt qurmuşam ölümə” adlı kitabını vərəqləyirəm. Hiss edirəm ki, ən gözəl, ən saf gülüşlər ağrıyan insanın dodaqlarındakı Şeirdir! Hər an o şeirlərin süzgəcindən keçən bir şair ömrü gəlir gözlərinin önünə. Hər günündə, anında bir heyranlıq, hər parçasında bir ilğım, hər zərrəsində bir dünya! Duyğularımızla sevda­lanan şeirləşmə günümdü bu gün də. Nisənin şeirlər kitabını oxuyuram...

 

Çox şey umdum taleyimdən,
Azını sevdirdi mənə.
Dözdüm deyə, alnımdakı
Yazını sevdirdi mənə.

 

Qismətə, yarımdı, dedim,
Bəxtimdən yarıdım, dedim.
Bəxtəvər yar idim, dedim,
Nazını sevdirdi mənə.

 

Qismətin bəxş etdikləri ilə razılaşan bir ömür sahibidir bizim Nisə... Razılaş­madıqları da insanların – ona doğma olan, olmayan insanların xeyri üçün çalışıb çabaladıqlarından başqa bir şey deyil...
1976-cı ildə Dəvəçi çayı daşıbmış və çayətrafı evləri sel aparıbmış. O cümlədən Nisəgilin həyətini də. O günləri xatırlayan müəllif yazır:

 

Uşaqlıq illərim yuxuya dönüb,
Hər gecə ən əziz qonağım olur.
Şabran rayonunun Çay məhəlləsi,
Bəzəkli, müasir otağım olur.

 

Bir növ Vətəndə vətənsizlik yaşayır sanki insan. Duyğu seli bu olmalı... Ən mübhəm hisslər də sənə əlçatmaz, ünyetməz kimi görünə bilir. Bəzən xəyal etməyi də xəyal edir, darıxmaq üçün darıxırsan. Hətta yuxu görmək üçün yatmaq istəyirsən, xoş bir yuxu görəsən, yetər... Uşaqlığın, gəncliyin təmas etdiyi yerlərə dönəsən deyə, ən qayğısız və təmiz anların ətrini təkrar-təkrar burnunda tutasan deyə yavaş-yavaş sözə çevrilirsən, Şeirə dönürsən...

 

Bu ünvanda daha kimsə yaşamır,
Boş beşiktək yırğalanır qapı da.
Hərdən-birdən pişiklərin ardınca,
Başqasının iti hürür qapıda.

 

Ocağında külü belə sovrulub,
Buz asılıb tavanından nə vaxtdı.
Elə bil ki, sükut burda doğulub,
Tənhalığın özü burda qonaqdı.

 

Üzüdönük hisslər də olur bu həyatda.
Bir də görürsən ki, şeir kimi bir xoş­bəxtlik gəlir ömrünə...
Bir də görürsən ki, heç nə yoxdur, olmayıb sanki heç zaman, atıb gedib səni...
İlham pərisi də belədir... Hər daim səninlə olmaya bilir. Çapacaq səni tərk edib ruhunu Şeirə həsrət qoyur. Yazmaq istədiklərin də yar-yarımçıq qalır. Əlyaz­maların var, açılmayan bənövşə kimi... Onları qorumaq istəyirsən, itirmək istəmirsən, sərt qışa düşmüş hisslərin kimi... Ömrün bir anında ümidlərin üzüldüyü zamanda həyatdan dörd əllə yapışırsan. Yaşamaq eşqi səni şairlikdən də ötə bir hala gətirir.Bax belə...

 

Gəl özünə zülm eləmə,
Gülən deyil üzə bu bəxt.
Bir kahayıq, ağzı bağlı,
Yazılmayıb bizə bu bəxt.

 

AY Bəniz ƏLİYAR,
şairə, Şabran, “Xaqani Poeziya Evi”nin direktoru

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !