Asif Rüstəmli: - AZƏRBAYCAN CÜMHURİYYƏTİ NECƏ YARANDI

Asif Rüstəmli: AZƏRBAYCAN CÜMHURİYYƏTİ NECƏ YARANDI

 Köhnə təqvimlə 1918-ci ilin mart ayının 18-də erməni-daşnak və bolşevik hərbi hissələri Bakıda, Şamaxıda dinc əhaliyə qarşı kütləvi qırğınlar törətdi. Tiflisdə Zaqafqaziya Seymi isə minlərlə insanın qətli-amını görməzdən keçmək istəyirdi... adi hadisə kimi dəyərləndirməyə cəhd göstərirdi. Dəhşətli faciələrə qarşı ən yüksək dövlət qurumunun bu laqeydliyi, biganəliyi bəlkə də onunla bağlı idi ki, soyqırımı hadisəsinə qədər Göyçə, Qarabağ mahallarında müsəlmanlara qarşı qətllər törədilir, əhali qarət edilir zavallıların halına acıyan tapılmır. Zəngəzurun Kürdlər, Pöhrəli, Dəyə, Məlikkətli, Şikar, Şəki, Yaqub, Qızılcıq kəndləri daşnak terrorçuları tərəfindən yandırılır – uf deyən olmur. Məlikkətlinin daşı-daş üstdə qalmır, 150 nəfər kənd əhlini bir gecədə barbarcasına məhv edilir, elə bil tarixdə belə bir kənd yox imiş. İrəvan quberniyasında 197 müsəlman kəndi yerlə yeksan olunur, onminlərlə günahsız insan qılıncdan, süngüdən keçirilir – insanlıq naminə haqq sözü söyləyən elə bil qəhətə çıxıb...
Zaqafqaziya Seyminin Bakı, Şamaxı soyqırımına həsr edilmiş 20 mart 1918-ci il tarixli iclası Nikolay Çxeidzenin sədrliyi və Əlixan Qantəmirovun katibliyi ilə saat 12.40-da başlayır. Sədr cöhrəsində süni kədər ifadə etməyə çalışaraq deyir: “Dünən Zaqafqaziya Hökuməti Bakı hadisələri haqqında fikirlərini müəyyənləşdirdi. Bakıya nümayəndə heyəti göndərmək zəruridir. Hökumət Seymə xahişlə müraciət edir ki, nümayəndə heyətinin tərkibinə layiq bildiyiniz şəxslərin adını deyin... Təklif olunur ki, Bakıya İbrahim bəy Heydərov, Tiqranyan, Oniaşvili, Mustafa bəy Mahmudov və Cavad bəy Məlik-Yeqanov göndərilsin. Etiraz yoxdursa deməli qərar təsdiq olunur.”
Tələm-tələsik, müzakirəsiz elan edilən qərar ilk növbədə Seymin Müsəlman farksiyasını razı salmır. Müsavat və Bitərəflər fraksiyasının sədri Məhəmməd Əmin Rəsulzadə söz alaraq üzünü sədrə tutub əsəbi tonda deyir: “Cənab Nikolay Semyonoviç! Bu ilin 17-21 fevralında İrəvan quberniyasında müsəlmanlara qarşı törədilən faciələrin, Sadaxlıda baş verən cinayətkar hadisələrin, indi də Şamaxıda, Bakıda törədilən və hələ də davam etdirilən qətli-amların, kütləvi qırğınların rəhbərləri və icraçıları bəlli ikən Seymin nümayəndə heyətini Bakıya göndərməyə nə lüzum var? Müsəlman əhalisini, bütövlükdə Qafqazın demokratiyasını xilas etmək üçün Bakıya nümayəndə heyəti yox, Daşnak-bolşevik tör-töküntülərindən azad etmək üçün hərbi hissələr göndərmək lazımdır.”
Yerdən səslər ucalır: Doğrudur, doğrudur... Daşnak partiyasının nümayəndələri narahatçılıq keçirərək etiraz edirlər. M.Ə.Rəsulzadə fikrini davam etdirərək deyir: “Seymin Daşnaksütun firqəsinin üzvlərindən bəziləri Baki hadisələrində müsəlmanları və Müsavat Firqəsini ittiham edir. Firqəmizin və Bitərəflərin adından rəsmi bəyan edirəm: Belə fikirlər məqsədyönlü şəkildə yayılır və millətimizə, firqəmizə qarşı iftiralardan, böhtandan və cəfəngiyatdan başqa bir şey deyildir!
Seymin Daşnaksütun firqəsinin nümayəndələrindən bəziləri isə Bakı qırğınlarını Bolşevik hərbi hissələrinin törətdiyini bildirirlər. Əslində isə bu hissələr erməni hərbi hissələridir və burada ermənilər xidmət edir. Daşnaksütun firqəsinin bu hərbi hissələr üzərində fövqəladə təsir imkanları vardır.
Əgər Zaqafqaziya Hökuməti, Zaqafqaziya Seymi bu məqamları nəzərə alaraq cəsarətli addımlar atmasa, minlərlə günahsız müsəlmanın qatillərini lənətləməsə, onda nə həmrəylikdən, nə demokratiyadan, nə də Zaqafqaziyanın xoşbəxtliyindən danışmağa dəyməz!”
Sonralar Seymin katibi olmuş, yeni qərarla Bakıya göndərilən nümayəndə heyətinin tərkibinə daxil edilən Mustafa Mahmudov Bakı hadisələri ilə əlaqədar fikir söyləmək fürsətini qaçırmır, M.Ə.Rəsulzadədən daha sərt şəkildə Seym üzvlərinə müraciətlə deyir: “Burada deyildi ki, hökumət qaçqınları xilas etmək üçün Bakıya zirehli qatar göndərib. Elə bil hökumətin vəzifəsi yalnız qaçqına kömək etməkdir, onları zorakılıqdan, zülmdən qorumaq yox... Bakı hadisəsi çoxdan gözlənilirdi. Güman edirdik ki, hadisə dəf ediləcək, ölçülər götürüləcək. Tərpəniş olmadı. Əvəzində müsəlman hissələrindən vintovkaları da yığışdırdılar. Bakı qətli-amı rəhbər sferanın müsəlmanlara etibar etməməyinin acı nəticəsidir.
Əgər müsəlman hissələri vaxtında silahlandırılsaydı biz bu böyük faciənin, bu qanlı hadisələrin şahidi olmazdıq. Əgər hadisələr belə təhlükəli məcraya yönəlirsə, silahsız insanlar bombalanırsa, əhalinin yarısı əsir alınırsa onda burada danışmağa dəyməz. Biz təklif edirik: Seymin iclası dayandırılsın, Hökumətin fövqəladə iclası çağrılsın, Bakıda fəlakətin qarşısını almaq üçün təcili ölçü götürülsün. Əgər Zaqafqaziya Hökuməti bu qanlı qırğınların qarşısını almağı bacarmasa nəticə kədərli olacaq. Bu gün bizə Şamaxı hadisələri barədə də məlumat verildi. Bizim fikrimizcə bu da Bakı qətli-amının eynidir. İclasın əvvəlində Bakıya nümayəndə heyəti göndərmək barədə qərar qəbul edildi. Bakıya nümayəndə heyəti yox, hərbi qüvvələr göndərilməlidir.”
Tarixçilərin tez-tez müraciət etdiyi bir aforizm var: “Tarix təkrar olunur.” Mustafa Mahmudovun 1918-ci il üçün təsvir etdiyi mənzərə elə bil 1988-ci il üçün deyilib. Nə qədər acı və kədərli olsa da hərbi-siyasi mənzərə çox tanış gəlir...
Zaqafqaziya Seymin üzvü Məhəmməd Yusif Cəfərov isə hər şeyin aydın göründüyü məclisdə daha konkret danışır: “Düşünürəm ki, Bakıda vəziyyət həyəcanlı, dramatik, faciəli olduğu halda mənim burada geniş danışmağıma ehtiyac yoxdur. Hesab edirəm ki, Hökumət, Seymin Rəyasət Heyəti və müəyyən fraksiyalar ilə birgə fövqəladə müşavirə keçirərək təcili tədbirlər müəyyənləşdirməlidir. Mən Hökumətdən soruşuram: bu təklif onlara əl verirmi?”
Zaqafqaziya Hökumətin sədri, cənab Noy Ramişvili ikibaşlı danışmağa, imitasiya yaratmağa çalışsa da konkret sualdan yayına bilmir. O söz alaraq Seym üzvlərinə bildirir: “Sizə də aydındır ki, bir çox səbəblərdən hökumət bu istiqamətdə gördüyü tədbirlər haqqında məlumat verə bilmir. Hesab edirəm ki, biz Zaqafqaziyanın tam səahiyyətli hökumət orqanıyıq. Düşünürəm ki, Seymin üzvü Cəfərovun ölkənin ağır vəziyyəti ilə bağlı birgə müşavirə keçirmək haqqında təklifi qəbul edilə bilər.”
Zaqafqaziya Hökumətinin və Seyminin qeyri-peşəkarlığı, dişsizliyi, bacarıqsızlığı, əfəlliyi, ikili standartlar ilə işləməsi, doğma-ögey prinsipini işə salması və nəhayət Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə qarşı erməni-daşnak hərbi hissələrinin törətdikləri soyqırımlarına laqeyd, biganə münasibətləri nəticədə bu qurumun dağılmasına zəmin yaratdı.
Seymin son iclası may ayının 26-da oldu. Həmin yığıncaqda Gürcüstan öz müstəqilliyini elan etməklə Azərbaycanı da seçim qarşısında qoydu. Zaqafqaziya Seyminin 44 nəfər üzvü olan Azərbaycan türklərindən yalnız 28 nəfəri Azərbaycan Milli Şurasına üzv olmağa razılıq verdi. Yeni quruma sosial-demokratlar, ittihadçılar və b. üzv olmaqdan imtina etdilər. Milli Şura 27 may 1918-ci il tarixli ilk iclasında Məhəmməd Əmin Rəsulzadəni sədr, Həsən Bəy Ağayevi müavin və Mustafa Mahmudovu katib seçdi.
Azərbaycanın istiqlalını bəyan etməsi ilə əlaqədar müəyyən hazırlıq işləri görüldükdən sonra Milli Şuranın növbəti iclası ertəsi günə - 28 may 1918-ci ilə təyin edildi. Qızğın müzakirələrdən və bir sıra ziddiyyətli məqamlar aydınlaşdırıldıqdan sonra gündəliyə çıxarılan mövzular müəyyənləşdirilir.
Tiflisdəki Zaqafqaziya Seyminin binasında, 1918-ci il 28 may tarixində Azərbaycan Milli Şurasının iclası Şuranın sədr müavini Həsən Bəy Ağayevin rəhbərliyi ilə başlayır. O üzünü Milli Şura üzvlərinə tutaraq deyir: “Əfəndilər, Milli Şuranın 28 nəfər üzvündən 26-sı, o cümlədən F.X.Foyski, X.B.Xasməmmədov, N.B.Yusifbəyli, M.H.Seyidov, N.B.Nərimanbəyov, H.Q.Məmmədbəyli, M.B.Hacınski, M.Mahmudov, Ə.Şeyxülislamov, M.B.Hacıbababəyov, M.Y.Cəfərov, X.B.Məlikaslanov, R.B.Vəkilov, H.Şahtaxtinski, F.B.Köçərli, C.B.Hacınski, Ş.B.Rüstəmbəyli, X.B.Sultanov, C.Axundov, M.Məhərrəmov, C.Məlik-Yeqanov və H.S.Axundzadə iclasda iştirak edir.
Müzakirə olunacaq məsələlər bunlardı:
1. Yelizavetpol (Gəncə) ilə bağlı son hadisələr haqqında doktor Ağayevin məlumatı.
2. Rəsulzadənin Batumdan göndərdiyi teleqram və məktubun oxunması.
3. Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda vəziyyət.
– Əfəndilər, Gəncədən yeni qayıtmışam. Ərz edim ki, Tiflisdə yayılan şayələrin, söz-söhbətlərin heç bir əsası yoxdur. Ora general Nuru Paşanın rəhbərliyi ilə bir neçə süvari əsgər və 2-3 nəfər zabit təşrif gətirib. Onların Gəncəyə gəlməsinin Azərbaycan həyatının siyasi quruluşu ilə qətiyyən əlaqəsi yoxdur. Ümumiyyətlə türklərin Azərbaycana, Qafqaza gəlişində təcavüzkar niyyət güdülmür. Əksinə türklər maraqlıdır ki, Azərbaycan, Qafqaz respublikaları müstəqil dövlətlər olsunlar.”
Gəncə məsələsinə münasibət bildirildikdən sonra söz Nəsib Bəy Yusifbəyliyə verilir. N.B.Yusifbəyli M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi teleqram və məktubun məzmunu ilə şura üzvlərini tanış etmək üçün xitabət kürsüsünə yaxınlaşaraq deyir: “Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Batumdan göndərdiyi teleqramda Şuranın hər bir əzasına onu dünənki iclasda sədr seçildiyinə görə təşəkkürünü bildirir, Azərbaycanın bu yeni, ali qanunverici qurumunun fəaliyyətinə uğurlar arzulayır. Məktubda isə Batumda may ayının 11-dən Osmanlı dövlətinin rəsmi nümayəndələri, ədliyyə naziri və Dövlət Şurasının sədri Xəlil Paşa və Qafqaz cəbhəsinin komandanı Mehmet Vehib Paşa ilə aparılan danışıqlar barədə məlumatlar verilir. Diqqətinizə çatdırım ki, danışıqlar uğurla gedir, yaxın bir həftəyə Azərbaycan Milli Şurası ilə Osmanlı Dövləti arasında dostluq və əməkdaşlıq haqqında Batum müqaviləsinin imzalanması gözlənilir. Müqavilənin yekun mətni ilə Milli Şura üzvləri tanış ediləcək. Məhəmməd Əmin Rəsulzadə məktubunun sonunda bildirir ki, "Türklər ilhaqın əleyhinədir.”
Azərbaycan Milli Şurasının tarixi iclasının gündəlikdə yer alan üçüncü məsələ üzrə söz Şura üzvü Xəlil Bəy Xasməmmədova verilir. O sinəsini kürsüyə gərərək xalqımızın taleyüklü məsələsi barədə düşüncələrini aydınladır:
Əfəndilər! Zaqafqaziyada yaranmış siyasi durum, Seymin süqutu, Gürcüstanın müstəqil dövlət yaratması və digər səbəblər gecikdirmədən Azərbaycan Cümhuriyyətini qurmağı, istiqlal bəyannaməsi elan etmək zərurətini artırıb. Milli Şuranın məhz bugünkü iclasında Azərbaycan Cümhuriyyətininin müstəqillik aktını, Əqdnaməsini qəbul etməsək gələcək nəsillər bizi bağışlamaz. Məsuliyyət anı yetişib. Qətli-amlara, təcavüzlərə, zorakılığa zaman-zaman məruz qalmış xalqımız bizdən qəti qərar gözləyir.
Xəlil Bəy Xasməmmədovun çıxışından sonra Milli Şura üzvlərindən Nəsib Bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Əkbər Ağa Şeyxülislamov və b. çıxış edərək Azərbaycan Cümhuriyyətininin İstiqlal bəyannaməsini elan etməyin zəruriliyini vurğulayırlar. Sonda söz Milli Şuranın üzvü Fətəli Xan Xoyskiyə verilir. O böyük səmimiyyətlə fikirlərini həmkarları ilə bölüşərək deyir: - Qafqazın və dünyanın indiki mürəkkəb durumu hamımıza bəllidir. Hesab edirəm ki, tamhüquqlu Azərbaycan dövlətini, idarəetmə strukturlarını yaratmaq lazımdır, amma Azərbaycanın müstəqilliyini elan etməyə tələsməməliyik. Böyük dövlətlərlə sülh danışıqlarını davam etdirməyə ciddi ehtiyac duyulur. Müstəqilliyin elan edilməsi çətin deyil, onu qorumaq və yaşatmaq əsas məsələdir.
Milli Şura üzvlərindən Sultan Məcid Qənizadə, Cəfər Axundov və b. çıxış edərək Fətəli Xan Xoyskinin təklifini dəstəkləyir, müstəqilliyin elanına lüzum görmürlər. Qızğın müzakirələr və mübahisələr səngimək bilmir... Bəziləri (o cümlədən Məhəmməd Həsən Hacınski - A.R.) ucadan qışqıraraq: "Bizə istiqlaliyyət lazım deyil! Sanki biz Müsavat - Ədəmi Mərkəziyyət firqəsiyik?!" - deyirdi.
İclasın sədri Həsən Bəy Ağayev sakitliyi bərpa etmək məqsədilə karandaşın əks ucunu masaya döyəclyərək ayağa qalxır və bildirir ki, Azərbaycanın müstəqilliyinin lehinə və əleyhinə iki təklif var. Birinci təklif Xəlil Bəy Xasməmmədova, ikinci təklif isə Fətəli Xan Xoyskiyə aiddir. Hər iki təkliflə əlaqədar fərqli mövqelər sərgiləndi. Mən birinci Xəlil Bəy Xasməmmədovun təklifinə - Azərbaycanın müstəqilliyinə səs verməyə Sizi dəvət edirəm! Bu səsvermədə bitərəf qalmaq istəyənlər lütfən məclisi tərk etsinlər.
İclas zalına sükut çökür, heç kəs yerindən tərpənmir. Milli Şura üzvləri arasında adbaad, açıq səsvermə keçirilir. İclasın katibi Mustafa Mahmudov adları bir-bir oxuduqca hər əza ayağa qalxaraq “Razıyam” – deyir. Hər kəsin çöhrəsində sevinc, qürur hissi təcəssüm tapır...
Həsən Bəy Ağayev adbaad, açıq səsvermənin nəticəsini bəyan etmək üçün ayağa qalxaraq deyir: - Bu saat, yəni axşam doqquza on dəqiqə işləmiş Azərbaycan istiqlaliyyətini Milli Şura qəbul etdi. Müstəqilliyin lehinə 24 nəfər Milli Şura üzvü səs verdi. Əleyhinə yoxdur. İki nəfər - Sultan Məcid Qənizadə və Cəfər Axundov bitərəf qaldı. İstiqlal Bəyannaməsinin hazırlanması üçün bir saatlıq fasilə elan edir, Cümhuriyyət hökumətimizi təbrik edirəm.
Milli Şura üzvləri bir-birini qucaqlayır, gözlər yaşarır...
Bir saatlıq fasilədən sonra altı bəndlik İstiqlal bəyannaməsi Milli Şura üzvlərinin diqqətinə çatdırmaq üçün Həsən Bəy Ağayev hamını ayağa qalxmağa dəvət edir. “Əqdnamə” oxunur:
“... Azərbaycan Şurayi-Milliyeyi İslamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xəlqi müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümhuriyyətidir.
3. Azərbaycan Xəlq Cümhuriyyəti... və sair...
Əkbər ağa Şeyxülislamov bir xatirəsində yazırdı ki, Milli Şura üzvlərindən çoxunun gözləri yaşarmışdı, sevincdən bir-birilərini qucaqlayıb əllərini sıxırdı...
Tiflisdə, Canişin sarayının önünə toplaşan on beş mindən çox insan “Yaşasın Müstəqil Azərbaycan” – deyərək Milli Şura üzvlərini sevinc və coşqu ilə alqışlayırlar.
Həsən Bəy bəyan edir ki, Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi bitərəf Fətəli Xan Xoyskiyə tapşırmışdı. Fasilədən sonra Milli Şurada ilk hökumət kabinəsinin tərkibi təsdiqləndi. İlk Hökumətdə vəzifələr belə bölüşdürülüb:
Fətəli Xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa Bəy Sultanov – hərbi nazir; Məhəmməd Həsən Hacınski – xarici işlər naziri; Nəsib Bəy Yusifbəyli – maliyyə və xalq maarifi naziri; Xəlil Bəy Xasməmmədov - ədliyyə naziri; Məhəmməd Yusif Cəfərov – ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxülislamov - əkinçilik və əmək naziri; Xudadad Bəy Məlik-Aslanov – yollar, poçt və teleqraf naziri...
İki gündən sonra, 1918-ci il may ayının 30-da Fətəli Xan Xoyskinin imzası ilə dünyanın ən böyük siyasi mərkəzlərinə - London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Buxarest, Tokio, Haaqa, Kopenhagen, Stokolm və b. şəhərlərə radioteleqram göndərilir. Radioteleqram lentlərində yazılırdı: “Bu gündən etibarən Azərbaycan xəlqi müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümhuriyyəti... müvəqqəti paytaxtı isə Gəncə şəhəridir...”
Müstəqilliyə gedən əzablı yollar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə məntiqi nəticəsinə çatır...

Asif Rüstəmli

Şəkildə: Tiflis, Qafqaz canişini sarayı. 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin elan edildiyi salonun önü.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !