Akif Çovdarovun oğlu prezident İlham Əliyevə bu foto ilə təşəkkür etdi - NO COMMENTs!..

Akif Çovdarovun oğlu prezident İlham Əliyevə bu foto ilə təşəkkür etdi NO COMMENTs!..

“Atam karantindədir, səhhəti normaldır”
MTN generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov prezident İlham Əliyevə təşəkkür edib. Musavat.com xəbər verir ki, R.Çovdarov sosial şəbəkədə atasının İ.Əliyevlə görüş zamanı çəkilən bir şəklini paylaşaraq, “Təşəkkürlər, cənab prezident” sözlərini yazıb. Sözügedən statusun altında isə R.Çovdarovun dostları ona gözaydınlığı verməklə yanaşı, A.Çovdarovun illərdir haqsız yerə türmədə yatdığını, ona qarşı ittihamların əsassız olduğunu iddia ediblər.
R.Çovdarov isə əməkdaşımıza qısa açıqlamasında atasının səhhətinin normal olduğunu və hazırda karantində olduğunu deyib. O, A.Çovdarovun azadlığa buraxılmasına görə ailələri adından prezident İ.Əliyevə bir daha təşəkkür edib.
R.Çovdarov atası həbsdə olan zaman geniş müsahibə vermiş və onun haqsızlığa uğradığını demişdi. Həmin vaxt o, atasının adına yazılan mal-mülk barədə informasiyaların yanlış olduğunu iddia etmişdi. Bəzi sitatları yada salaq:
Belə xəbər çıxdı ki, Akif Çovdarovun 26 milyonluq əmlakı var. Bir həftə üstündən keçəndən sonra belə xəbər yayıldı ki, Akif Çovdarovun 33 milyonluq əmlakı var. Mən dost-tanış arasında dedim ki, tələsməyin, gələn həftə 40, ondan sonrakı həftə 50, sonra 60 milyona qaldıracaqlar bunu... Artıra-artıra 100 milyona qədər çatdıracaqlar. Siz özünüz də bilirsiz ki, yazını maraqlı etmək, oxutmaq üçün belə şişirtmələrə yol verir həmkarlarınız. Qaldı ki, əmlaklara, atamla mən eyni evdə yaşayırıq. Bizim bir evimiz var, içində yaşadığımız. Bir də dövlət tərəfindən verilən yeni tikilidə bir mənzilimiz var. Bir də bağımız var. Olan əmlakımız budur. Mənim iki bacım var, hər biri ailəlidir, ayrı-ayrı ailələr sayılırlar. Yeznəmin biri uzun müddət Rusiyada işləmiş iş adamıdır. Bayaq da sual verirsiz ki, nəylə dolanırsız? Təbii ki, bu günə qədər görülən işlərlə, bizneslə. Yeznəm orda atamla birgə taxta-şalban biznesində olub. O biri yeznəm də Gürcüstanda tanınmış, imkanlı, ziyalı ailədəndir. Əmircanov nəslindəndir. Sırf bizneslə məşğul olmasının nəticəsidir onun əldə etdikləri. Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, 1996-97-ci illərdə sərəncama götürülmüşdü. O zaman Daxili İşlər Nazirliyində narkobizneslə mübarizə baş idarəsinin rəis müavini idi. Müəyyən vaxt işsiz qaldı. Ailə saxlamaq asan məsələ deyil. Həmin vaxt atam özünə Rusiyada taxta-şalban biznesi qurdu. Yeznəm də onda Rusiyada yaşayırdı, bu işi onunla birgə qurdu. Məsələn, kimsə bina tikir. Siz də məndən xahiş edirsiz ki, bəlkə tanış bina tikənin var? Mənim də o insanla tanışlığım varsa, sizi o adamın yanına göndərirəm, siz də gedib o evi alırsınız. Bu gün də mənim başıma iş gəlir, həbs edilirəm, çətinliyə düşürəm. O dost dediyim adam gəlib istintaqa ifadə verir ki, Akif Çovdarov o evi mənim əlimdən alıb. Amma siz özünüz də bilirsiniz ki, o adamların əlində məbləğin tam ödənilməsi barədə qəbzlər var. Əmlakın şişirdilməsi də budur. Həmin ittiham aktının içində olan bütün evlər atamın adına yazılıb. Filan yerdə mənzil, Yasamalda 250 kvadratmetr sahəsi olan 6 mənzil və sair və ilaxır. Bunların hamısı kimlərinsə evidir. Ya da dələduzlardan zərər çəkənlərin, zərər çəkdikləri üçün bu evi qaytaranların evləridir. Hansısa dələduz bir evi iki nəfərə satıb, sonra o adamlar həmin evi qaytarıblar. Bu gün isə həmin işləri Akif Çovdarovun adına yazırlar”.
O, eyni zamanda atasının adının mərhum jurnalist Elmar Hüseynovun qətlində, habelə jurnalist Aqil Xəlilin döyülməsində hallandırılmasına da belə etiraz etmişdi: “Deyərdim ki, atamla bağlı formalaşdırılan imic onun gerçək imici ilə tamamən ziddiyyət təşkil edir. Açığı, mən o adını çəkdiyiniz şəxslərlə, olaylarla bağlı rəy vermək də istəmirəm. Çünki mənim bu işlərdən xəbərim yoxdur. Amma bir məqamı nəzərinizə çatdıracam: ittiham aktları hər birinizdə var. İttihamların içində nə ölüm işi, nə adam bıçaqlama, nə yaralama işi yoxdur. Məhkəmələrin gedişindən də görürsüz. O qədər “zərərçəkən”lər üzə çıxıb ki. Hələ bundan sonra da çıxacaq. Az qala yoldan keçən adamları tutub, Akif Çovdarovun üzünə qoyurlar. Sizcə, Akif Çovdarovla bağlı ölüm işi olsaydı, bunun üçün də saxta şahidlər tapıb, onun üzünə qoymazdılarmı? İlk növbədə bu məsələnin şişirdilməsində maraqlı olardılar”.
R.Çovdarov hər zaman atasının qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə apardığını da iddia etmişdi. O, eyni zamanda A.Çovdarova siyasi məhbus statusunun verilməsi üçün cəhd etmədiyini və etməyəcəyini də açıqlamışdı: “Akif Çovdarov ömür boyu hüquq-mühafizə orqanlarında çalışıb, heç vaxt siyasətlə məşğul olmayıb, Dövlətinə, prezidentinə, rəhbərliyinə qulluq edib, sadiq olub və özü də dediyi kimi, həmişə sadiq olacaq. Ona görə də bu sualın bizə verilməyi düzgün deyil. Təbii ki, ona siyasi məhbus statusunun verilməsi üçün müraciət etməmişəm və etmək də fikrim yoxdur”.
Müsahibənin götürüldüyü 2016-cı ilin dekabr ayında A.Çovdarov aclıq aksiyası keçirir və müayinə tələb edirdi. Oğlu həmin vaxt bildirmişdi ki, atasının səhhəti olduqca ağırdır: “Onun köynəyinin qabağını açan hər kəs sinəsində əməliyyatların yerini görər, heç epiqrizə də ehtiyac qalmaz. Boğazından aşağıya qədər kəsiyi var. 2006-cı ildə ürəkdən, şuntlama əməliyyatı keçirib. Dörd damarı dəyişdirildi. Ondan sonra iki dəfə şok vəziyyətinə düşdü, şok aparatı ilə ayıltdılar. Bu yaxınlarda ürək ritminin pozulmasından əziyyət çəkirdi. Almaniyada olanda həkimlərə müraciət etdik.
Dedik ki, ürək ritminin düzənlənməsi üçün şok aparatından istifadə etsinlər. Həkimlər bizə bunu etməməyi məsləhət gördülər. Dedilər ki, şok aparatından istifadə etsək, ayılmaya bilər. Sonra 2011-ci ildə mədəsinin yuxarı hissəsində onkoloji xəstəlik tapıldı. Əvvəl fikirləşdik ki, mədəsinin həmin hissəsini götürsünlər. Amma iki-üç ay həkimlər kimya terapiyası (“ximoterapiya”) məsləhət gördülər. Ondan sonra isə həkimlər mədəni bütöv götürməyi uyğun bildilər. Mədəsi bütöv götürüldü. Ödü də yaxşı işləmirdi. Həkimlər dedilər ki, o ki əməliyyata girir, ödü də işləmir, elə ödünü də birdəfəlik götürək”.
musavat.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !