İngiliscə haqqında gündəm söhbətləri - - Azər HƏSRƏT yazır...

İngiliscə haqqında gündəm söhbətləri - Azər HƏSRƏT yazır...

Prezident İlham Əliyev iki gün öncə hakim Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Baxırıq ki, sosial mediada onun bir videosunu paylaşıb lağlağı edirlər. Yeni icra başçısı bir müddət öncə Bakıda keçirilmiş bir beynəlxalq toplantıda ingilis dilində çıxış edir. Dinləyəndə anlaşılır ki, adamın ingiliscədən xəbəri belə yoxdur. Sadəcə kağızdan oxuyur. Lakin sözümüz bunda deyil. Heç onu da demirik ki, bir insanın öz ana dili olmayan bir dili pis bilməsi, yaxud da ümumiyyətlə bilməməsi ayıb olacaq bir şey deyil. Sadəcə bizə qəribə gələn odur ki, Bakıda keçirilmiş, üstəlik də sinxron tərcüməsi təmin edilməkdə olan bir toplantıda bir Azərbaycanlı niyə özünü bilmədiyi bir dildə danışmağa zorlamalıdır?

 

Və əsas məsələ heç bu da deyil. Odur ki, Seymur Orucov, bəzi sosial media fəallarının dediyi kimi, xaricə səfir göndərilməyib ki, xarici dil bilgisi də tələb edilə. Düz də deyirlər. Uzağı Ağstafaya qədər gedib bu şəxs. Orada da, Xalid Kazımlının sözüylə desək, bircə dəfə “a qıvlasız” desə işi yaxşı gedəcək. Yəni zarafat bir yana, Seymur Orucovun ingiliscəsinə ilişmək əsaslı deyil. Əsas onun Ağstafada necə işləyəcəyi, Prezidentin tapşırıqlarını necə yerinə yetirəcəyədir. Bunu isə bir az gözləmək lazım gələcək. Ən azından adama imkan verək ki, işləsin, özünü göstərsin. Səbəb olarsa, tənqid edərik.

 

Gündəmdəki “ingiliscə söhbət” yadıma bu ilin fevralındakı Milli Məclis seçkilərindəki bir əhvalatı saldı. Mən də ingiliscəyə görə sosial mediada geniş tənqid edilmişdim. Seymur Orucovdan fərqli olaraq, dili bildiyim və o dildə danışdığım üçün. Seçkinin ilkin mərhələsində 4 dəqiqəlik şifahi bir dəyərləndirmə paylaşmışdım. Video müraciət idi. Ana dilimlə yanaşı ingilis və rus dillərində idi həm də. Maraqlısı da odur ki, ingiliscə olana baxış qısa müddətə 4 mini keçmişdi. İlişirdilər mənə. Özümü ifadəmdə qüsur tapa bilməsələr də niyə Xaçmazlılara ingilis dilində müraciət etdiyimi sorğulayırdılar. Təbii ki, baş qoşmurdum. Çünki sosial mediada bir para adamlar var ki, onlar hər şeyə mız qoymağı adətə çeviriblər. Ona görə də ingiliscə danışırsan narazıdırlar, danışmırsan yenə də narazıdırlar bu tiplər. İndi Seymur Orucovun hədəfə gətirilməsi də o qəbildəndir…

 

Əslinə qalanda, bu gənc icra başçısının tənqidə tuş gəlməsinin səbəbi heç də ingiliscəsi deyil. Məncə, cəmiyyətdə qıcıq yaradan sadəcə budur ki, niyə bu vaxta qədər heç bir dövlət idarəetmə təcrübəsi olmayan, üstəlik də adi səviyyədə ingiliscəni mənimsəmədiyi halda fəlsəfə doktorluğuna sahiblənən birisi bütöv bir rayonu idarə etmək üçün layiq bilinib? Üstəlik, onun sağ-solundakı qohumluq əlaqələri, mənsub olduğu region da suallara və əks kampaniyanın aparılmasına bəhanə verir. Bizsə deyirik ki, adamın qohumluğunun, region mənsubiyyətinin mətləbə dəxli yoxdur. Əsas onun işidir. Yuxarıda qeyd etdiyimiz kimi, işini görək, sonra danışarıq… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !