Azərbaycan arxeologiya elminin görkəmli nümayindəsi -

Azərbaycan arxeologiya elminin görkəmli nümayindəsi

Azərbaycan tarix elminin inkişafına töhfələr bəxş edən tanınmış arxeoloq alim, professor, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin bu il 65 yaşı tamam olur. O, iyun ayının 5-də Babək (indiki Kəngərli) rayonunun Böyükdüz kəndində anadan olub. 1977-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) Tarix fakültəsini bitirib, 1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq disertasiyasını müdafiə edib. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Əmək fəaliyyətinə 1977-ci ildə müəllim kimi başlayan Vəli Baxşəliyev 1983-cü ildə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında müdir, 1986-cı ildə Naxçıvan Regional Elmi Mərkəzində kiçik elmi işçi, aparıcı elmi işçi, elmi katib, 2003-cü ildə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi vəzifəsində çalışıb. Hazırda isə həmin institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiridir.
Vəli Baxşəliyev Azərbaycan tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 30 kitab və monoqrafiyanın, dərs vəsaitinin müəllifidir. Onun “Azərbaycan arxeologiyası”, “Naxçıvanın tarixi abidələri”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvanın Erkən Dəmir dövrü abidələri”, “Nəhəcirdə arxeoloji araşdırmalar”, “Ovçulartəpəsi”, “Duzdağın qədim duz mədənləri”, “Qədim Şərur”, “Qədim Ordubad”, “Şortəpə” və digər kitabları işıq
üzü görüb.
Alimin muxtar respublika ərazisində apardığı arxeoloji araşdırmalar nəticəsində tarix və arxeologiya elmimizə işıq salan çoxsaylı tədqiqat əsərləri təkcə Naxçıvanın deyil, ümummillikdə Cənubi Qafqaz, Yaxın Şərq və Azərbaycan tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Arxeoloq alimin gərgin əməyi və axtarışları əsasında Azərbaycan, türk, alman, ingilis və rus dillərində çap olunan kitab və monoqrafiyalar, çoxsaylı sanbalı elmi əsərlər, həm də Naxçıvanda aparılan arxeoloji araşdırmaların beynəlxalq aləmdə tanınmasına zəmin yaradır.
Professor Vəli Baxşəliyev Azərbaycanın sərhədlərindən kənarda da elmi ictimaiyyət tərəfindən tanınan nüfuzlu alimlərimizdən biridir. Onun tədqiqatları xarici ölkə mütəxəssisləri tərəfindən izlənilir, yalnız 2019-cu ildə onun əsərlərinə 300-dən artıq istinad edilib. Görkəmli alimin Türkiyə, İran, Rusiya, ABŞ, Almaniya, İtaliyada 5 monoqrafiyası, 50-ə yaxın elmi əsəri, eyni zamanda Web of science və Scopus indeksli dərgilərdə 30-dan artıq məqaləsi çap edilib. Elmi-kütləvi məqalələri Türkiyə, İran və Fransanın müxtəlif qəzetlərində dərc olunub.
Naxçıvanda beynəlxalq və yerli arxeoloji ekspedisiyaların rəhbəri, iştirakçısı olan Vəli Baxşəliyev Şərur, Culfa, Ordubad, Babək, Sədərək rayonlarının ərazisində yeni abidələr qeydə alıb. Eyni zamanda I Kültəpə, II Kültəpə, Oğlanqala, Ovçulartəpəsi, Çalxanqala, Qazançıqala, Naxçıvantəpə və yüzlərlə digər arxeoloji abidələrin tədqiqində iştirak edib. Abidələrimizdə ABŞ və Fransa arxeoloqları ilə birlikdə tədqiqatlar aparıb. Bu tədqiqatlar indi də davam etməkdədir. Bir çox xarici ölkələrin və Azərbaycanın elm, təhsil müəssisələrinin tədqiqatçıları ilə sıx elmi əməkdaşlığını davam etdirən Vəli Baxşəliyev Almaniya, Fransa, Türkiyə, İran, Rusiya, Gürcüstan və digər xarici ölkələrdə beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak edərək Azərbaycan arxeologiya elmini layiqincə təmsil edib.
Görkəmli alimin apardığı tədqiqatlar nəticəsində eramızdan əvvəl VI-I minilliklərdə Naxçıvanda qədim metallurgiya və metalişləmə sənətinin yerli xammal mənbələri əsasında meydana gəlib inkişaf etdiyi, eyni zamanda qədim mədəniyyətlərin, sənət əsərlərinin Azərbaycan xalqının enoqrafiyası və folkloru ilə sıx bağlı olduğu öyrənilib. Aparılan tədqiqatlar nəticəsində Naxçıvanın Dalma Təpə, Kür-Araz və Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin vətəni olduğu müəyyən edilib. Naxçıvanın qədim mədəniyyətlərinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətlərinin tədqiqilə müəyyənləşdirib ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər ölkələrinə Naxçıvandan yayılıb. Bunlarla yanaşı, Naxçıvanın qədim mədəniyyətlərinin dövrləşdirilməsi ilə bağlı Neolit, Eneolit, Erkən və Orta Tunc dövrü abidələri üçün yeni dövrləşdirmə müəyyənləşdirilib. Gəmiqaya təsvirlərinin böyük bir qisminin semantik məzmunu açılıb və bu təsvirlərin Azərbaycan xalqının ulu əcdadlarına məxsus olduğu elmi şəkildə sübut edilib.
Alimin tarixi milyon illərə dayanan Naxçıvanda apardığı arxeoloji tədqiqatlarının nəticələri “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” və digər ümumiləşdirici fundamental əsərlərlərin hazırlanmasında istifadə edilib. Onun rəhbərliyi ilə Naxçıvan ərazisində qeydə alınmış 1200-dən artıq arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumatlar hazırlanmış və pasportlaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun verdiyi qrant layihələrinin müsabiqəsində iştirak etmiş, onun rəhbərlik etdiyi “Naxçıvan tarixinin arxeoloji, etnoqrafik, epiqrafik və Şərq mənbələri əsasında tədqiqi, arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi” adlı qrant layihəsi qalib gəlmişdir.
Qeyd edək ki, Vəli Baxşəliyev gənc elmi işçilərin yetişməsində də müxtəsna xidmətləri olub. O, elmi-tədqiqat işləri ilə yanaşı 20 il Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. Alimin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanıb.
Görkəmli alim muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərdə də olur. Bununla yanaşı interaktiv və açıq dərslərdə iştirak edir. O, beş minillik dövlərçilik tarixi olan Azərbaycanın arxeologiya elmi ilə bağlı məktəblilərə məlumat verir, onlara bu elmin əhəmiyyətini aşılayır. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyaların fəaliyyəti və tədqiqatlar ilə şagirdləri əyani şəkildə tanış edir.
Dövlətimiz Vəli Baxşəliyevin elmi fəaliyyətindəki xidmətlərini yüksək qiymətləndirib. O, 2014-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə, 2019-cu ildə isə “AXC-nin 100 illiyi” medalı ilə təltif edilib.
Arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri Fərmanlarına layiq görülüb.
Professor Vəli Baxşəliyev Bölmənin Rəyasət Heyətinin üzvü, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda yaradılan arxeoloji ekspedisiyanın rəhbəri, eləcə də “Elmi əsərlər” jurnalının ictimai elmlər seriyasının məhsul katibi və redaksiya heyətinin üzvü kimi hazırda fəaliyyətini davam etdirir. Həmçinin, beynəlxalq “Amisos” dərgisində redaksiya heyətinin üzvü, ARWA adlı beynəlxalq elmi təşkilatın, bir çox beynəlxal elmi konfranslarda redaksiya heyətinin üzvüdür.
Bir yazıya sığmayacaq səmərəli elmi fəaliyyət göstərən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvanın qədim yaşayış yerlərinin öyrənilməsi, təbliği sahəsində bu gün də yorulmadan gənclik enerjisi ilə araşdırmalarını davam etdirir. Onun rəhbərliyi altında hazırda Naxçıvanın arxeoloji tədqiqi istiqamətində sistemli araşdırmalar aparılır. Naxçıvantəpədə arxeoloji tədqiqatlarını davam etdirən alim inanırıq ki, daha neçə-neçə qədim yaşayış yerlərinin bu günə qədər sirr qalan tarixinin səhifələrinə işıq salacaq.
Yeni tapıntılarla arxeologiya elminə layiqli töhfələr, sanballı əsərlər bəxş edəcəyi ümüdilə görkəmli tarixçi alim Vəli Baxşəliyevi 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, elmi faliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !