AĞALAR İDRİSOĞLU: - SABİR RÜSTƏMXANLI FENOMENİ VƏ YA ZƏMANƏMİZİN ZƏRDÜŞT ATASI

AĞALAR İDRİSOĞLU: SABİR RÜSTƏMXANLI FENOMENİ VƏ YA ZƏMANƏMİZİN ZƏRDÜŞT ATASI

 

(Esse)


Xalq şairi, millət vəkili, dəyərli ziyalı, Azadlıq hərəkatının ən böyük nümayəndəsi,  Türk dünyasının böyük  tədqiqatçısı, təbliğatçısı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya ithaf edirəm.

 

Onunla hər dəfə söhbət eləyəndə, təmasda olanda, neyçünsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Ulu Zərdüşt  Atanı görürəm. Bir vaxtlar tamaşaya hazırladığımız, Sabir Rüstəmxanlının yazdığı "Uzaq əsrlərin həqiqəti" pyesində Zərdüşt  Ata, el-el, oba-oba gəzərək əllərini göyə qaldırıb imdad, kömək diləyərək deyirdi:

- Ey, Ulu Tanrı. Bu milləti birləşdirməkçün yol göstər mənə. Yol ğöstər. Mənə anlat, ən yaxşı həyatın özülü necə qoyulacaq? Ədalət necə qalib gələcək? Zülmkar hakimlərə xalqı sevməyi necə öyrədim? İnsanı yalanla idarə eləyənləri düz yola necə çağırım? Hara qaçım əyriliyin, namərdliyin, nadanlığın əlindən? Dözüm ver mənə... Yol göstər... Ey millətim, mən düzlük carçısı olduğumdan, Sizi hökmdardan qorxmamağa, düzlüyə, birliyə  çağırıram. Bilin ki, milləti dörd şey millət edər: BİRLİYİ, QEYRƏTİ, QÜDRƏTİ, MƏDƏNİYYƏTİ...

Cəmi  24 yaşında yazdığı və cavanlıqdan artıq ağsaqqal  düşüncəsinə malik olmaqla bu pyesin baş qəhrəmanı Zərdüşt  Ata - Sabir Rüstəmxanlı özü idi. Axı elə həmin illərdən başlayaraq, Sabir Rüstəmxanlı, Doğudan Batıya qədər ölkə-ölkə, oba-oba bütün Türk məmləkətlərini gəzərək, türkləri birliyə, həmrəyliyə çağırır. Cismən bizdən ayrılıb, torpağa qovuşan, dünyasını dəyişən Zərdüşt Atanın da ruhu, elə 24 yaşından Sabir Rüstəmxanlıda yaşayır. Əgər onda həmin ruh olmasaydı, belə cavan yaşında elə fəlsəfi, uzaqgörən siyasəti olan bir əsəri yaza bilməzdi.  Bu ruh onun daxilinə hopmaqla, sonra "Ömür kitabı" ilə ömrümüzdən keçən Vətəni, Vətən torpaqlarını belə böyük həvəslə axtarmazdı... 

Deməli, Zərdüşt Ata, təkcə öz ömrünü yox, Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır... Çox cavan yaşlarından Monqolustanda 1300 il bundan qabaqkı ilk yazılı ədəbiyyatımızın, Orxon-Yenisey abidələrində kökünü axtarır. "Tanrı" sözünün, "Türk və yer" sözünün, "Oğuz və bəy" sozünün ilk dəfə daşa köçürülmüş incilərini oxuyaraq, gündoğandan, günbatana qədər olan  ərazidə  türk  millətləri ilə, türk xalqları  ilə çörək kəsir, onlarla yol  yoldaşı olur Sabir Rüstəmxanlı. Onları HƏMRƏYLİYƏ, TÜRK XALQLARININ BİRLİYİNƏ çağırır...

Və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür. O, bilir ki, bu ocaqda çoxlu həqiqət közü yatır. O, bilir ki, bu millətin tarixi həqiqətlərinə saysız-hesabsız alabəzək, qara pərdələr çəkilib. Əsl həqiqət isə yadellilərin, işğalçıların və öz millətinin qanına susamış, onu kölə etmək istəyən, ona tarix boyu zülm eləyən, həqiqəti deməyə imkan verməyən qəddar hökmdarların, onların qulbeçələrinin qılıncları, top - tüfəngləri ilə doğranıb, ayaqlar altında didik-didik olub, külü də göyə sovrulub...

Sabir Rüstəmxanlı - Zərdüşt Ata, 24 yaşından  dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş  Azərbaycan adlı bir kitabın qırıntılarını, böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin "Ömür kitabı"nı yazıb və hələ də yazır...

Bu gün də tarix dəlalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır. Öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə köməklik eləyir. Özü də heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır. Və Cavadxanın dili ilə belə deyir:

 

Çox sevinmə general! Tarixin səbri dərin.

Sənin də növbən gələr, başını uca tutma!

Qanlarına bələnmiş bu məğrur igidlərin,

Heç kimə borcları yox! Həqiqəti unutma!..

Millətim bağışlamaz axıtdığın bu qanı -

Qardaşın qardaş üçün ağladığı vaxt olar.

Vətənimin köksündə açdığın bu yaranı,

İntiqam məlhəminin bağladığı vaxt olar!..

 

Sabir Rüstəmxanlı - Zərdüşt Ata, oba-oba, el-el gəzərək türkləri Qan yaddaşını unutmamağa çağırır. Bunun üçünsə, milləti HƏMRƏYLİYƏ, BİRLİYƏ çağıraraq Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, tayfabazlığı, qəddarlığı, qanunsuzluğu, xalq malının talan edilməsini, xaosu, hərc-mərcliyi gördükdə bu dərdlərdən qurtulmaqçün ürək ağrısı ilə belə deyir:

 

Yolsuz zirvə, yolsuz dərə, 

Ümid olub yol bizlərə, 

Allah mənə yol göstərsə, 

Bu dərdlərdən qaça biləm...

 

Bu dərdlərdən qaça bilməyən Sabir Rüstəmxanlı - Zərdüşt Ata, oba-oba, el-el gəzərək dərdlər, ələmlər içərisində bu millətin adından üsyan eləyərək deyir:

 

Yurdun sərvətini talayan alçaq, 

Onsuz da erməni talayır bizi. 

Niyə od vurursan ürəyimizə 

Dərd öz ocağında qalayır bizi.

 

Rüşvət məzənnəni qovzama belə 

Haramı fikrimə qazıma belə 

Qardaşın qanına susama belə, 

Ya cıx qardaşlıqdan, al ayır bizi.

 

Bu nə vurhavurdu, bu nə qazancdı?

Millətin didərgin, millətin acdı.

Pul hansı hikməti üzünə açdı,

Nadanlıq qurd olub dalayır bizi.

 

Bu gün gözümüzün qarşısında baş verən, bizi də öz qazanlarında qaynadan, milləti məhvə  sürükləyən nadanları, tayfabazları, quldurları, rüşvətxorları, millətin malını, varını, yoxunu  talayanları, qəddarları, onların vəhşiliklərini görən böyük şair, filosof, millətin tarix boyu deyə bilmədiyi dərdlərini, meydanlardan, dövlətin, Milli Məclisin xitabət kürsülərindən uca, aydın səslə, dərin ağılla, məntiqli fikirlərlə deyən böyük siyasətçi, millət vəkili Sabir Rüstəmxanlı - Zərdüşt Ata, hamımızı, dünyaya səpələnmiş bütün Azəri türklərini - Vətənini, millətini, torpağını təmənnasız sevən insanların ətrafında toplaşmağa, birləşməyə çağırır...

Əgər biz millətiksə, əgər biz Qan yaddaşımızı unutmamışıqsa, əgər biz yenidən torpaqlarımızın birləşməyini istəyiriksə, əgər millətin bir olmasını, birləşməsini, gələcək nicatımızı istəyiriksə, əgər balalarımızın xoş gələcəyini istəyiriksə, gəlin onun VƏTƏNDAŞ HƏMRƏYLİYİ çağırışını eşidək. Sabir Rüstəmxanlı - Zərdüşt  Atanın fikirlərini, istəklərini, ali məqsədini dəstəkləyək və millətin birliyinə, birləşməsinə çalışaq. Mübarizə aparaq. Onunla birlikdə deyək:

- Bu yurd düzlük carçılarının, yaxşılıq oduna bürünmüş kişilərin VƏTƏNİDİR. Babalarımızın ən qədim andı günəş idi. Oda iman gətirmək idi. Biz də düzlük carçısı olan Sizə iman gətirərək, istəyirik ki, odumuz yansın, çörəyimiz olsun, işığımız gəlsin, ocağımız sönməsin. Onu bilin ki, bu millətin ocağını söndurmək istəyənlərin cəzasını yalnız biz, birlikdə verə bilərik. Ona görə də bizim MİLLİ BİRLİYİMİZ  lazımdır. Milli birliyi olmayan xalqı, tarixlər boyu parçalayıb, kölə ediblər. Əsarətdə saxlayıblar. Millətin böyüklüyü, qüdrəti onun milli birliyindədir.

Bu sözlərlə ətrafında toplaşmış insan axınının, insan selinin qarşısında, Azadlıq meydanının ən uca zirvəsində dayanan Sabir Rüstəmxanlı - Zərdüşt Ata, onunla həmrəy olan milyonlarla qan qardaşlarına, can qardaşlarına,  Vətənini sevən kişilərinə və kişi qeyrətli xanımlarına rəğbətlə baxaraq deyir:

- Mənim xalqımın əxlaqı üç sözlə ifadə olunur: xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Biz insan kimi bütöv olmalıyıq. Düşüncəmizlə əməlimiz, sözümüzlə işimiz arasında ayrılıq olmamalıdır. Biz ruhu, qəlbi azad olan adamları sevmişik. Əgər bizim ruhumuz, qəlbimiz azad ola bilsə, əgər biz qəlbimizdən on şeyi - haram, qeybət, kin, paxıllıq, tamah, yalan, riya, həsəd, ədavət və kələyi ata bilsək onda birləşə  bilərik. MİLLİ  BİRLİK yarada bilərik. Bir yumruq ola bilərik. Qoy insan düzlük, paklıq carçısı olsun!

Onun sözlərinin axırıncı cümləsini bura toplaşan insan seli, insan axını təkrar eləyək deyir:

- Qoy insan düzlük, paklıq carçısı olsun!

Bu sözlər elə ucadan səslənir ki, Azadlıq meydanı lərzəyə gəlir. Vulkan kimi püskürür...

Ürəyimdə, daxilimdə, beynimdə bir inam yaranır. Öz-özümə deyirəm:

Əgər bu millət istəsə birləşə  bilər. Keçmiş tariximizdən ibrət dərsi götürüb, birləşə bilər. Və nə qədər ki, birliyimiz olmayacaq, bax beləcə torpağımız, millətimiz, dilimiz parçalana-parçalana gedəcək... Və erməni gavurları qibləgahımız Şuşada və bütövlükdə Qarabağda  at  oynadacaqlar...

Sumqayıt şəhəri,

2000- ci il

 

 

                                                                              

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !