DTX əməliyyatı ilə tutulan icra başçısının yerinə təyin olunan Seymur Orucov kimdir? - - DOSYE

DTX əməliyyatı ilə tutulan icra başçısının yerinə təyin olunan Seymur Orucov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Orucov Seymur Vaqif oğlu 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub.
Orta təhsilini 2001-ci ildə bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinə daxil olub, 2005-ci ildə bakalavr təhsil pilləsini bitirib. 2005-ci ildə universitetin magistr təhsil pilləsinə “Maliyyə-kredit” ixtisası üzrə qəbul olub və 2007-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.
2007-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində fəaliyyət göstərib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin, aprelin 4-də isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
Prezident İlham Əliyevin 4 iyun 2010-cu il tarixli, 951 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Evlidir.
Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX-nin 2019-cu il dekabrın 19-da keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Həmin ilin dekabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !