28 may Respublika Günü ilə əlaqədar onlayn konfrans keçirilib -

28 may Respublika Günü ilə əlaqədar onlayn konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində 28 may Respublika Günü ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyəti-102” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev müsəlman-türk dünyasında, eləcə də Şərqdə ilk demokratik respublikanın yaranma zəruriətindən danışıb. Bildirilib ki, 1918-ci il may ayının 28-də təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz və daxili qarşıdurma nəticəsində süqut edib. Ancaq buna baxmayaraq 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmiz və xalqımız üçün mühüm işlər görüb. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə də diqqət yetirilib. Belə ki, ərazinin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi köməklik göstərilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı özünün ikinci dəfə müstəqilliyini elan etməsindən söz açılıb. Müstəqilliyimizin əbədi təmin olunmasında dahi öndərin atdığı uğurlu addımlar, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işlərində əldə olunan nailiyyətlər faktlarla iştirakçıların diqqətinə çatdırılıb.
Onlayn konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk Demokratik Respublika” mövzusunda məruzə ilə çıxış edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !