18 may – Beynəlxalq Muzeylər Günü -

18 may – Beynəlxalq Muzeylər Günü

18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.

Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar ilə qeyd edəcək. Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin “Muzeydə virtual tur” layihəsi çərçivəsində tanınmış ictimai simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış edəcəklər. Qeyd edək ki, virtual tur rus və ingilis dillərində də təqdim olunacaq. Həmçinin ekskursiya muzeydə ilk dəfə “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizinə uyğun olaraq surdo-tərcümə ilə müşayiət ediləcək.

Bununla yanaşı, Beynəlxalq Muzeylər Günü Rusiya Etnoqrafiya Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi onlayn bağlantı yaradacaq. Onlayn bağlantı zamanı “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında Azərbaycan inciləri” adlı birgə layihə, muzeylərin virtual fəaliyyəti, bu sahədə qazanılan təcrübə və gələcək planlar müzakirə olunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !