Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub - (+FOTO=2)

Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub (+FOTO=2)

Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti, professor Arif Babayevin yaradıcılığına həsr olundu.

Verilişdə yazıçı-dramaturq İlqar Fəhmi və Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova xaənəndənin yaradıcılığından və muğam sənətinin inkişafına verdiyi töhfələrdən söz açdılar. Diqqətə çatdırıldı ki, şeir, sənət ocağı, istedadlar diyarı qədim tarixə malik Qarabağ torpağı Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin məskənidir. Azərbaycanın Qarabağ bölgəsində zəngin ənənəyə malik olan xanəndəlik sənəti şərəfli tarixi inkişaf yolu keçmişdir. Bu sənətin layiqli nümayəndələri olan ustad xanəndələr Azərbaycan muğamlarını, təsnif və mahnılarını şifahi şəkildə nəsildən-nəslə ötürərək müasir dövrümüzədək gətirib çatdırmışlar. Məhz xanəndələr nəsli muğam ustadlarının zəngin irsini qoruyub saxlamaqla yanaşı, həm də ondan bəhrələnmiş və bu xəzinəyə öz yeni töhfələrini bəxş etmişlər. Onların hər biri Azərbaycan milli musiqi mədəniyyətində dərin izlər qoymuşdur. Belə sənətkarlardan biri də Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı professor Arif Babayevdir. Vurğulanıb ki, sənətkar öz yaradıcılığında nəinki gözəl xanəndə kimi, həm də bir pedaqoq kimi geniş fəaliyyət göstərən muğam ustadıdır. Verilişdə “Şöhrət” və “İstiqlal” ordenli xanəndənin sənət yolu mərhələli şəkildə təhlil olunub.

Xanəndənin tələbələri Əməkdar artistlər Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Gülay Zeynallı xanəndənin repertuarından muğam və təsniflər təqdim ediblər. İfaçıları Əməkdar artistlər Elçin Həşimov(tar), Elnur Əhmədov (kamança) , Kamran Kərimov (nağara) müşayiət edib.

Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !