Azərbaycanda teatr sənətinə həsr olunmuş beynəlxalq virtual elmi konfrans keçirilib - (+FOTO=10)

Azərbaycanda teatr sənətinə həsr olunmuş beynəlxalq virtual elmi konfrans keçirilib (+FOTO=10)

11 may 2020-ci il tarixində Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə “Onlayn teatr” adlı beynəlxalq virtual elmi konfrans keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar sosial təcridolunma şəraitində fəaliyyət göstərən dünya teatrının aktual problemlərinə həsr olunan konfransda Azərbaycan, Qazaxıstan, Gürcüstan, Fransa, Rusiya, Bolqarıstan, Polşa, Belarus, İran, Pakistan, Meksika, Ukrayna, Türkiyə, Qırğızıstan və Özbəkistandan 60-dan artıq teatr mütəxəssisi - teatr nəzəriyyəçiləri (teatrşünaslar, teatr tənqidçiləri, kulturoloqlar və jurnalistlər), praktiklər (rejissor, dramaturq, aktyor, menecer, rəsssam, teatr rəhbərləri) və teatr məktəblərinin pedaqoqları, həmçinin bir neçə tələbə iştirak edib. Birinci - ingilisdilli seksiyada 44, ikinci – rusdilli seksiyada 55 nəfər iştirak edib.
Konfransı giriş sözü ilə açan Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov tədbir iştirakçılarını salamlayaraq, ötən ilin sonlarında yaranmış Beynəlxalq Teatr Tənqidçiləri Birliyi və təşkilatın həyata keçirdiyi müxtəlif beynəxalq və lokal layihələr haqqında məlumat verib.
Gürcü teatrşünas Marina Vasadzenin moderatorluğu ilə keçən birinci seksiyada Meksikadan mədəniyyət eksperti Monika Baxonero Diaz “Teatr üçün heç bir müəyyənlik yoxdur: məhdudiyyətdən doğan refleksiya”, Pakistandan Karaçi Dram Teatrının bədii rəhbəri Sohail Ahmed Malik “Performans sənətinin “Cəsur Yeni Dünya”sı”, İrandan Lameyi Universitetinin müəllimi Səid Kazimiyan “Sosial şəbəkələr və gələcəyin teatrının tamaşaçıları”, Azərbaycandan “dOM” Teatrının rəhbəri Tərlan Rəsulov “Teatr (ifaçılıq sənəti) sahəsində təsnifat problemləri”, Türkiyədən fəlsəfə doktoru Ziyad Quliyev “Teatr transmediası. Onlayn teatr narrativinin analizi” və Rusiyalı teatrşünas, M.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi Emiliya Dementsova “Teatr özünütəcrid dövründə: təhlükə imkan kimi” adlı məruzələrlə çıxış ediblər.
İkinci seksiyanın əvvəlində çıxış edən Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin prezidenti, Qazaxıstanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Anara Erkebay təşkilatın cari və perspektiv layihələri barədə məlumat verib və hazırda “Postsovet məkanının müasir teatrı” adlı kollektiv monoqrafiya üzərində işlərin davam etdiyini bildirərək, “Teatr Onlayn” konfransının ideyası və məqsədləri haqqında danışıb.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun moderatorluğu ilə keçən ikinci seksiyada isə ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə“Koronavirus dövrünün bədbin karnavalı və yaxud insan olmaq qadağandır!”, sonra Bolqarıstandan dramaturq, “Gülüş və göz yaşı” teatrının rejissoru Xristo Stoyçev “Teatrda yeni reallıqlar haqqında dialoqlar”, Qazaxıstandan sənətşünaslıq namizədi, professor, T.Jugenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının Teatr sənətinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Saniya Kabdiyeva “Səhnəyə həsrət qalan teatr”, AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Vidadi Qafarov da ikinci seksiyada “Virtual teatrda tamaşaçı amili”, Rusiyadan sənətşünaslıq namizədi, Stanislavski Elektroteatrının kuratoru Kristina Matvienko “Karantin dövründə teatrın onlayn iş formaları”, sənətşünaslıq namizədi, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun İncəsənətin tarixi və nəzəriyyəsi kafedrasının dosenti Aysılu Saqitova “Canlı teatr yaşayacaq”, Belarusiyadan sənətşünaslıq üzrə magistr, Belarusiya mədəniyyət, dil, ədəbiyyat tədqiqat Mərkəzinin kiçik elmi işçisi Aleksandr Mantuş “Belarusiyada onlayn-teatrın hazırki vəziyyəti və perspektivləri” adlı məruzələrlə çıxış ediblər.
Hər iki bölmə maraqlı məruzələr yanaşı, həm də canlı dikussiyalar və fikir mübadiləsi ilə yadda qalıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA Memarlıq və İncəsənət İnstitutu, T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və FilmUniversiteti və Gürcüstan Müasir Tədqiqatlar Mərkəzinin tərəfdaşlığı, Teatro.az, Theatrelife.ge, Oner.kz saytlarının informasiya dəstəyi ilə baş tutan konfrans virtual məkanda geniş əks-səda doğurub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !