MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ BAŞDAN İYLƏNƏN "BALIQ" - -FOTO=2

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ BAŞDAN İYLƏNƏN "BALIQ" -FOTO=2

Şamaxının Mədrəsə qəsəbəsində tifağı dağılan Alban kilsəsi və... nazirlikdəki pul dağıntısı...
...Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) neçə gün əvvəl Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirdiyi əməliyyat-istintaq tədbirləri barədə hamı yazır, ürəyindən keçənləri deyir, təəssüfünü bölüşür. Mən də təəssüflənirəm ki, mədəniyyətimizin taleyinə məsul olan bir nazirlikdə məlum tərbiyəsiz (!) işlər görülürmüş (ermənilərin əsrlər boyu oğurladığı və öz adına çıxdığı mədəniyyət nümunələrimizə ayrılan vəsaiti oğurlamaq tərbiyəsizlərin işidir).
Yadıma 1994-cü ilin tarixə çevrilib arxivə verilmiş bir anı gəlir: indiki Texniki Universitetin İdman zalında gənc karateçilərin respublika turniri keçirilirdi. Azərbaycan daxili işlər nazirinin müavini, karate üzrə Əməkdar məşqçi, 10-cu Dan Qara kəmər ustası mərhum Rövşən Cavadovun rəhbərliyi ilə davam edən yarış sonda mükafatlandırma ilə başa çatdı... Gənc qalib idmançılardan birinə isə diplomun birini də mən təqdim etmişdim... 1993-94-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsinin Prezidenti, 1994-cü ildə Gənclər və İdman naziri olmuş Əbülfəs Qarayev bu turnirin keçirildiyi günlərdə sona qədər Rövşən Cavadovun yanında oldu, yarışı izlədi... Nazir kimi bu, onun vəzifə borcu idi... Mənim isə borcum ondan ibarətdir ki, Əbülfəs Qarayevin necə həlim, mədəni bir insan olduğu barədə o vaxtkı təəssüratı indi olduğu kimi təqdim edim. Amma təqdim edə bilmirəm. Çünki... Bəli, nazir hamının təsəvvüründə təmiz və korrupsiyadan uzaq bir nazirliyin rəhbəri kimi dərin hörmətə malik idi.
İndi o ildən bizi 26 il ayırır. İnanın, son günlərədək Əbülfəs müəllim təsəvvürümdə elə o cürə qalmışdı... Amma və lakin...
Şamaxının Mədrəsə qəsəbəsində tifağı dağılan Alban kilsəsi və... nazirlikdəki pul dağıntısı...
2007-ci ildə, sonralar isə az qala hər il bölgə müxbirimizin yaşadığı Şamaxının Mədrəsə qəsəbəsində tariximizin canlı və şanlı abidəsi, şahidi olan qədim Alban kilsəsinin viran halını görəndə qanım it qanına dönürdü. Niyə? Düşünmüşəm ki, axı o boyda nazirliyin niyə Bakıdan 120 km məsafədə olan bu tifağı dağılan abidədən xəbəri olmasın!
Özüm araşdırma aparmışam və 1988-89-cu illərdə burada məskunlaşmış məshəti türkləri və Laçından olan köçkün və qaçqınlardan öyrənmişdim ki, bu kilsənin başına ermənilər minbir oyun açıb. Belə ki, 1828-ci ildə Türkiyə və Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Türkiyə və İrandan Qarabağa məqsədli şəkildə köçürülmüş ermənilərin (əsl virus bunlardır) bir dəstə tör-töküntüsü də Mədrəsə kəndində məskunlaşdırılıb. Bir müddət sonra onların gözü buradakı tarixi Alban kilsəsinə düşüb. Təsəvvür edirsinizmi, ermənilər kilsənin üzərindəki xaçın quruluşunu dəyişib-yonub erməniləşdiriblər və üzərinə də “1864-cü il” yazıblar. Sonradan daşdan həkk olunmuş bu yamaq-dəyişikliklərə etiraz əlaməti olaraq kilsənin dili olmasa da, hirsindən başında ağaclar boy atıb, hayqırıb, biz Azərbaycan insanlarını köməyə səsləyidi (Fotoşəkildə rəngli dairəyə alınıb). Bəli, daşdan-kilsədən səs çıxıb, mədəniyyətimizə cavabdeh olub mədəniyyətimizə ayrılan pullara siçovul kimi qənim kəsilənlərdən isə səs çıxmayıb.
Mən bu dəhşətli cinayəti fotolaşdırıb dəfələrlə Mədəniyyət Nazirliyimizə, şəxsən Əbülfəs Qarayevə, AMEA-ya göndərmişəm, nazirliyə zəng etmişik, yazı yazıb səs-küy qaldırmışıq ki, bu tarixi abidəmizə yiyə durun!!! Başı pul bölgüsünə qarışan bəzi yaramaz məmurlar (ifadə cənab Prezident İlham Əliyevə məxsusdur) susmağa üstünlük verdilər. Kilsə isə burada yaşayan sakinlərin at-eşşəyinin soyuqda sığınacaq yerinə çevrilmişdi... Siz deyin, kilsənin tarixini saxtalaşdıran ermənilərlə bu saxtakarlığa susan, göz yumanların fərqi nə qədərdir???
Baxın: çağdaş tariximizin 4-cü əsrində təşəkkül tapmış Alban Apostol kilsələri tarixi islamın yayılmasınadək Qafqazda da fəaliyyətli mövcud olub, kilsələrin bir çoxu isə bu günədək qalmaqdadır. Amma görün ermənilər nə edib: Mədrəsədəki Alban kilsəsinin onlara məxsusluğunu rəsmiləşdirmək üçün üzərinə “1864” rəqəmini pərçim ediblər (Fotoşəkildə aydın görünür). Bununla da demək istəyiblər ki, ermənilər Qafqaza, deməli, Qarabağa-Azərbaycana 1828-ci ildə köçürülüblər, bu köçdən sonra bu kilsəni tikiblər və 1864-cü ildə istifadəyə veriblər.
Mədəniyyət Nazirliyimizin rəsmi sənədlərində və arxivində axtarış apardım, bu kilsənin tarixi, mahiyyəti və mövcudluğu barədə bir fakta belə rast gəlmədim. Amma və lakin...
Nazirin başı evini təmir edib muzeyə çevirməkdə ikən...
...Məşhur fransız aktyoru Jerar Depardye 2013-cü ildə Bakıya gəlir... Onu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qarşılayır, sonra evinə qonaq aparır... Fəxri qonaq nazirlə görüşündən sonra onun şəxsi evini ziyarət edir. Dünyanı məşhur rolları ilə şoka salan dünya şöhrətli aktyor Jerar Depardye isə nazirin evini görüb şoka düşür: “Mən nazir Əbülfəs Qarayevlə onun dəniz yaxınlığındakı evində görüşdüm. Onun sahildəki evi əsl incəsənət nümunəsidi. Mən həmçinin muzeylərə, bir sıra yeni tikililərə getdim. Azərbaycan barədə çox yaxşı təəssüratlar topladım”.
Bu, gerçəkdən şokdur... Ermənilərin mənimsəyib öz adına çıxdığı tarixi abidələrimizin, düşmənin yağmaladığı mədəniyyət nümunələrimizin dərdini çəkməli nazirin və nazirliyin bu və ya digər əməllərinə nə ad verəsən???
Evinin təmirsizliyinə görə kövrəlib ağlayan nazir...
...1993-94-cü illərdə “Ədalət” qəzetində baş redaktorun 1-ci müavini işləyirdim. Təxminən yadımdadır, o vaxtkı Yüngül Sənaye Nazirliyi barədə bir tənqidi yazı dərc etmişdik. Yazıda nazirin (təəssüflər olsun ki, adını unutmuşam) özünə dəbdəbəli şərait yaratması barədə nazirlik əməkdaşlarından bir neçəsinin yazdığı şikayət əks edilmişdi. Nazir redaksiyaya zəng vurdu, şəxsən məni bu yazıdakıları araşdırmaq üçün iş yerinə dəvət etdi... Redaksiyadan çıxarkən, zəng gəldi, məlum oldu ki, həmin nazirin evi “Azərbaycan” nəşriyyatının yaxınlığındadır... Biz nəşriyyatın yaxınlığında görüşdük. Səmimi görüşdük, bilirdi ki, şikayəti yazanlar özünün ətrafıdır, faktlar bunu təsdiqləyirdi. O, məni (səhv etmirəmsə, redaksiyadan daha kimsə bizimlə idi) mənzilinə dəvət etdi ki, görək onun nazir kimi mənzili necə təmir edilib, yazıldığı kimi, dəbdəbəli və bahalı mebelləri necədir!
Mənzilə daxil olduq. Adi Sovet məmurunun orta səviyyəli, köhnə “unitaz”lı hamam-tualeti, 2 yataq otağı, taxta qapılar və səliqəsiz parketlər... Yadımdadır ki, həyat yoldaşı qripdən xəstələnmişdi, adyala bürünüb qarşımıza çıxdı, bizi müşaiyət etdi... Mən imtina etsəm də, nazir otaqları, mətbəxi, mebelləri görmək üçün israr etdi... Sonra sakitcə mətbəx otağna gəldik. Çay süzülmüşdu. Həyat yoldaşı bizi tək buraxdı... Nazir barəsində yazılmış əsassız şikayətlərdən də çox, nazir kimi necə təmiz olduğu halda, belə şəraitdə yaşamasını dəbdəbə kimi qələmə verilməsinə dözməyib üzünü divara sarı çevirib ağladı... Heç vaxt yadımdan çıxmaz, onun “Mən az maaş alan işçilərimi unudub dövlətin ayırdığı pulunu kefə, rahatlığıma xərcləsəm, deməli, ən əclafın biriyəm, ən yaramaz adamam...”, -deyərək göz yaşı içində danışmağa başladı... O, haqlı olaraq adına korrupsioner deyilməsinə dözmədi, etiraz etdi, bu adı daşımağı şəxsinə sığışdırmadı.
O hadisənin üstündən 26 il ötür. Bu isə bizim mədəniyyətimizə cavabdehlərin korrupsiya güzəranı. DTX əməliyyatının üzə çıxartdıqları əclaf və yaramazlıqların təsdiqi deyildimi?!
Mən heç nə demirəm, siz deyin...
***
Sonda: Bir neçə gün əvvəl həbs olunan və vəzifəsindən kənarlaşdırılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (Mədərəsədəki Alban kilsəsinin ahı tutdu) keçmiş rəisi Zakir Sultanovun törətdiyi əməllərin bir hissəsi: Z.Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan “şapka” alıb, DTX-ya ifadəsində özünü təqsirli bilərək qeyd edilən pulları aldığını etiraf edib. Zakir Sultanov Mədəniyyət Nazirliyinin saytının yenidən hazırlanması və reklam olunması üçün bir şirkətlə təxminən 20 min manatlıq müqavilə imzalayıb, həmin pulun 1000 manatını geri alaraq mənimsəyib. Bozalqanlı adına Aşıq Sənət Muzeyinin tikintisinə 5,8 milyon manat ayrılıb. Z.Sultanov tikintini həyata keçirəcək şəxsdən 100 min manatdan çox “şapka” alaraq mənimsəyib. Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan 5,4 milyon manatdan isə Z.Sultanova 50 min manata “pay” verilib.
Z.Sultanovun “şapka” kimi aldığı ən böyük məbləğ isə İrəvan Dram Teatrının tikintisinə ayrılan puldan olub. Dövlət büdcəsindən bu iş üçün ayrılan 11 milyon manatdan 200 min manatı tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarılıb… Və sair…
Hə, az qala unutmuşdum, axı bu nazirlikdə balıq həqiqətən də başdan iylənib, quyruğundan yox…

www.tezadlar.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !