Nizami Muzeyinin ekspozisiyasında Xalq rəssamı Akif Əsgərovun əsərləri yer alıb - (+FOTO=2)

Nizami Muzeyinin ekspozisiyasında Xalq rəssamı Akif Əsgərovun əsərləri yer alıb (+FOTO=2)

Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinin təqdimi, təbliği və tanıdılmasında əvəzsiz xidmətləri olan sənətkar-heykəltaraş, Xalq rəssamı Akif Əsgərovun 80 yaşı tamam olur.

Həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda dəyərli əsərləri ilə tanınan Akif Əsgərovun yaradıcılıq konsepsiyası estetik zənginliyi və obrazların psixoloji ifadəsi ilə seçilir.

Heykəltəraşın müəllifi olduğu əsərlər 1967-ci ildən müxtəlif sərgilərdə nümayiş etdirilir. Onun yaratdığı heykəltəraşlıq nümunələri Rusiyada – Tretyakov Qalereyasında (Hüseyn Cavidin büstü), Misirdə – İskəndəriyyə kitabxanasının portalında (Nizami Gəncəvi və “Xəmsə” heykəl-kompozisiyası) nümayiş olunur. Sənətkarın AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin daimi ekspozisiyasında yer alan əsərləri də vardır. Muzeydə nümayiş etdirilən Cavanşir, Koroğlu, Mehdi Hüseynzadənin büstləri, Xurşidbanu Natəvan və Aleksandr Dümanın birgə təsvir olunan poetik fiquru dəyərli əsərlərdəndir. O, həmçinin muzeyin Elmi şurasının üzvüdür.

Kimyaçı alim Yusif Məmmədəliyevin Bakıda, Nizami Gəncəvinin Moldovanın Kişinyov şəhərində, Mehdi Hüseynzadənin Sloveniyanın Şempas şəhərciyində ucaldılmış heykəlləri müəllifin şəhər heykəltəraşlığının inkişafında əvəzsiz xidmətlərinin bariz sübutdur.

Akif Əsgərov monumental abidələrin xüsusi qrupuna aid bir neçə qəbirüstü xatirə kompleksinin də müəllifidir. O, Azərbaycan tarixinin parlaq simalarından olan Əlimərdan bəy Topçubaşovun qəbirüstü memorial kompleksinin müəllifidir. Rəssamın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun layihəsi əsasında 2006-cı ildə hazırladığı Fransanın məşhur Sen-Klu məzarlığındakı Ə.Topçubaşov qəbirüstü abidəsi kompozisiyalı, relyef xarakterli xatirə-memorial kompleksi kimi heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olub.

Sənətkarın yaratmış olduğu heykəltəraşlıq nümunələri yüksək dövlət mükafatlarına layiq görülüb. Bugünlərdə isə 80 illik yubileyini qeyd edən Xalq rəssamı Akif Əsgərov ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə” 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !