Videomüşavirədə karantin rejimi və kənd təsərrüfatına dair müzakirələr edilib - (+FOTO=3 AZpress.AZ - Mais Ibrahimov)

Videomüşavirədə karantin rejimi və kənd təsərrüfatına dair müzakirələr edilib (+FOTO=3 AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə keçirilən videomüşavirədə karantin rejimi və kənd təsərrüfatına dair məsələlər müzakirə edilib

Ağcabədi Rayon İcra Hakimiyyətində inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videomüşavirə keçirilib. Rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının da iştirak etdiyi müşavirəyə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru videobağlantı vasitəsilə qoşulub.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə koronavirus infeksiyası ilə bağlı ölkədə xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılması, eyni zamanda, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı, xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilən nöqsanlar və kənd təsərrüfatı məsələləri müzakirə edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, xüsusi karantin rejiminin mayın 31-dək qüvvədə qaldığını və bu müddətdə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunduğunu qeyd edən rayon icra hakimiyyətinin başçısı əhalinin sağlamlığının qorunması üçün ərazilərdə dezinfeksiya işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilmiş nöqsanlara toxunun rayon icra hakimiyyətinin başçısı Pərioğullar və Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimatı” pozaraq, öz vəzifə səlahiyyətlərini aşdıqlarını, 1 nömrəli əlavəyə uyğun Arayış (şəxsin rayon daxilində hərəkətinə icazə verilməsi haqqında) əvəzinə fiziki şəxslərə 2 nömrəli Əlavəyə uyğun Arayış (şəxsin rayonlararası hərəkətinə icazə verilməsi haqqında) verdiklərini və buna görə də hər iki nümayəndənin Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 25.2.6 maddəsinə uyğun olaraq vəzifədən azad edilərək, məsələ ilə əlaqədar materialların toplanaraq rayon prokurorluğuna göndərildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Hüsülü və Rəncbərlər kənd inzibati ərazi dairələri üzrə nümayəndələrə kənd ərazisində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsində, dezinfeksiya işlərinin aparılmasında səhlənkarlıq göstərdikləri və torpaqlardan təyinatı üzrə istifadəyə nəzarəti həyata keçirmədikləri üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 25.2.1 maddəsinə uyğun töhmət verildiyini qeyd edib.

Müşavirədə kənd təsərrüfatı məsələlərindən bəhs edilib. Bildirilib ki, yerlərdə çiyid səpini qısa müddətdə başa çatdırılmalı və pambığın kompleks becərilməsinə başlanılmalıdır. Diqqətə çatdırılıb ki, 1500 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanıb.

Videobağlantı ilə müşavirədə iştirak edən Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov pambıqçılıq və baramaçılıq sahəsində görülən işlər barədə məlumat verib.

Sonda rayon icra hakimiyyətinin başçısı müşavirə iştirakçılarına ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əməl olunmasını, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin, eləcə də kənd təsərrüfatı işlərinin davam etdirilməsini tövsiyə edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !