Tap Qaraqoyunlu kəndi, həmçinin Xan Qərvənd kəndi istiqamətində yollar yenidən qurulur - -FOTO=9

Tap Qaraqoyunlu kəndi, həmçinin Xan Qərvənd kəndi istiqamətində yollar yenidən qurulur -FOTO=9

Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi 2 istiqamət üzrə aparılır - cəbhəyanı yaşayış məntəqəsi olan Tap Qaraqoyunlu kəndinə qədər və Xan Qərvənd kəndini əhatə edən istiqamət.
Sözügedən istiqamətlər üzrə yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Çünki yolların bu cür vəziyyətdə olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol dövlət başçısının tapşırığı ilə respublikada bu il təmir və tikintisinə ehtiyac olan yolların siyahısına daxil edilərək burda təxirəsalınmaz tədbirlərin icrasına start verildi.
Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !